Keçid linkləri

Təcili xəbərlər

İran danışıqları niyə dayandırdı?


Ali Khamenei
Ali Khamenei

-

BİR ƏLİNDƏ KÖKƏ, BİRİNDƏ QAMÇI...

İranın ali dini lideri Ali Khamenei-nin ABŞ-la danışıqlara qadağa qoyması ilk baxışda bir qədər gözlənilməz xarakter daşısa da, əslində, burada təəccüblü heç nə yoxdur: danışıqların zirvə çağında və konkret razılaşmaların əldə olunduğu bir vaxtda da İranda anti-ABŞ ovqatı bir an səngimək bilmirdi. Hiss olunurdu ki, proses hər an dayana və hətta geriləyə bilər...

Belə ziddiyyətli davranışı, bəlkə də, İran kimi dövlətlərin xislətində axtarmaq lazımdır. Belə ölkələr, adətən, diplomatik partnyor kimi bir o qədər etibarlı və müəyyən olmur. Adama hətta elə gəlir ki, belə ölkələrin siyasətini ağıllı və tədbirli diplomatiya deyil, duyğular yönəldir...

Danışıqlara vadar etmək üçün İrana sanksiyalar tətbiq edildi. Bu sanksiyalar ölkənin iqtisadi durumunu ildən-ilə ağırlaşdırdı, əhalinin rifahı pisləşdi. Amma İrandakı siyasi sistem birbaşa cəmiyyətin rəyindən asılı deyil, çünki cəmiyyət dini hakimiyyətin müəyyənləşdirdiyi çevrədən qıraqda olan hər hansı adamı nə parlament üzvü, nə də prezident seçə bilir. Bu da qəribə və yuxarıdan təyinatlı seçkinin bir növüdür...

İnsanlar, sadəcə, dini hakimiyyətin bəyəndiyi və «məsləhət» gördüyü adamı «seçmək» məcburiyyətindədir. Təbii ki, buna seçki demək mümkünsə...

DÜNYANIN ƏN DÖZÜMLÜ MİLLƏTLƏRİ...

O üzdən hakimiyyətin fikrincə, İran cəmiyyətinin dözüm potensialı hələ tükənməyib. Belə dövlətlərdə hakimiyyət təmsilçilərinin öz cəmiyyətləri haqda deyə biləcəyi və tez-tez söylədiyi söz «millətimiz dözümlüdür» kəlmələridir. Ən böyük tragikomediya isə ondan ibarətdir ki, millətin dözməkdən savayı bir yolu və çarəsi də yoxdur...

Ən böyük tragikomediya isə ondan ibarətdir ki, millətin dözməkdən savayı bir yolu və çarəsi də yoxdur...

İndi ali ruhani hakimiyyət təmsilçiləri deyir ki, elə əvvəldən cəmiyyətdə ABŞ-la danışıqların əleyhdarları vardı. Demirəm ki, onlar yox idi, amma danışıqların ilk uğurlu raundundan sonra xarici işlər nazirinin ölkədə hansı təntənə və qələbəliklə qarşılanması da yadımdadır... Doğrudanmı indi bunların hamısı tam unudulub?

Ali dini hakimiyyətin təmsilçiləri «narazılar» deyərkən, ilk növbədə, özlərini nəzərdə tuturlar – mühafizəkar qanad illərdir nə çıxış yolu tapır, nə də dəyişikliklərə imkan verir... Elə danışıqlara «dur!» deyilməsini də bu meyllərin təzahürü kimi yozmaq olar...

RUSİYA RUHLANDIRIR...

Amma böyük ehtimalla, danışıqların kəsilməsinin xarici səbəbləri də var. İndi İranla Rusiya, az qala, çiyin-çiyinə dayanıb.

Bu günlərdə Rusiyanın İŞİD obyektlərini Xəzər üzərindən vurması hələ gündəmdən düşmür. Düşünürəm ki, bu, Rusiyaya, sadəcə, özünü göstərmək, dünyanın diqqətini yenə özünə çəkmək, kəsə və qaba söyləsək, bir az lovğalanmaq üçün lazım idi. Pis də alınmadı, bunu da etiraf etmək zorundayıq. Hətta bizim ortastatistik azərbaycanlılar da «əşi, Rusiya ilə bacarmaq olar?» deyərək məsələyə öz «məntiq»lərinin möhürünü vurdular...

İran da görür ki, anti-ABŞ cinahı elə də boş, yaxud «perspektivsiz» deyil və burada da vurnuxmaq olar...

Təbii ki, bu durumu İran da izləyir. Bu, dünyadakı real güc balansı haqqında İrandakı təsəvvürləri də formalaşdırır. İran da görür ki, anti-ABŞ cinahı elə də boş, yaxud «perspektivsiz» deyil və burada da vurnuxmaq olar...

Təsadüfi deyil ki, son günlər İran və Rusiya diplomatlarının təmasları çox sıxlaşmışdı. Bunu daha çox Suriya probleminə bağlasalar da, kim təminat verə bilər ki, həmin danışıqlarda başqa məsələlər müzakirə olunmayıb?

İranla Rusiya arasında hər şeyin çox rəvan getdiyini düşünmürəm. Tutalım, Qafqazda onlar həm rəqib, həm də müttəfiqdirlər. Ona görə rəqibdirlər ki, hər ikisi bu regionda öz təsirini artırmaqda maraqlıdır. Düzdür, danmaq olmaz ki, regionun Rusiyanın diqtəsi altında olması da, son nəticədə və prinsipcə, İranın maraqlarına cavab verir. Axı İrana basqılardan başını qaldıra bilməyən və zəif Azərbaycan lazımdır. Bunu da Rusiya təmin edir...

Deyə bilərsiniz ki, məsələn, Orta Asiyada tərəflər əməkdaşlıqdan çox rəqib olduqlarını büruzə verirlər. Amma bunlar bütün hallarda öncəlikli məsələlər deyil. Üstün olan Qərblə İranın və Qərblə Rusiyanın münasibətləridir. Burada isə İranla Rusiyanın əməkdaşlığına çox böyük meydan var...

Qərəz, dünya böyük bir bilinməzlikdə çabalayır – sıx hörülmüş tora bənzəyən bilinməzliyə. Vurnuxduqca o tor əl-ayağına daha çox dolaşır. Amma tamam bədbinliyə də qapılmağa ehtiyac yoxdur. Məşhur bir cizgi filmində deyilən kimi – «müdriklər bütün sürprizlərə hazır olmalıdır».

Başlıcası odur ki, bu gün baş verən olaylarda qeyri-adi də heç nə yoxdur, axı nüvə proqramının İran üçün önəmi əvvəlcədən məlum idi. Bu proqram, ən azı, ölkədəki siyasi rejimin ömrünü on illərcə uzatmaq deməkdir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG