“Konservatizim ölülərimizə seçim haqqı bağışlamaq anlamındadır; konservatizim ölülərin demokratiyasıdır” G.K.Chesterton
Güney Azərbaycan ziyalıları və siyasi-ictimai aktivstləri arasında kök salmış belə bir fikir var. Azərbaycan Respublikasının dövlət problemləri haqda heç bir tənqidi münasibət göstərməməliyik. Çünki, bizim bu işimiz İrandaki anti-türk və anti-azərbaycan qüvvələri sevindirə və onların əlinə Azərbaycan əleyhinə tənqidi materiallar verə bilər. Bunu qəbul etmək “tənqidi düşüncə” üsuluna inananlara deyil, ideologiya qulluqçularına yaraşar. Azərbaycanın demokratikləşməsi, siyasi-ictimai və iqtisadi inkişafı Güneyin milli hərəkatına güc verməklə yanaşı, onu region dövlətlərinin təsiri altına və qucağına düşməsinin qarşısını alır.
Birinci qeyd: Diktator kimdir? Referendum və seçkilər demokratiya göstəricisidirmi?
Diktator kimdir? “Qanundan yuxarı, uca və üstün iqtidarı ələ keçirən dövlət başçısı diktatordur” (Bonyadhayeh elmi siyasət, Abdulrahman Aləm, Nəşre Ney, Tehran, p 284-285) İlham Əliyev konstitusiyanı dəyişməklə həmin zirvəni tam anlamı ilə ələ keçirmək niyyətindədir.
Bu toxunulmazlığı, qanun və millətdən daha üstün olmağı, daha uca oturmağı ona kim bağışlayıb?
İndi belə bir sual ortaya çıxır, ölkədə qanunmu daha yüksəkdə dayanır, yoxsa İlham Əliyevmi? İlham Əliyev qanun, millət, ictimai qınaq, Milli Məclisin deputatları, sivil cəmiyyət təşkilatları, ziyalılar və ayıq vicdanlar qarşısında sorğu-suala çəkilirmi? Yoxsa bütün bu şəxslər, qurumlar, dərnəklər və ziyalılarmı kiməsə cavab verməli olur? Milli Məclisin hansı deputatı prezidenti, onun ailəsini, hakim elita və oliqarxiyanı millətin evində sorğu-suala çəkib?
Bu toxunulmazlığı, qanun və millətdən daha üstün olmağı, daha uca oturmağı ona kim bağışlayıb? Milli Məclisin hansı komissiyasında başda prezident İlham Əliyev olmaqla dövlətin başında olanların bütün bank hesabları, şirkətləri, mülkləri, pulları və korrupsiya məsələləri haqda tədqiqatlar gedib? Prezidentin konstitusiyadakı toxunulmazlığı ona ölkəni çapıb-talamağa imkan yaradırsa, nədən həmin maddəni referendum yolu ilə dəyişməyək? Prezidentin Milli Məclisi buraxmaq səlahiyyəti onu orta çağ krallarına oxşatmırmı? Təkpartiyalı hökumətə keçmək üçün prezidentə Milli Məclis gərək deyil, elə öz YAP-ı kifayət edər.
Şərq diktatorluqlarına məxsus olan belə bir cəhət var. Qərb demokratiyasına ayrı bir don geyindirib, başqa bir bəzək vurub onun içini saman və öz təzəyi ilə doldururlar. İlham Əliyevin referenduma qoyduğu maddələrin bir çoxundan bu peyin, bu təzəyin qoxusu gəlir.
Buna da bax: "Bizdən ala bildikləri yalnız saçımız oldu"
Referendum demokratiya təməllərinin güclənməsi, siyasi-ictimai və iqtisadi inkişafa yardımçı olmaq üçündürsə nədən prezidentlik müddəti 5 ildən 7 ilə qədər uzadılır? Nədən prezidentə Milli Məclisi buraxmaq hüququ verilməlidir? Bunun demokratiyaya nə isti-soyuğu var? Amerika, Almaniya, Fransa, İngiltərə kimi hegemon və super dövlətlərin başçılarına 4-5 illik prezident və baş nazirlik müddəti yetərli görünürsə, 10 milyonluq Azərbaycan millətinin prezidentinə nədən 5 il yetərli görünmür? Üçüncü, dördüncü, beşinci, altıncı və ... dəfə üçün prezident seçilməyi Qərbin hansı demokratik ölkəsində görmüş və təcrübə etmişik? Azərbaycan bu baxımdan İraq, İran və Əfqanıstan kimi ölkələrdən də geri qalmaqmı istəyir?
Azərbaycan demokratiyasının təməlləri əslində nə ilə güclənir? Bu referendum vasitəsiləmi? Bəlkə liberallaşmaq, sivil cəmiyyət və təşkilatların güclənməsi, fərdi azadlıqların genişlənməsi, hamının qanun qarşısında boynunun qıldan incə olması, qloballaşmaq dalğası ilə dil tapmaq, muxalif partiyaların bütün maddi imkanlarını təmin etmək və insan haqqlarının çürük ənənələrdən üstün tutulması ilə cəhd edək?
...millətin səs vermək, seçmək və referenduma qoşulmaq hüququ olur. Ancaq, millətin və seçilmiş vəkillərin dövlət başçısı və korrupsionerləri məhkəməyə çəkmək üçün real imkani olmur.
Azərbaycan demokratiyasının axsaqlıqları yoxdurmu? Referendumun bütün maddələri hakim elitanınmı xeyrinədir, yoxsa millətin? Bu suala demokratik sistemin ilk tənqidçilərinin yardımı ilə cavab verəcəyik.
Karl Marksın fikrincə, birincisi: Demokratiyaların əsl və zahiri forması var. Yəni fərdi hüquq və azadlıqları insanlara bağışlayır, ancaq bu azadlıq və hüquqların yerinə yetirilməsi üçün gərəkli tutalqaları onların əlindən alır. Məsələn, millətin səs vermək, seçmək və referenduma qoşulmaq hüququ olur. Ancaq, millətin və seçilmiş vəkillərin dövlət başçısı və korrupsionerləri məhkəməyə çəkmək üçün real imkani olmur.
İkincisi: Burjuaziya demokratiyası hakim elita, burjua təbəqəsinin maraq və hüquqlarını qorumaq üçündür. Yəni bizim halda Əliyevlər sülaləsi, hakim elita və oliqarxiyanın maddi və mənəvi maraqlarını.
Üçüncüsü: Seçkilər keçirilən demokratiyalarda kütlə qeyri-siyasiləşir (demokratiya ənənəsinin çox zəif olduğu üçüncü dünya ölkələrində, o cümlədən Azərbaycanda bunu görə bilərik) və seçilən nümayəndələr millətdən ayrılaraq müstəqil statusa sahib olurlar. Azərbaycan kütləsinin sivil cəmiyyətə çevrilə bilməməsinin illətlərindən biri də deputatların millətin səsi deyil, YAP-ın səsinə çevrilməsindədir. (Siyasət və hokumət dər Orupa, Əhməd Nəqibzadə, Nəşre SƏMT, p 70-71)
Karl Marxın yuxarıdakı fikirləri Azərbaycanın bugünkü vəziyyətinin (referendum və saxta mahiyyətli seçkiləri nəzərdə tuturam) analizi üçün yararlı görünür. Amma demokratik sistemin nöqsanlarına baxmayaraq, “demokratiya problemləri və çatışmazlıqlarını elə yenə də daha artıq demokratikləşmə dərmanı” ilə ortadan qaldırmaq lazımdır.
M.Ə.Rəsulzadə və Əbülfəz Elçibəyin demokratiya ənənəsi, liberal xarakteri və düşüncəsinə arxa durmayan kütlə Heydər Əliyevin “dəmir yumruq” siyasətinə başını, milli iradəsini verdi.
Siyasi fəlsəfədə belə bir söz var, “hər dövlət aid olduğu millətin iradəsi, seçimi və düşüncəsini əks etdirir”. Bu söz nə qədər acı, nə qədər yandırıcı olsa da İran, İraq, Ərəbistan, Əfqanıstan, Suriya və Azərbaycan timsalında özünü aydıncasına gözə soxur.
M.Ə.Rəsulzadə və Əbülfəz Elçibəyin demokratiya ənənəsi, liberal xarakteri və düşüncəsinə arxa durmayan kütlə Heydər Əliyevin “dəmir yumruq” siyasətinə başını, milli iradəsini verdi. Bu düşünməkdən imtina etmiş kütlələrin əzilmişlik şüurundan qaynaqlanır.
Sivilləşməyən, ənənə və şiə məzhəbini fərdi azadlıqlar və insan haqlarından üstün tutan, kitab oxumayan, modern Avropa dəyərlərinə kin qusan, nifrət püskürən yığın, düşünmək və sorğu-sual mədəniyyətinə qırım (rəqib döyüşçü, rəqib cəngavər- Dədəd Qorqut) çıxmış kütlənin demokratikləşmə prosesi qısa müddət içində gerçəkləşə bilməz.
Bu cür yığın və kütlədən qopmuş fərdlər, Joseph Schumpeter demişkən, “siyasət sahəsinə ayaq qoyduğu zaman daha aşağı səviyyəyə enirlər” (kapitalism və demokrasi, tərcomeye Həsən Mənsur, enteşarate daneşqahe Tehran, p 331)
Bütün problemləri və çatışmazlıqları dövlətin boynuna yıxmaq olmaz. Kütlə demokratikləşib, sivilləşməyincə dövlət də dəyişməyəcək. Sivil cəmiyyət təşkilatları dövləti tənqid sıxacı altında saxlamayınca hökumət öz mövqeyindən geri çəkilən deyil. Ölkə ziyalıları və hakim elita demokratiyanın bütün prinsiplərini qəbul etməyincə hakimiyyətiçi yeniliklərə tanıq olmayacağıq.
Azərbaycan muxalifəti isə maddi resursların yoxluğu, siyasi səfərbərliyi həyata keçirə bilməmək problemi, dövlətə təzyiq mexanizmlərinin zəifliyi, sivil cəmiyyət deyil, qeyri-demokratik və qeyri-siyasi düşüncəyə sahib olan bir kütlə ilə qarşı-qarşıya durub.
Bu arada, Azərbaycan dövləti qərb ölkələri ilə bağladığı qaz və neft müqavilələri ilə öz hakimiyyətinin toxunulmazlıq qazandığını düşünürdü. Ancaq, Amerika və Avropa rəsmilərinin tənqidi məktubları və çıxışları bu yanaşmanın kövrəkliyini göstərdi.
İkinci qeyd: Müstəbidlərin demokratiya anlayışı
Formaca demokratik quruluşa sahib olmaq hələ dövlətin demokratiya mühtəvasının göstəricisi ola bilməz. Müstəbidlər demokratiyası anlayışı ilə demokratlar demokratiyası anlayışı arasında böyük fərqlər var.
Müstəbidlər demokratiyanı fərqli təriflər, düşüncələr və şəxsi mülahizələri ilə izah edirlər. Birisi islamda hər şey var, islamın demokratiyaya ehtiyacı yoxdur deyir. Birisi kütlə və muxalifəti siçanlara bənzədir. Birisi demokratiya sevdalılarını xarici dövlətlərin casusları, demokratiyanı onun maraqlarına xidmət edən dəyərlər systemi, proletaryat diktatorluğu deyir. Bir başqası YAP- maraqları və mövqeyini güclədən düşüncələrə bənzədir.
Sovet, İran İslam Respublikası, Orta Asiya prezidentləri, hərbi çevriliş yolu ilə dövləti ələ keçirənlər və təkpartiyalı hökumətlərin hamısı demokratiyadan söz açarlar.
İranın keçmiş kralı M. R. Pəhləvi ölkə içi müxalifətin olmadığını bəyan edirdi. Hamının onu sevdiyini və ona arxa durduğu, dayaq verdiyini vurğu ilə dilə gətirirdi. Ölkə dışından gələn jurnalistlərə isə “İranda hamı məni sevir, mənim hökumətimi qəbul etməyənlər isə vətəndaşlıqdan imtina edib ölkədən çıxıb getməlidirlər” deyirdi.
İlham Əliyev də həmin yolun davamçısıdır. Ölkə içindəki müxalifəti sıxışıdırb, hədə-qorxu gəlib, dustağa salıb, işgəncə edib, ən kiçik tənqidi münasibəti amansızlıqla susdurmağa çalışır. Avropa və Amerikalıların qarşısında isə “bizim siyasi məhbusumuz yoxdur” deyir. Tənqidçilərini, tənqidçilərinin ailəsi və qohum-əqrəbasını dövlət xidmətindən məhrum edir. YAP süzgəcindən keçməyənlər Heydər və İlhama boyun əyməyənlər ictimai statuslarını əldən verirlər.
...Azərbaycan dövləti başqa bir modeldir. ...demokratik qərb dəyərləri ilə zidiyyətdə olan konservatizm ideologiyasının daşıyıcısıdir.
İlham Əliyev özünü qanundan, muxalifətdən və millətdən ucada, yüksəklikdə və zirvədə gördüyü üçün prezident seçkilərində keçirilən heç bir debata qoşulmayıb, əvəzinə başqalarını göndərib.
İranın yeni rejimi isə totalitarizm və avtoritarizm arasında enişli-yoxuşlu yol keçib. Dini avtoritarizm mərhələsində öz həyatını sürdürən dövlət, ölkə içindəki müxalif qüvvələri, problemləri, siyasi aktivistlərin məhbus olduğunu, edamları danır və inkar edir.
Hakimiyət içi çəkişmələr, korrupsiya, dini liderin günü-gündən zəifləyən mövqeyi, İslam Keşikçiləri Korpusunun Ruhani hökumətinin xarici siyasətinə mənfi mudaxiləsi, etnik və məzhəb ayrıseçkiliyindən doğmuş toqquşmalar, işsizlik, boşanmalar və evlilik yaşının artması nə qədər danılsa və gizli saxlanılsa da ölkə başçıları, İran milli məclisinin deputatları, dövlət rəsmiləri tərəfindən gündəmə gətirilir.
Ancaq, Azərbaycan dövləti başqa bir modeldir. Rejim teokratik avtoritar quruluşa deyil, mühafizəkar avtoritar quruluşuna malikdir. İdelogiyasında şiə məzhəbinin yeri yoxdur, lakin, demokratik qərb dəyərləri ilə zidiyyətdə olan konservatizm ideologiyasının daşıyıcısıdir. Dövlətin sekyular mahiyyətinə baxmayaraq din siyasəti şiə məzhəbini zəiflədib əhliləşdirmək yerinə onun təşkilatlanması və güclənməsinə yardım edir.
Ölkədə sayı mini aşmış məscidlərin hər biri sekulyar və demokratik dəyərləri nişan almaq üçün peşəkar snayperlər yetişdirməkdədir. Bu inqilab şiə məzhəbinin mahiyyəti və mühtəvası nəticəsində baş verəcək. Çünki, siyasi sosiologiyada belə bir düşüncə var. Dinlər və xüsusi ilə islam dini kimi siyasi bir din öz tarixi statusunu, üstün mövqeyini saxlayarsa, özünü gündəm məsələləri, siyasi-ictimai maraqların mərkəzi, fikri mübahisələrin ortasına çevirərsə, kütlənin gündəlik həyatında nə qədər güclü imicə sahib olub, yenilənər, yeni suallara cavab axtararsa, demək o, zəifləmir, güclənir, çağdaşlaşır (Cameeşenasiyeh siyasi, Hoseyine Bəşiriyyeh, Nəşre Ney, Tehran, p-222)
Totalitar və avtoritar dövlətlərin ən oxşar cəhəti ölkə içi siyasi-ictimai-iqtisadi problemləri danmaq, inkar etmək və gizli saxlamaqdadır. Teokratik avtoritar dövlət olan İran da, mühafizəkar ideologiya əsasında qurulmuş avtoritar dövlət olan Azərbaycan Respublikası da problemləri çözmək əvəzinə onları ört-basdır etməklə uğraşırlar.
Qeyri-demokratik dövlətlərin problemləri qaysaq bağlamayan yaralara bənzəyir. Qan sızdıqca hökumət gücsüzləşir, ayaq üstə dura bilmir, heydən düşür.
Əliyev islahatları və referendumları onun özünün və sülaləsinin maraqlarına xidmət edir, liberalism və demokratiya maraqlarına deyil.
Totalitar dövlətlərin çöküşündən sonra doğulan yeni dövlətlərin demokratikləşmə prosesi uzun müddətli olduğu üçün orada gedən syasi-ictimai və iqtisadi yenilənmə, yenidənqurma və demokratikləşmə axsaqlıqlar, ləngimələr, gecikmələrlə yanaşı hətta qeyri-demokratik və anti-demokratik mahiyyət də qazana bilər.
Son Baxış
Azərbaycan formaca və zahirən demokratik quruluşa sahib olsa da, əslində, təkpartiyalı diktator hökumətlərə bənzəyir. Belə dövlətlər miflərinin dağılması və dəyərsizləşməsi prosesini yaşamayınca, hakim elita və oliqarxiya arasında çəkişmə, toqquşma və çaxnaşma baş verməyincə və hakimiyyət içi güclər hökuməti ələ keçirmək uğrunda bir-biri parçalamayınca dövlət içində güclü islahat olmayacaq. Çünki, Əliyev islahatları və referendumları onun özünün və sülaləsinin maraqlarına xidmət edir, liberalism və demokratiya maraqlarına deyil.
Azərbaycan və Qafqazı saran demokratikləşmə dalğasının (Samuel Huntington demişkən Qafqaz sivilizasiyaların toqquşduğu yerlərdən biridir) gücü yavaş-yavaş özünü göstərmək istəyir. Ancaq, muxalifət və sivil cəmiyyətin zəifliyi dövlətə sarsıdıcı zərbə vurmağın hələ ki, qarşısnı alır.
Hər bir rejimin inqilabi vəziyyətlə üz-üzə gəlməsi üçün dörd illət olmalıdır. Birincisi: hakim dövlətin rəsmi ideologiyası öz üstünlüyü, toxunulmazlığı və müqəddəsliyini əldən verməsi. Ikincisi: dövlət öz iqtisadi və siyasi-ictimai layihələrini düzgün şəkildə həyata keçirə bilməməsi. Üçüncüsü: hakim təbəqə arasında toqquşma və çaxnaşma baş verməsi. Dördüncü: Hökumət muxalifətin aksiya və etirazlarını yatırda bilməməsidir.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.