Keçid linkləri

-

POSTNEFT DÖVRÜNƏ İRƏLİ!..

Şüar sarıdan heç vaxt kasadlıq çəkməmişik. Nəyimiz olmasa da, şüarlarımız həmişə bol olub. İndi - ölkənin gələcək iqtisadi yönümü barədə deyilib-yazılanlara diqqət kəsiləndə, buna bir daha inanırsan.

«Postneft dövründə yaşayırıq!» cümləsi sanki bir qəlibə çevrilib. Sadə vətəndaşdan tutmuş jurnalistlərədək hamı dilə gətirir bu cümləni.

Amma fərqinə varanda görürsən ki, postneft dövründə yaşamağımız da, demokratik ölkədə yaşamağımız kimi bir fiksiyadır. İllərlə özümüzü demokratik ölkədə yaşadığımıza inandırmağa çalışdıq... Axırda yalana o qədər inandıq ki, buna şübhə edənləri qınamağa, dünyanı ədalətsizlikdə, «ikili standartlar»da suçlamağa başladıq...

Lap tutaq ki, deyilənlər doğrudur. Postneft dövründə yaşayırıqsa, niyə neftin qiymətinə bu qədər diqqətliyik? Niyə ölkə büdcəsindən hələ də neft qoxusu gəlir?

Bəli, insanlar bir çox hallarda arzu və istəklərini reallıq kimi qələmə verirlər.

Düşünmək olardı ki, bu, da azərbaycanlıların arzusudur. Amma arzuların özəlliyi və gözəlliyi ondadır ki, onların gerçəkləşməsindən ötrü daim əlləşib-vuruşur, nəsə etməyə və arzuları bir az da yaxınlaşdırmağa cəhd göstərirlər.

İNZİBATİ CƏNGƏLLİK

Bəs Azərbaycanda necə davranırlar? Düşünmək olardı ki, iqtisadi böhran hökuməti ciddi islahatlar aparmağa vadar edəcək. Amma əvəzində nə etdilər? Yeni-yeni strukturlar yaratdılar, bir strukturun səlahiyyətlərini alıb o birinə verdilər. Nəticədə də qarmaqarışıqlıq və cəngəllikdən savayı bir şey yaranmadı.

Hər məsələ ilə bağlı bir struktur yaratmaq və ona gurultulu ad vermək, əslində, avtoritar sistemin lider və məmurlarına xas özəllikdir.

«İndi Azərbaycanda əsl inzibati cəngəllik yaranıb!» – desək, elə də ifrata varmarıq. Amma insanlar çox şeylərin sadələşəcəyinə, bürokratik maneə və qadağaların azalacağına ümid bəsləyirdilər. Elə hökumətin ilk mesajları da buna inanmağa sövq edirdi.

Di gəl, hər şey tərsinə oldu. Düzdür, hökumət adamları bunu etiraf etmir və xeyli iş görüldüyünü deyirlər. Amma iş varsa, niyə onun nəticəsi yoxdur? Niyə narazılıqlar azalmaq əvəzinə, bir az da artır?

Qeyri-neft sektorunun inkişafından ötrü hər şeyin edildiyi deyilir. Şəxsən mənetiraf edirəm ki, qeyri-neft sektoru asan məsələ deyil. Əslində bu sektor həmişə olub, amma məsələ bundadır ki, nə nəticə verib? Onun büdcədə və ÜDM-də çəkisi nəyə bərabərdir?

Bu gün ölkədə inhisarçılıq və korrupsiya baş alıb gedir. Siyasi azadlıqlar kimi, iqtisadi azadlıqlar da boğulur. Hökumətin «profilaktik» tədbirləri - yüzlərlə, bəlkə də minlərlə rüşvətxorun içindən birini seçib cəzalandırmaq durumu kökündən dəyişə bilmir. Məmur-vətəndaş təmaslarının minimuma endirilməsi də nəticə vermir, qanunlardan yan ötməyə həmişə bir yol tapılır...

ÇÖKÜŞ «YUXARI»LARDAN BAŞLANIR...

Niyə belə olur? Demirəm ki, bu vaxtadək ölkədə heç bir iş görülməyib.

Sadəcə, avtoritar siyasi sistem çərçivəsində yalnız bu qədər nəticə əldə edilə bilər. Avtoritar sistemi nə qədər effektivləşdirmək mümkünsə, edilib. Bundan sonra bütövlükdə sistemin özünün islahatı gündəmə gəlməli və siyasi sistemin islahatları başlanmalıdır...

Əks təqdirdə, postneft dövrünün, sadəcə, bir «acılımı» olacaq - insanların güzəranı pisləşəcək və kasıblıq artacaq, ölkənin gəlirləri kəskin şəkildə aşağı düşəcək və belə vəziyyətdə «postneft dövrü» ifadəsi yalnız xronoloji məzmun kəsb edəcək.

Digər neft ölkələrinin də təcrübəsinə baxmaq lazımdır. Bu təcrübə ölkədəki durumu düzəltməyə yardımçı ola bilər, yoxsa sözlər məzmundan qoparaq şüarlara çevriləcək...

Bu yerdə bir detalı xatırladım. Sovetlərin vaxtında bizi partiya qurultaylarının materiallarını oxumağa, olur ki, onları konspektləşdirməyə vadar edirdilər.

Qərəz, sözüm bunda deyil. Demək istədiyim odur ki, hər partiya qurultayında elektronikanın inkişafı vurğulanır, di gəl, heç nə alınmır və sovetlər birliyi bu sahədə axsamaqda davam edirdi. Niyə belə olurdu?

Məsələ bunda idi ki, sistem həvəs oyatmır, texniki və iqtisadi innovasiyaları stimullaşdıra bilmirdi. Böyük təbii resurslar olsa da, onların sahibi yox idi. O üzdən heç kim həmin resurslardan qənaətlə və səmərəli yararlanmağı düşünmürdü.

İndi kiçik Azərbaycanın da təbii resursları böyük, iqlimi əlverişlidir və bu da hamını tənbəlləşdirir. İlk növbədə məmurlar və hökumətin özü tənbəlləşir.

Amma dünya sürprizlər dünyasıdır. Azərbaycan neft dövründən qaz dövrünə sıçramaq istəmirdimi? Ölkə bir çox layihələri dayandıraraq əsas gücünü böyük qaz layihəsinə verməmişdimi?Di gəl, neft savaşı bitmədən, bu dəfə də qaz savaşının anonsu verildi - Rusiya qazının qiymətini ucuzlaşdırmaq, onun bazarını daraltmaq üçün ABŞ sıxılmış qazla dolu ilk tankerini Avropaya yolladı...

Düzdür, Azərbaycanın dünya bazarına qaz çıxarmasına hələ bir neçə il var, ovaxtadək durum düzələ bilər. Amma bir nəticə var ki, onu dilə gətirməyə bilmirəm – artıq əsr təbii resurslar deyil, texnologiyalar əsridir. Bacaran irəli gedər, bacarmayan özündən küsər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG