Keçid linkləri

Təcili xəbərlər

İlin ən qorxunc sözü - devalvasiya...


-
-

İnsanlar hələ də təlaş içində gözləyir...

Nobel mükafatı laureatı yazıçı Elias Kanettinin “Kütlə və hakimiyyət” əsərində maraqlı bir bölüm var – “Kütlələr və inflyasiya”. Bu bölmədə inflyasiyanın sosial-psixoloji aspektleri araşdırılır və onun cəmiyyətdə hansı neqativ proseslərə təkan verdiyi tədqiq edilir. Bəlkə məni də bu yazını yazmağa elə həmin bölüm təhrik etdi.

Bir ildən artıqdır ki, azərbaycanlılar gözləmə vəziyyətindədirlər. Hamı da bircə suala cavab axtarır: görən, iqtisadi böhranın pik anı nə vaxt olacaq?

İnsanları demək olar ki, başqa heç nə maraqlandırmır. Heç bir siyasi hadisə ya ictimai olay bu məsələ qədər maraq çəkmir...

Hətta bu cür acı və narahatlıqlarla dolu suallara, gözləntilərə ictimai reaksiya kimi ölkə mediasında az qala, ayrıca bir publisistik istiqamət də yaranıb. Hamı bu haqda yazmağa, fikirlərini bölüşməyə, hətta proqnoz xarakterli mülahizələr söyləməyə çalışır....

Hər belə yazıdan və ya süjetdən sonra cəmiyyətdə təlaş bir az da artır, insanlar daha çox narahat olmağa başlayırlar.

Bir tərəfdən belə yazıların yazılması, iqtisadi böhranın və üzücü devalvasiyanın diqqətdə saxlanması təbiidir – insanları daha çox nə düşündürürsə, ondan da yazmaq lazımdır.

Amma bunun digər tərəfləri də var. Hər belə yazıdan və ya süjetdən sonra cəmiyyətdə təlaş bir az da artır, insanlar daha çox narahat olmağa başlayırlar.

Bunun da ilk acı nəticəsi stimullaşdırılmış inflyasiya olur ki, artıq onu da bir neçə dəfə müşahidə etmişik.

Buna da bax: "Bu referendum cəmiyyətin sifarişi deyildi"

Ciddi bir əsas olmadan insanlar az qala, mağazalara yürüş edir, öz ehtiyaclarından qat – qat artıq alış-veriş edir, sanki bununla özlərini fərz edilən devalvasiyanın acı fəsadlarından sığortalamağa cəhd edirlər.

Ən üzüntülüsü isə qeyd etdiyimiz gözləmə prosesidir. Kimi deyirdi ki, “Formula – 1” yarışlarından sonra daha bir, üçüncü kəskin devalvasiya dalğası olacaq. Son vaxtlar isə “əlamətdar” tarix kimi referendumdan sonranı götürürdülər.

Onsuz da azərbaycanlılar öz səslərinin, demək olar, fərqində deyillər.

Əslində konstitusiya ilə bağlı referendumun iqtisadi böhranla və ya devalvasiya ilə birbaşa, aşkar əlaqəsi yox idi. Düzdür, düşünmək olardı ki, seçicilərin səsini itirməmək üçün hökumət sərt iqtisadi tədbirləri, yaxud da qərarları referendumdan sonraya saxlamaq və bununla da cəmiyyətin etirazını bir növ səngitmək istəyəcək.

Fəqət, buna da lüzum yoxdur. Onsuz da azərbaycanlılar öz səslərinin, demək olar, fərqində deyillər.

Referendum bir tərəfə, bir sıra siyasi təhlilçilər və politoloqlar belə hesab edirdilər ki, müxalifətin keçirdiyi etiraz aksiyaları insanlar üçün bir növ bəhanə olacaq. Çoxları indiyə qədər ürəklərində toplanmış qəzəblərini göstərmək üçün bu aksiyalara axışacaqlar. Amma qətiyyən belə olmadı. Müxalifətin etiraz aksiyaları o qədər zəif və sönük keçdi ki, hətta müxalifətçilər özləri də bunu etiraf etməli oldular.

Həm də əvvəldən daha çox ehtimal olunan ssenari başqadır – manatın kursunda kiçik şoklar davam edəcək və o, tədricən özünün real qiymətinə doğru irəliləyəcək. İfrat kəskin şoklara gəldikdə isə, buna ehtiyac yoxdur, çünki manatın “üzən məzənnəsi” kifayət qədər variasiyalar etməyə imkan verir...

Biz nə qədər desək ki, pul hər şey demək deyil, əslində bunun tam əksidir – pul elə doğrudan-doğruya hər şey deməkdir, xüsusən də kapitalizmdə...

Təbii, bu da etibarlı təskinlik demək deyildir. Nə fərqi var? İstəyirsən, uçuruma birdən-birə dığırlan, yaxud da ki, addım-addım get. Son nəticə bütün hallarda eynidir. Ona görə də böhranın nə özü, nə də onun xofu çəkilmək bilmir. Bununsa nəinki daha dərin sosial–psixoloji, hətta fəlsəfi nəticələri var..

Devalvasiya həm də total dəyərsizləşmədir...

Əslində inflyasiya və onun sosial - psixoloji affektləri yetərincə məlumdur. Fəqət, əvvəldə adını çəkdiyim əsərdə bir detala xüsusi diqqət yetirilib: inflyasiya nəticəsinddə total dəyərsizləşmə baş verir. Hər bir ölkənin milli valyutası onun cəmiyyətinin və dövlətinin simvoludur, hər bir fərdin sosial statusunu müəyyən edən faktordur. Biz nə qədər desək ki, pul hər şey demək deyil, əslində bunun tam əksidir – pul elə doğrudan-doğruya hər şey deməkdir, xüsusən də kapitalizmdə...

Hər şeydən əvvəl, pul qürur və dövlətə etimad mənbəyidir. Pul cəmiyyətin bir növ simvoludur və möhkəm milli valyuta həm də fərddə müəyyən bir topluma aid olmaqdan qürur hissi doğurur. Nəhayət, qeyd etdiyim kimi, pul həm də şəxsiyyətin cəmiyyətdə yerini müəyyən edir, ona sosial məzmun verir, onun sosial statusunu təyin edir.

Buna da bax: ‘İndi də külək əsmir ki, bu dəfə kimi günahlandıracaqlarını görək’

“Ölmüş” pul ölmüş fərd, ölmüş ata, ölmüş ər, ölmüş övlad və ölmüş vətəndaş deməkdir! Sanki bircə anın içində bütün dəyərlər heç olur, gözdən düşür. Bir sosial-siyasi instituta, bir topluma aid olmaq hissi birdən-birə 180 dərəcə dönür – insan artıq bunlardan peşimançılıq hissi və əgər proses davam edərsə, utanc hissi keçirir. Bu, bəlkə də infliyasiyanın ən acı nəticəsidir...

Bir çox hallarda təəssüf, bu, diqqətdən qaçır. Təhlilçilər daha çox bir sual üzərində baş sındırırlar: görəsən, sosial-siyasi etirazlar olacaqmı?.. Halbuki bu, ən sonuncu və bəlkə də az əhəmiyyət kəsb edən məsələdir. Onu deyə bilərik ki, hər iqtisadi böhran heç də ciddi sosial-siyasi etirazlara transformasiya olunmur. Çünki “ölmüş” milli valyuta “ölmüş” fərd, “ölmüş” toplum və təbii, “ölmüş” vətəndaş deməkdir – bunu bir daha vurğulamağa məcburam...

Son nəticədə hökumət də “ucuzlaşır”...

Təbii, bu, o demək deyildir ki, inflyasiyanın, ümumiyyətlə, heç bir siyasi nəticəsi olmur. Yox, qətiyyən belə deyil. Total inflayasiya zamanı hər şeydən əvvəl “ucuzlaşan” elə hökumətin özü olur. Hakimiyyət özünün bir növ “sakral” məzmununu, immunitetini itirir. Əvvəl ironiya yaranır, daha sonra o, lətifələrə və sonra da total ictimai qınağa çevrilir, axırda da itaətsizlik yaranır. İnflaysiyanın sosial-siyasi dinamikası və təkamülü belədir...

Ümid edirəm bizdə proseslər o qədər uzağa getməyəcək. Ən azı ona görə ki, bunun üçün hazırda beynəlxalq zəmin yoxdur. Dünyada müəyyən iqtisadi narahatlıq yaşansa da, total böhran yoxdur və böhran daha çox bir neçə neft ölkəsində qabarıq görünür.

Böhranı şərtləndirən ən böyük problem bilirsiniz, nədir? Manatın arxasında real və güclü iqtisadiyyat deyil, hələ də dollar emissiyası dayanır.

Üstəlik, sanki tale özü bəzi ölkələrə vaxt və macal verir – neftin qiyməti yüksək şkalada qərar tutmasa da, hər halda, kritik bir həddə də deyildir...

Daha bir təskinlik verən məqam da budur ki, dolların uçot dərəcəsi dəyişmədi. ABŞ-da bu məsələyə də ilin son günlərində baxılacağı deyildi. Yəni ən azı ilin sonunadək vaxtımız var...

Hər şey neftə bağlayıb arxayınlaşanda...

Fəqət, arxayınçılıq üçün də elə bir əsas yoxdur. Böhranı şərtləndirən ən böyük problem bilirsiniz, nədir? Manatın arxasında real və güclü iqtisadiyyat deyil, hələ də dollar emissiyası dayanır. Ona görə də manat özünün real qiymətinə doğru can atır.

Üstəlik, stimullaşdırılan inflyasiya da heç də az rol oynamır. Həm də bahalaşma bir tərəfdən manatın total ucuzlaşmasının nəticəsidisə, digər bir tərəfdən də monopoliyanın təzahürdür...

Bu yaxınlarda, təxminən bir ay əvvəl yaşadığım bir epizodu sizinlə bölüşmək istəyirəm. Telekanalların birində fermerlər gileylənirdi ki, pomidor tökülüb qalıb, 15-20 qəpiyə belə alan yoxdur! Ertəsi gün dərhal bir neçə marketə baş çəkdim. Siz bilən, pomidor neçəyə idi? İnanmazsınız, amma düz 1 manat 20 qəpiyə!..

Bu, nədir? Bunun özü ölkədəki monopoliyanın və qeyri-sağlam iqtisadi mühitin təzahürü deyilmi?..

Bir də ki, gərək, arxayınlaşmayasan. Böhranın birinci yardımçısı elə arxayınçılıqdır. Ən asanı böhranı yalnız neftin ucuzlaşmasına bağlamaq və oturub neftin nə vaxt bahalaşacağını gözləməkdir...

Amma elə ən təhlükəlisi də budur. Ən azı ona görə ki, bunun bir gün ölkədəki sosial-siyasi etirazlarla təkan verməyəcəyinə heç bir təminat yoxdur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG