Keçid linkləri

Təcili xəbərlər

Qarabağ problemi: «Putin planı»nın bilinənləri...


R.T.Erdoğan və V.Putin
R.T.Erdoğan və V.Putin

JURNALİSTLƏR TƏLƏSİR, SİYASƏTÇİLƏRSƏ...

Getdikcə normallaşan Türkiyə-Rusiya münasibətlərində yeni-yeni məqamlar aramaq indi adi bir haldır. Rusiyanın baş naziri D.Medvedev, hələlik, yalnız turizmlə bağlı razılaşdıqlarını desə də, jurnalistlər və siyasi təhlilçilər sanki prosesi sürətləndirməyə və iki ölkə arasındakı anlaşmanı başqa sahələrə də şamil etməyə tələsirlər...

Bu günlərdə belə bir xəbər yayıldı ki, Türkiyə hökuməti Rusiyaya Suriyadakı hərbi əməliyyatlarda İncirlik hərbi bazasından yararlanmağı təklif edib. Bu, ona görə maraqlı idi ki, Suriya probleminə baxışda Türkiyə ilə Rusiya arasında hələ də böyük fərqlər qalır. Amma barışın həmin fərqləri də azaldacağını düşünmək çox təbii olardı.Düzdür, öncə Rusiya prezidentinin sözçüsü D.Peskov, daha sonra da Türkiyə Xarici İşlər Nazirliyi İncirlik hərbi bazası ilə bağlı deyilənləri yalanladılar. Ancaq bir etiraf maraq doğurdu: Gündəmdə buna bənzər başqa məsələ var – Türkiyə öz hava məkanını Rusiyaya təklif etmək istəyir. Həttaki, prezidentlərin görüşündə bu məsələ ilə bağlı razılaşma olacağı da istisna edilmir...

AXIR Kİ, TÜRKİYƏ DƏ YADA DÜŞDÜ...

Bütün bunlar çox mühüm məsələlərdir və təbii ki, hər biri ayrıcadiqqətə layiqdir. Di gəl, Türkiyə yalnız bu məsələlərlə gündəmə gəlmir. Yenə elə bu günlərdə bəlli oldu ki, V.Putin-in Qarabağ probleminin nizamlanmasına dair yeni planında Türkiyəyə də xüsusi bir yer ayrılır...

Doğrusu, mənim diqqətimi də özəlliklə bu məsələ çəkdi, axı indiyədək Türkiyəni Qarabağ problemindən kənarda saxlamağa çalışırdılar. Demək, durum dəyişir. Rusiya hökuməti, xüsusən prezident etiraf edir ki, nizamlanma prosesində Türkiyə də mühüm rol oynaya bilər.

Təbii ki, Türkiyənin iştirakını aktuallaşdıran iki mühüm detal var. Birincisi budur ki, Rusiyanın Ermənistana təsiri olduğu kimi, Türkiyənin də Azərbaycana təsiri var. Rəsmi Bakı da bu təsiri inkar etmir və hətta onu bir çox hallarda bilərəkdən daha da qabardır.

Rusiyada anlayır ki, Bakını razı salmaq üçün Türkiyədən yararlanmaq olar və elə bu səbəbdən də «yeni Putin planı»na Türkiyənin dəstəyini təmin etməyə cəhd göstərir. Bir daha deyirəm, bu, Rusiya üçün çox vacibdir.

İndi Rusiyaya problemi çözməkdən ötrü sanki kart-blanş verilib. Hətta ATƏT-ə sədrlik edən Almaniya kansleri A.Merkel də deyir ki, Qarabağ probleminin çözülməsində Rusiya daha çox iş görə bilər. Elə ABŞ da bu missiyaya dəstək verməyə çalışır...

Ancaq gündəmdəkilər bununla da bitmir. Ortalıqda kommunikasiyaların açılması və ya blokadaların götürülməsi söhbəti də var.

Aydındır ki, Rusiya nizamlanma prosesinin lap ilk mərhələlərindən bəri Ermənistana blokadanı götürməyə nail olsa, bu, həm onun böyük uğuru sayıla, həm də Ermənistanı bir az şirnikləndirə bilər. Niyə? Çünki nizamlanma prosesində hamı özünə daha çox güzəşt qoparmağa çalışır. Blokadanın götürülməsi isə çox ciddi dərəcədə həm də Türkiyədən asılı məsələdir.

Amma Türkiyənin qərarı da bəlli mənada Azərbaycandan asılıdır. Təbii ki, Türkiyənin də cəlb olunması o vaxt məsələyə dinamizm gətirər ki, plan Azərbaycanın maraqlarına cavab versin və rəsmi Bakı ona «hə» desin. Bəs bu sahədə vəziyyət necədir? Bakı «yeni Putin planı» haqqında nə düşünür?

«MÖHKƏM ARALIQ STATUS» LAP ARANI QATIB...

Əvvəlcə onu deyim ki, «yeni Putin planı» «mərhələli həll» variantı ilə «paket həll» variantlarını birləşdirmək təşəbbüsüdür. Yada salaq ki, Azərbaycan bu vaxtadək problemin mərhələli həllində, Ermənistansa paket variantında dirənirdi. Ermənistan Dağlıq Qarabağın statusunun da öncədən müəyyənləşdirilməsini istəyirdi. Rusiya prezidenti indi bu iki mövqeyi barışdırmağa və bir növ onları birləşdirməyə çalışır.

Planda əvvəlcə 5, daha sonra isə 2 rayonun azad olunması və buna paralel olaraq, Dağlıq Qarabağa «möhkəm aralıq status» verilməsi nəzərdə tutulur. Bu status yekun status deyil və yekun statusu indilik vaxtı qeyri-müəyyən qalan referendumda müəyyənləşdirmək təklif olunur. Amma bu da «möhkəm aralıq status»la bağlı qaranlıq məqamları azaltmır. Təəssüf ki, «möhkəm aralıq status» deyəndə nə nəzərdə tutulduğunu bütün təfərrüatları ilə aydınlaşdırmaq mümkün deyil – axı danışıqların detalları tam açıqlanmır. Amma bəzi mülahizələrə görə, «möhkəm aralıq status» Dağlıq Qarabağı Azərbaycanın tərkibində nəzərdə tutmur. Rəsmi Bakı isə istəyir ki, Dağlıq Qarabağ, formal da olsa, Azərbaycanın tərkibində olsun. Elə narazılıq yaradan və Bakını tərəddüdlərə sövq edən əsas məqam da budur. Ermənistana gəlincə, bu ölkə, əvvəllər olduğu kimi, azad olunacaq rayonların müqabilində Azərbaycandan daha çox güzəşt qoparmağa çalışır...

Qərəz, durumun ümumi cizgiləri belədir. Hələlik, eyforiyaya elə bir əsas yoxdur. Peterburq görüşündən sonra Bakı rəsmiləri dərhal ortada şifahi razılaşmanın olduğunu və əvvəlcə 5 rayonun, daha sonra isə 2 rayonun azad olunacağını bilirsələr də, Ermənistanla Rusiyanın rəsmi qaynaqları bu haqda deyilənləri çox fəal şəkildə yalanladılar və bu bir yana, hətta diplomatiyaya çox da xarakterik olmayan kəskin ifadələrdən də istifadə etdilər...

Bunları bir daha ona görə xatırladıram ki, son 2 yüksəksəviyyəli görüşün nəticəsinə göz ataq; bəli, hələlik, nəinki yazılı, heç ciddi şifahi razılaşma da yoxdur. Proses gedir və Rusiya fəal şəkildə problemi öz baxış və ssenarisi əsasında çözməyə çalışır. Və bir daha deyirəm ki, bu məsələdə hətta Türkiyənin dəstəyindən də yararlanmaq istəyir...

BU DƏFƏ DƏ ALINMASA...

Bəs prosesin gələcək dinamikası necə görünür? İki həll variantını birləşdirməyi nəzərdə tutan plan da qəbul olunmasa, onda məsələnin uzunmüddətli diplomatik dalana dirənəcəyini və hərbi ssenarilərin bir az aktuallaşacağını iddia etmək elə bir politoloji və siyasi fəhm tələb etmir –hər şey göz önündədir...

İndi hər iki tərəf üçün aralıq bir variant hazırlamağa cəhd göstərilir. Qəbul ediləcəkmi? Təəssüf ki, nə «hə», nə də «yox» deyə bilmirik, hər şeyi yaxın gələcək göstərəcək...

O ki qaldı Türkiyənin prosesdə iştirakına, bir daha deyirəm ki, bu, önəmli dərəcədə Azərbaycanın qərarından asılı olacaq. Aydındır ki, Türkiyə heç bir halda Azərbaycanın qəbul etmədiyi, onun maraqlarına cavab verməyən ssenariyə dəstək verməz...

Amma bütün hallarda Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması Azərbaycanın xeyrinədir. Bununla ölkə iki güc arasındakı «arakəsmə»də sıxılmaqdan canını qurtarır.

Üstəlik, Türkiyə ilə normal münasibətlər Rusiya diplomatlarının dilinin acısını bir az azalda və onları öz münasibətlərinə, hətta ritorikalarına bir azca şirinlik qatmağa yönləndirə bilər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG