Keçid linkləri

Təcili xəbərlər

Gələnlərin gedənlərə oxutdugu “rəhmət”​


Azərbaycanda fəaliyyət göstərən telekanalların loqotipləri.
Azərbaycanda fəaliyyət göstərən telekanalların loqotipləri.

-

Günel Mövlud
Günel Mövlud

Son həftəni bir azərbaycanlı ailənin evində keçirdim. Buna görə də, özləri 3-4 nəsil Gürcüstanda yaşayıb, ürəkləri və beyinləri Azərbaycanda olan bu ailənin yerli telekanalları iqnor edib, Azərbaycan televiziyasına baxmağı `ilə barışmalı oldum. Məcburən mən də, 3-4 illik fasilədən sonra aradabir azərbaycan telekanallarına baxmağa başladım.

Heç 4-5 il əvvəl də telekanallarımız barədə yüksək fikirdə deyildim. Kanallarımızın efir siyasəti artıq uzun illərdir ki, əsaslı deqradasiyaya uğrayıb. O zaman daha artıq deqradasiya da mümkünsüz görünürdü. Sən demə yanılırammış. 3-4 illik fasilədən sonra yenidən telekanallarımıza baxanda, fərqinə vardım ki, indi gördüklərimin yanında bir neçə il əvvəl göstərdikləri olduqca səviyyəli şeylərmiş. Bir az da düşünəndə, qərara gəldim ki, yox, ümumiyyətlə, çox səviyyəli şeylərmiş.

Telekanallarda eynilik o həddədir ki, hərdən mənə elə gəlir, yarım saat əvvəl baxdıqlarımı təzədən göstərirlər.

Məğzindən asılı olmayaraq, bütün siyasi-ictimai müzakirələr, şoular yoxa çıxıb. Şəhər və ya kənd olsun, insanların hansısa problemini işıqlandıran verilişlər yoxdur. Sanki, ölkədə problem deyilən şey yerli-dibli yoxdur.

Gün uzunu belə oturub, televizora baxsan, adları və sifətləri arada dəyişsə də, oxuduqlarının janrı, ovqatı, keyfiyyəti dəyişməyən mügənnilərdən, mətbəx və toy verilişlərindən, nəhayət, nadir hallarda hakimiyyətin daxili və xarici siyasətinin tərifinə köklənmiş “müzakirələr”dən savayı nəsə görmək mümkün deyil. Telekanallarda eynilik o həddədir ki, hərdən mənə elə gəlir, yarım saat əvvəl baxdıqlarımı təzədən göstərirlər. Yarım saat əvvəl efirdə görünən müğənni yenə görünür. Yenə eyni mahnını oxuyur. Özü də müşahidə edirəm ki, deyəsən, əvvəlki kimi həvəslə oxuyub eləmirlər. Elə bil, zorla tutub gətirirlər verilişə.

Buna da bax: Əli Kərimli: "Elan etmədiyimiz mitinqi bizimlə birgə keçirmək istəyi başadüşülən deyil"

Bəli, nə etmək olar, çətin zamanlar başlayır. Birazdan xalqda pul azalacaq, dəbdəbəli toyların sayı, toylarda xərclənən pulların məbləği azalacaq. Əvəzində, xərclənən miqdarın qarşılığında göstərilən xidmətə qarşı tələb artacaq. Əvvəl yarım saat fonoqrama 4-5 mini eləcə, müğənninin adına, məşhurluğuna verən adamlar birazdan hər qəpiyin hesabını çəkəcəklər. Buna görə də, daha efirə ətək-ətək pul verib, məşhurlaşmağın bir mənası qalmayacaq. Amma onda da dövlətçilik naminə gündə telekanallarda çıxıb, oxumaq lazım gələcək. Deyəsən, həvəssiz görünən müğənnilər bunu başa düşürlər.

ANS bağlanandan sonra nəinki ölkədə, dünyada baş verən bir çox hadisələr belə “nə olar, nə olmaz” deyibən, gizlədilir.

Mügənnilər oxumayanda da, oturub, danışırlar. Üzünə, danışıq tərzinə, savadına, davranışına baxırsan, düşünürsən ki, bu adam nəinki verilişdə, ümumiyyətlə niyə danışır ki? Niyə danışmalıdı bu leksikonun, bu mədəniyyətin, bu ağlın yiyəsi. Amma oturub danışırlar. Özü də ağıllı-ağıllı danışırlar. Arada hətta fəlsəfi sözlər də işlədirlər. Xalqa dərs keçirlər. Yazıq xalq. Yazıq millət. Yazıqlar. Vallah, yazıqlar. İnsanları daha necə təhqir etməlidirlər ki? Qaşlarının tatusu, doqaqlarının, döşlərinin silikonu, yanağınını botoksu, gözünün linzası, minisi, dekoltesi ürək bulandıran müğənni xalqa təbiilik dərsi keçir. Bayramlarda “hədiyyə lazım deyil, pul gətirin” deyən müəllimələr xalqa mənəvi dəyərlərdən danışır. Haqqı olan arayışı rüşvətlə verən məmur xalqa dürüstlükdən danışır. Xalq da oturub, baxır.

Xəbər məsələsi ümumiyyətlə, superdir. Azərbaycan televiziyaları informasiya ötürməkdə, xəbər çatdırmaqda analoqsuz metodlar kəşf edirlər. Azad olmayan bütün cəmiyyətlərdə necə insanlar - ziyalılar, alimlər, yazıçılar, siyasətçilər, məmurlar, hətta sadə insanlar nəsə deməmək üçün danışırlarsa, yerli televiziyalarımızda da məhz xəbər verməmək üçün xəbər verirlər. ANS bağlanandan sonra nəinki ölkədə, dünyada baş verən bir çox hadisələr belə “nə olar, nə olmaz” deyibən, gizlədilir. Azərbaycan telekanallarındakı xəbərlərə, o xəbərlərin məzmununa, çapına-filana baxanda arif adam o dəqiqə düşünür, görəsən nə baş verib ki, onu deməmək üçün bu xəbəri deyirlər. “Bu il zoğal bol gətirib”, “Qubada almalara qurd düşüb”, “Gülən pişik sosial şəbəkələrdə rekord qırıb”. Şəxsən mən belə xəbərlər görəndə, başa düşürəm ki, o zoğalın, o almanın, o pişiyin arxasında nəsə başqa söhbət var...

Buna da bax: "Təqsirləndirilən teatr direktoru Heydər Əliyevdən sitat gətirdi"

Amma ən superi gecəyarısı, ya da səhər dörddə, beşdə göstərilən verilişlərdi.

Amma ən superi gecəyarısı, ya da səhər dörddə, beşdə göstərilən verilişlərdi. Dörd nəfər saçı “ukladka”lı, üzü boyalı, yaxası krujevalı yaşlı qadın, ya beş nəfər kostyumlu, qalstuklu, lak ayaqqabılı yaşlı kişi studiyada oturub, ciddi-ciddi danışırlar. Həyacandan nəfəsləri kəsilir. Bir-birinin sözünü kəsə-kəsə danışırlar. Az qalır ürəkləri partlasın. Gecəyarı oyanıb, təsadüfən televizoru açan olsa, bu rəsmi, çox rəsmi adamların entuziazmını, belə ciddi-ciddi nəyisə müzakirə etdiyini görüb qorxar ki, yəqin iki qonşu ölkə ikisi də birdən bizə hücuma keçib. Yoxsa saat dörddə kostyumlu, ukladkalı, boyalı kişilər və qadınlar azərbaycanlıların vətənpərvərlik əzmindən, tarixən döyüşkən xalq olmağımızdan, yağı düşmənə qan uddurmağımızdan niyə danışsın ki? “O olmasın, bu olsun”un qəhrəmanı demişkən, “...bunu başqa bir zamanda etmək, daha caiz deyildimi?”

Qədim zamanlarda bir dəyirmançı varmış. Bu adam əlahiddə xəsisliyi ilə tanınırmış. Baha qiymət oxuması bir yana, üstəlik, dən üyütməyə gələnlərdən pulu əvvəldən, hələ dəni üyütməzdən əvvəl alırmış. Bütün həndəvərin bu adamdan zəndeyi-zəhləsi gedirmiş.

Ay ötür, il dolanır. Dəyirmançı qocalıb, ölüm yatağına düşür. Son vəsiyyətini edəndə, oğluna deyir ki, bircə şeydən qəlbim niskilli gedirəm: xalqa o qədər zülm eləmişəm, mənə “rəhmət” oxuyan olmayacaq. Oğlu da bir az fikirləşib deyir ki, ata, heç ürəyini sıxma, rahat get o dünyaya. Mən sənə rəhmət oxudacam.

Dəyirmançının oğlu atasını dəfn edib, iş başına keçir və haqqı dən dolu arabalar dəyirmanın həyətinə girməmiş istəməyə başlayır. Camaat da yüngülvari koqnitiv dissonans keçirib, deyir ki: bu necə adamdı, bunun rəhmətlik atası haqqını heç olmasa, araba həyətə girəndən sonra istəyirdi.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Ən son yazılan

XS
SM
MD
LG