-
Zaur Qurbanlı
Bir neçə gün əvvəl «Əlvida, Lenin» filminə baxdım. Qəşəng filmdir. Əsas da sondakı səhnəyə görə. Bu yazını da yazmağı o səhnəyə baxandan sonra qərara aldım.
Yəqin çoxunuz baxmısınız. Oğlan anasının həyəcan keçirməməsi üçün Almaniya Demokratik Respublikasının dağılmasını, Almaniya Federativ Respublikasına birləşdirilməsini ona demir, maksimum çalışır ki, ona yalanlar deyib sosializmin yaşadığını göstərsin.
O qədər yalan deyir ki, qonşular, bacısı, bacısının sevgilisi bezir artıq. Amma oğlan bezmir. Bir nəfəri xilas etmək üçün yalanı yalana calayır. İzləyici düşünür ki, «bu yalanlar müqəddəsdirmi?».
Sonda həmin o dediyim səhnə göstərir ki, doğrudan da müqəddəsdir. Oğlanın sevgilisi – anasının tibb bacısı oğlanın yalan dediyini qadına izah etməyə çalışır. Bu səhnə ani olaraq görsənir, izləyici bilmir ki, qadın oğlunun yalanlarına inanmağa davam edir, yoxsa tibb bacısının həqiqətlərinə.
MÜQƏDDƏS YALANLARINA MÜQƏDDƏS YALANLA CAVAB VERDİ
Əslində izləyici sona qədər dəqiq bilmir ki, nə baş verdi – qadın hansına inandı. Amma bu yerdə izləyicilər iki yerə bölünür. Mən o izləyicilərdənəm ki, qadının oğlunun dediklərinin yalan, özü də ən müqəddəs yalan olduğuna inandığını hesab edirlər.
Oğlan anasına danışır ki, ADR-in prezidenti istefa verib, məşhur «kosmonavt»ı öz yerinə təyin edib, AFR-dən qaçqınlar gəlib ADR-ə yerləşiblər, buna görə saxta televiziya «xəbərlər» proqramı da yazdırıb anasına göstərir. Artıq taksi sürücüsü işləyən «kosmonavt»ı da bu televiziya «proqram»ına çəkir. Anasına həvəslə danışır. Ana isə ona baxır, başı ilə təsdiq edir. Amma qadının gözlərindəki heyranlıq, oğlunun məhz belə adam olmasından duyduğu məmnunluq, oğluna yalanlarına görə sonsuz təşəkkürlər oxunur. O, tibb bacısına inanmışdı, sadəcə oğlunun müqəddəs yalanlarına bir müqəddəs yalanla cavab verdi: özünü elə göstərdi ki, guya hələ də oğluna inanır. Bir müddət sonra ana ölür. Oğlu isə elə bilir ki, anası axıra qədər ona inandı.
AVROPAYA ALEKSLƏR LAZIMDIR
Bu oğlan – Aleks Şərqlə Qərbi birləşdirir. Totalitar cəmiyyətsiz yaşaya bilməyəcəyini düşünən insanları da anlayır, onlar uğrunda çalışır. Humanizm həqiqətlə yalanın sərhədini silə biləcək gücdə olur. Humanizm həqiqətin fövqündə bir həqiqət olur. Bir insanın vicdanı, insanlığı bunu edir.
Bilmirəm, bəlkə də, indi Avropaya alekslər lazımdır. Vəhşiliyini Avropanın göbəyində nümayiş etdirən Şərqlə Qərbin arasında körpü ata bilən humanistlərə, vicdanlara ehtiyacı var. Avropadakı on milyonlarla müsəlmanın neofaşizmdən, bu dünyada cənnət yaratmış (və ya yaşadan) yüz milyonlarla avropalının isə islam təhlükəsindən qorunmasını təmin etmək, indi dünyada ən çox ehtiyac olan sülhü qorumaq üçün çoxlu aleks lazımdır bizə.
Avropa konservatizmi də öldürə bilir – «Ölü Şairlər Dərnəyi»ndə Neili öldürdüyü kimi. İslam konservatizmi isə gözümüzün qabağında qırıb tökür. Ortada qalanlar isə əksəriyyətdir. Bu əksəriyyət qütblərə doğru itələnib düşmən olmalı deyillər. Tən ortada, dünyanın mərkəzində dayanan alekslər lazımdır ki, bu əksəriyyəti özünə tərəf çəksin, sivilizasiyamızın vətəni Avropanı, beləliklə də, dünyanı xilas etsin.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir