Keçid linkləri

Təcili xəbərlər

Seçki oldu, amma Rusiya üslubunda...


2016-cı il Rusiyada Duma seçkiləri zamanı səsvermə məntəqəsi.
2016-cı il Rusiyada Duma seçkiləri zamanı səsvermə məntəqəsi.

BU DƏFƏ DƏ “SEÇİLMİŞLƏR” SEÇİLDİ...

Rusiyadakı Duma seçkiləri heç kimi təəccübləndirmədən və xüsusi bir maraq oyatmadan başa çatdı. Düzdür, yerli mətbuat prosesi diqqətdə saxlamağa cəhd etdi, amma hətta ötəri bir baxış yetirdi ki, başa düşəsən: insanlar bu seçkilərdən elə bir sürpriz gözləmir və ona sadəcə, təqvim üzrə baş verən adi bir siyasi olay kimi baxırlar. Hər halda, kimə olmasa da, bizə bu ovqat tanış olmalıdır – neçə illərdir ki, Azərbaycanda da seçkilər eyni ovqat yaradır, insanlar ən yaxşı halda biri-birinə ironiya ilə “Seçkiyə gedəcəksənmi?” deyir. Heç cavabı da gözləmirlər, cavab demək olar ki, həmişə bəlli olur...

Lazımi seçici sayı daha çox avtroitar regionların – “müsəlman federasiya subyektləri”nin hesabına təmin olundu.

Elə Rusiya seçkilərinə də bu “nöqtə”dən toxunmaq istərdik. Hamının diqqətini çəkən seçici fəallığının aşağı olması oldu. Lazımi seçici sayı daha çox avtroitar regionların – “müsəlman federasiya subyektləri”nin hesabına təmin olundu. Bunu biz demirik, Rusiya mətbuatı özü belə yazdı. Amma hakimiyyət bu sarıdan özünü çoxdan və etibarlı şəkildə sığorta edib – seçkinin baş tutması üçün seçicilərin sayının elə bir əhəmiyyəti yoxdur. Pozuntulara gəldikdə isə, onlar haqqında da çox danışıldı, amma elə Azərbaycanda olduğu kimi, “Kiçik pozuntular olub, amma bunlar seçkinin nəticələrinə təsir etməyib” deməklə bunun da üstündən sakitcə sovuşdular...

Bəs özümüz bu seçkilər haqqında nə deyə bilərdik? Dumaya seçkilərlə bahəm regionların başçıları da seçildi. Bir detal xüsusi diqqəti çəkdi. Demək olar, bütün regionarda elə həmin regionların başçısı vəzifəsini müvəqqəti icra edənlər (ruslar demişkən: vrio-lar!) “seçildi”. Bu detalın özü bir daha göstərir ki, ölkə özünün avtoritar ənənələrinə sadiqdir – hakimiyyətdə olan və hakimiyyətin sükanını öz əlində saxlayan “seçilir”...

“ADMİNİSTRATİV RESURSLAR” MƏSƏLƏSİ...

...mən həmin bu “administrativ resurs” terminini yalnız avtoritar ölkələrdəki seçkilərə tətbiqən eşitmişəm.

Düzdür, deyə bilərlər ki, burada təəccüblü nə var? Bu adamların ən azı adiministrativ resursları var... Amma sizi inandırıram ki, mən həmin bu “administrativ resurs” terminini yalnız avtoritar ölkələrdəki seçkilərə tətbiqən eşitmişəm.

Demokratik ölkələrdə əgər aşkar olsa ki, hakim partiya və ya hakimiyyətdə olan şəxs seçkidə hakimiyyət resurslarından və yaxud da dövlətin imkanlarından özü məqsədi üçün istifadə edib, bu, böyük siyasi qalmaqala səbəb ola bilər...

Buna da bax: Hərbi ekspert: 'Biz Bakıdan, Gəncədən, Mingəçevirdən muğayat olmalıyıq'

Burada bir detalı da qeyd etmək istərdim. Əslində hakimiyyətdə olmaq seçki prosesinə yardımçı ola bildiyi kimi, problem də yaradır. Təbii ki, bu amil hər şey qaydasında olan ölkədə müəyyən müsbət dividendlər gətirir, əks halda isə problemlər yaradır. Təsadüfi deyil ki, hakim partiya bülletenlərdə üzvlərinin vəzifələrini yazmaq əvəzinə onları sadəcə, “Vahid Rusiya” partiyasının üzvü kimi göstərmişdi.

PUTİN ÖZÜ İLK DƏFƏ NECƏ PREZİDENT OLMUŞDU?..

Deyirlər ki, prezident Vladimir Putinin reytinqi yüksəkdir. Olsun. Biz də bunu etiraf edirik. Amma bununla bahəm bir qədər keçmişə, onun ilk dəfə prezident seçildiyi dövrə qayıtmaq istəyirəm. O anı çox yaxşı xatırlayıram. O vaxt Putin hökumətə başçılıq edirdi. Federal qoşunlar Çeçenistanda uğurlu əməliyyat keçirmişdilər. Mən o vaxt yazmışdım ki, Rusiyada vaxtından əvvəl hakimiyyət dəyişikliyi baş verəcək, çünki federal hökumətin və eləcə də hakim siyasi qüvvənin bu fürsəti əldən verməyəcəyi aydın idi. Üstəlik, elə vaxt idi ki, Boris Yeltsin hakimiyyətdən daha çox öz qocalığı haqda təminatlar haqqında düşünürdü. Elə də oldu, Yeltsin vaxtından əvvəl istefa verdi və Rusiyanın ilk prezidenti kimi hüquqi toxunulmazlıq qazandı, Putin isə tezliklə prezident oldu...

2018-ci ildə Rusiyanın valyuta ehtiyatları tükənəcək və o vaxt artıq ölkə iqtisadiyatının müvazinətini həmin ehtiyatları xərcləməklə saxlamaq mümkün olmayacaq...

Ona görə də mən bu gün regionlardakı seçkilərə elə də təəccüblənmirəm – bütün avtoritar ölkələrdə olduğu kimi, Rusiyada da artıq hakimiyyətdə olanlar “seçilirlər”. O ki qaldı Vladimir Putinin reytinqinə, düzdür, Krım var (bu bölgənin də adamları seçkidə iştirak ediblər!), amma hamı, elə ilk növbədə də rusiyalı analitiklər bir məqama diqqət yetirirlər: 2018-ci ildə Rusiyanın valyuta ehtiyatları tükənəcək və o vaxt artıq ölkə iqtisadiyatının müvazinətini həmin ehtiyatları xərcləməklə saxlamaq mümkün olmayacaq...

BİR DAHA RUSİYA AVTORİTARİZMİNİ ÇÖZƏNDƏ...

Reytinq məsələsi başqa tərəfdən də maraq doğurur. Bu yaxınlarda avtoritarizm haqqında yazımda Rusiyada hökm sürən siyasi sistemi xarizmatik avtoritarizm kimi səciyyələnidirmişdim. Amma daha diqqətli təhlillər göstərir ki, Rusiya da çoxdan institusional avtroritarizmə adlayıb. Xarizmatik avtoritarizm daha çox rusların “çar Boris” adlandırdığı Boris Yeltsinin dövründə mövcud idi. O vaxt ölkədəki siyasi qaydalar və prosedurlar daha demokratik idi və avtoritarizm daha çox Yeltsinin nüfuzu formasında təzahür edirdi.

Buna da bax: Neft tükənir.. Azərbaycan qazla "qaz vurub, qazan doldura" biləcəkmi

Putinə gəldikdə, onun birinci dəfə necə prezident olmasını bir az əvvəldə xatırlatmışdım. Sadəcə, bu adam hakimiyyətə gələndən sonra bütün siyasi “rıçaq”lar bir istiqamətə – onun xarizmasını yaratmaq istiqamətinə yönəldildi. Digər məqamlar da yaddan çıxmadı, prosedurlar və qaydalar sərtləşdirildi, ölkə “vint”lərin bərkidilməsi dövrünə qədəm qoydu. Təbii ki, bütün bunlar başqa adla, qayda-qanun yaratmaq, oliqarxların özbaşnalıqlarına son qoymaq adı ilə edildi, amma mahiyyət bir idi – Rusiya ilk qısa demokratiya dövründən uzun sürəcək avtoritar mərhələyə qədəm qoydu...

Əslində təkcə bir məsələ, Putin–Medvedev siyasi tandemi (buna bəzən ruisyasayağı “siyasi rokirovka” da deyirlər!) və hakimiyyətə gah birinin, gah da o birisinin gəlməsi, hakim partiyanın ölkə siyasətini öz maraqlarına nə dərəcədə tabe etməsinin bariz nümunəsidir. Bu nümunə digər məsələləri – ölkədə siyasi mobilliyin olmamasını, Dumanın siyasi spektrinin demək olar ki, dəyişməməsini və nəticəsi irəlicədən bəlli olan seçkiləri bir növ ikinci dərəcəli məsələlərə çevirir. Çünki bunlar səbəb deyil, artıq nəticədir. Səbəb isə birdir: Rusiyada azadlıq və demokratiya axtarmağa dəyməz...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG