Keçid linkləri

-

İKİ DÖVLƏT, BİR MİLLƏTİKSƏ...

Bəlkə də yaxşı haldır ki, müqayisə üçün çox uzağa getməyə ehtiyac yoxdur, hər şey, az qala, bir addımlıqdadır. Bəli, yaxın vaxtlarda Azərbaycanda da seçki olacaq, Türkiyədə də... Hər iksində də parlament seçkisi... Ona görə də elə hey bir fikir beynimi tərk etmir: avropalı ola bilmədik, bəlkə türk olmağı sınaqdan keçirək?

Tam səmimi deyirəm: «Bir millət, iki dövlət» sözləri çox xoşuma gəlir, bundan hətta qürur duyuram. Amma suallar yenə mənə rahatlıq vermir. Elə istəyirəm soruşum ki, bir millətiksə, onda bəs niyə onlar kimi ola bilmirik?

Amma tələsməyin. Əvvəlcə ərz edim ki, «Onlar kimi olmaq» deyərkən, mən nələri nəzərdə tuturam.

ORADA HƏR ŞEY BAŞQA CÜRDÜR...

Əvvəla, Türkiyədə bu qədər həngamənin içində təkrar seçkiyə qərar verdilər. Dedilər ki, qoy, millət bir daha öz qərarını versin... Deməli, nə ölkədəki ağır hərbi-siyasi durum, nə də başqa bir məsələ siyasi spekulyasiyaya əsas oldu. Hər şey millətin öhdəsinə buraxıldı...

Çətin vaxtda koalision hökumət qurmaq mümkün olmadı. Amma nə «beşinci kolon» söhbəti oldu, nə də «milli xainlər» məsələsi... Sadəcə, deyildi ki, partiyalar razılığa gələ bilmədilər. Yox, mən demirəm ki, Türkiyədə partiyaların biri-birinə münasibəti idealdır, amma heç kim durub Deniz Baykal-ı və yaxud da Devlet Bahçeli-ni ciddi şəkildə «beşinci kolon» adlandıra bilməz...

Bu,məsələnin bir tərəfi. Digər aspektlərə gəlincə, orada seçkinin ən maraqlı məqamı onun bitdiyi gündür. Bütün telekanallar ilkin nəticələrin şərhinə baş vurur. Burada siyasətçilərin də deməyə sözü olur, politoloq və sosioloqların da... Amma bizdə...

Siz görməzsiniz ki, tutalım, Bakıda bir şey olsun, Şamaxıda başqa – hər yerdə hər şey eynidir, insanlar «yekdilliklə» bir partiyanı və yaxud da onun namizədini «dəstəkləyirlər». O yeganə partiya da, təbii ki, bizim hakim partiya olur...

Bir dəfə mənə demişdilər ki, seçkiləri təhlil et... Mən qayıtdım ki, bizdə təhlillik bir şey yoxdur, adətən, hamı ya bir adama, ya da bir partiyaya səs verir... Siz görməzsiniz ki, tutalım, Bakıda bir şey olsun, Şamaxıda başqa – hər yerdə hər şey eynidir, insanlar «yekdilliklə» bir partiyanı və yaxud da onun namizədini «dəstəkləyirlər». O yeganə partiya da, təbii ki, bizim hakim partiya olur... Nə isə, bu da məsələnin digər tərəfi. Yox, irəli qaçmıram, amma «ilan vuran ala çatıdan qorxar!» deyiblər. Mən də bu ölkədə çox seçki görmüşəm və elə bu səbəbdən bir az mühafizəkarlaşmışam və dəyişiklik ola biləcəyinə inanmıram...

ƏN BÖYÜK ARZUM...

Bəlkə siz də inanmazsınız, amma bu yaxınlarda, bilirsiniz, nə yazmışdım?

Yazmışdım ki, ən böyük arzum düzgün və demokratik seçkidə hakim partiyanın namizədinə uduzmaqdır! İnanın ki, həqiqətən, bunu arzulayıram!

Yəqin başqaları da bu düşüncəmi bölüşər...

...Bir ara fikirləşmişdim ki, Avropa Oyunlarından sonra hakim partiyanın reytinqi kəllə-çarxa vurar və həmin partiya ürəklənib, demokratik seçki keçirər!.. Amma sonra nə oldu?

Axı dünyada ortastatistik seçici necə düşünür? İşi varsa, dolanışığı varsa, ailə büdcəsində kəsir yaranmırsa, deməli, hökumət yaxşı işləyir!..

Telekanalların birində tamaşaçı «İlk Avropa idman oyunları harada keçirilib» sualına cavab verə bilmədi... Onda mən bir az duruxdum və gördüm ki, yox, bizim ortastatistik seçici elə dünyadakına bənzəyir. Axı dünyada ortastatistik seçici necə düşünür? İşi varsa, dolanışığı varsa, ailə büdcəsində kəsir yaranmırsa, deməli, hökumət yaxşı işləyir!.. Dünyanın bütün adi seçiciləri belə düşünür – onları parıltı, bər-bəzəklə karıxdırmaq elə də asan deyil... Xaricdə heçidman da Azərbaycandakı dərəcədə patriotizm göstəricisi sayılmır. Oranın insanları öyünsə də, ölkələrinin zahiri parıltısıyla deyil, onun gerçək durumu və yaşamağa yararlılıq dərəcəsiylə öyünər...

«ESTONİYA NECƏ ÖLKƏDİR?»

Bircə anlığa bizim Türkiyəni qoyaq bir tərəfə. Demək, Baltik ölkələrinin tarixinə dair bir kitab əlimə düşmüşdü. Sizə deyim ki, qeyri-adi bir şey yox idi – bizdə bir vaxt xanlıqlar olduğu kimi, onlarda da knyazlıqlar olub. Bəs bu gün nə var? Yenə nə «alov qüllələri» var, nə də buna bənzər başqa şey...

Amma insana sayqı var, insana sevgi var və bu, onların başlıca qürur qaynağıdır. Tutalım, «Estoniya necə ölkədir?» – deyə soruşanda öncə insanların rifah səviyyəsindən, hüquq və azadlıqlarından, daha doğrusu, nəyə nail olub, nəyə çatmadıqlarından danışırlar...

Elə bu səbəbdən bir daha qayıdıram bizim suala cavab verə bilməyən tamaşaçımıza. O tamaşaçı məni həm sevindirdi, həm də qanımı qaraltdı. Ona görə sevindirdi ki, gördüm, bizim adi seçici hər yerdə olduğu kimidir... Ona görə qanımı qaraltdı ki, «bəlkə bu dəfə hakimiyyət əsl seçki keçirər» düşüncəm alt-üst oldu. Demək, bəzi arzular çin olmazmış...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG