Əslində, bu yazını bir həftə əvvəl də yaza bilərdim. Hadisə hələ öz istiliyini itirmədən, müzakirələr soyumadan... Amma yaza bilmədim. Sonsuz bir heyrət yazmaq istəyimi üstələdi və mən bir həftədən çoxdur ki, düşünürəm. Düşündükcə heyrətlənir və heyrətləndikcə, düşünürəm. Təxminən bir həftə əvvəl şair Rüstəm Behrudi Yazıçılar Birliyindən getdiyini bəyan elədi. Ona görə ki, sözügedən qurum onu ad günü, yubileyi münasibətilə təbrik etməyib.
Sadəcə dəhşətdir. Lütfən, çox xahiş edirəm, icazə verin, mən bir az heyrətimi ifadə edim. İnanın ki, buna dəhşətli dərəcədə ehtiyacım var. İcazə verin, mən bir şairin, xalqın bir ziyalısının, ömrünün böyük bir hissəsini yaşamış, həyatdan alacağını almış, verəcəyini vermiş bir ağsaqqal şairin ad günü davası eləməyinə əlahiddə dərəcədə heyrətlənim.
Bu adamlar necə yaşayıb, bu adamlara harda, kimlər, necə, hansı həyat dərsi keçiblər? Nə öyrədiblər bu adamlara, o necə dövr olub ki, ordan belə adamlar çıxıb?
Tək Rüstəm Behrudinin yox, onun timsalında ədəbiyyatı ev, bağ, maşın, mandat, titul, vəzifə üçün vasitə hesab edən, ədəbiyyatın əzabını, iztirabını çəkmək bir yana dursun, belə bir iztirabın mövcudluğundan da xəbəri olmayan, ədəbiyyatın ancaq və ancaq çörəyini yeyən onlarla yazıçıdan, şairdən, ziyalıdan, bütün bir ədəbi nəsilə heyrətlənim. Uca kosmos, Uca Yaradan, otuz min hind allahı, Ulu Şirvinin ruhu, bu nə ədəbi nəsildir, bu nə ədəbi tayfadır, qəbilədir, bu nə insanlardır axı? Bu adamlar necə yaşayıb, bu adamlara harda, kimlər, necə, hansı həyat dərsi keçiblər? Nə öyrədiblər bu adamlara, o necə dövr olub ki, ordan belə adamlar çıxıb?
Buna da bax: Deputat: 'Hökumət həbslərdə bəzi məsələləri nəzərə almalıdır'
Deməli, hələ mən gördüyüm qədərilə, 20 ildir Yazıçılar Birliyi dövlətin büdcəsini mənasız ədəbiyyat qəzetlərinə, tamadalıq mətnləri ilə dolu jurnallara, “İki “a”nın içinə bir “t”hərfi giribdi” şeirinin müəllifi kimi adamlara təqaüdlərə, maaşlara xərcləsin. Yazıçılar Birliyinin üzvləri müstəqil gənc yazarlara “lümpen” desin. Birlik olaraq öz qələm dostları 80 yaşlı Əkrəm Əylislini linç eləsinlər. Birlik deyilən qurum ölkədə baş verən bütün zırıltıya sussun, dinəndə də insanları məddahlığa çağırsın.
...şeirində yerlə-göylə əlləşən, “dar ağacı”nın ayağına gedən, “halım məmləkətin halı” deyən, öz “tənhalığını” az qala bütün xalqın problemi eləyən şair bütün bunları görməsin?
Və şeirində yerlə-göylə əlləşən, “dar ağacı”nın ayağına gedən, “halım məmləkətin halı” deyən, öz “tənhalığını” az qala bütün xalqın problemi eləyən şair bütün bunları görməsin? Görsə də, bütün bunlar onu bir qram da narahat etməsin? Baxsın, sussun, sussun, baxsın, gözləsin, gözləsin, gəlsin ömrünün ağsaqqal çağında Yazıçılar Birliyi ilə ad günü, tost, yubiley, tort davası eləsin. İlahi, yəni insan, yazar, şair, ziyalı bu qədərmi qeyri-ciddi olar? Yəni bu qədər qeyri-ciddi olmaq mümkündürmü? Bunu necə bacarırlar axı?
Biri ev istəyir, biri evinə remont istəyir, biri maşın istəyir, biri ad istəyir, biri nə bilim nə istəyir. Bəs, adlarına şair deyilən, qələm adamı deyilən, ziyalı deyilən insanlar ömründə bircə dəfə də olsun, yaradıcılıq, prinsip, ədəbi estetika davası etməzmi? Bir dəfə davası ədəbiyyatdan ibarət olmazmı?
Vallah, billah, var, başqa ölkələrdə də merkantil, öz maraqlarını güdən, şöhrətpərəst yazarlar var. Başqa yerlərdə də mövqe dəyişən, prinsiplərinə xəyanət edən, nə bilim hakimiyyətə yaltaqlanan yazarlar, şairlər var. Amma adamın insafı olar, axı o adamların heç olmasa nə vaxtsa prinsipləri olub, ədəbiyyat davaları olub, mövqeləri olub, etirazları olub.
Bu nə ölkədir, bu nə toplumdur ki, əlinə qələm alan adam hələ gəncliyindən ədəbiyyatdan başqa hər şeyin davasını edir.
Bu nə ölkədir, bu nə toplumdur ki, əlinə qələm alan adam hələ gəncliyindən ədəbiyyatdan başqa hər şeyin davasını edir. Qonaqlıq üçün, bağ üçün, ad üçün, dolanışıq üçün.
Yaxşı, pambıqçı deyək ki, savadsızdır, ali dəyərlərdən xəbəri yoxdur, siyasətdən başı çıxmır, sənətdən də uzaqdır. Bəs şair? Bəs iş materialı söz, hiss, vicdanla söhbət, həqiqət barədə axtarışlar olan bir insan? Belə bir insan bu qədər bəsit, bu qədər banal, bu qədər dayaz ola bilərmi?
Buna da bax: “Azad olmayan Azərbaycanın” son azadlıqları da tükənir
Bu heyrət məni tərk etmir. Doğrudan tərk etmir.
Düşünürəm ki, nə yazsam, öz səmimi, sonsuz heyrətimi ifadə edə bilməyəcəm. Son vaxtlar Rüstəm Behrudinin ad günü davası da daxil olmaqla baş verənləri ifadə etmək üçün rusların “Bədbəxt hadisə” qrupunun bu mahnısını dinləməyinizi tövsiyə edirəm.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.