Neçə vaxtdır referendumla bağlı dəftərçəmdə qaraladığım cızmaqaradan, nə illah elədim, bir yazı çıxara bilmədim. Lal vətəndaş sükunəti fonunda müxalifətin ”mitinq-mitinq” oyun-həşiri də əlimi bir yandan soyutdu. Pambıqçı Kamilxan Rüstəmovanın sovet illərini xatırladan məşhur çıxışından çaparaq gələn ilham pərisi də dadıma çatmadı. Gəldiyi kimi tez də çəkilib getdi. İlham vermək əvəzində canıma qəfil üşütmə saldı.
Nədən oldu bu? İndi deyirəm!
Məddahlıqda sovet dövründən də betər olan müstəqillik illərinin qurbanlıq kimi ortaya çıxardığı bu ananı ittiham eləməyə dilim gəlməz!
Sosial şəbəkələrdə Kamilxan ana haqda nə qədər təhqir oxudum. Amma mənim ona yönəlik belə fikrim yoxdu. Qurbanı ittiham edərlərmi? Məddahlıqda sovet dövründən də betər olan müstəqillik illərinin qurbanlıq kimi ortaya çıxardığı bu ananı ittiham eləməyə dilim gəlməz!
Mən onu yox, 70 yaşlı Azərbaycan qadınını o kökə salıb, zövq alanları qınayıram!
O, referenduma çıxarılan maddələri sadə kəndli dilində izah elədi. Ayrı nə dedi ki?
Həmin çıxışın videosu neçə gün hər internetə qoşulanda qarşıma çıxdı. Bir dəfə ona səssiz baxdım. Bax, məni üşütmə elə o anda tutdu. Elə bildim referenduma Qarabağın verilməsini çıxarıblar və 23 ildi Qarabağ deyib ləliyən bu qarabağlı ana indi üzündə yaltaq təbəssümlə yurdunun ermənilərə verilməsinə görə xoşbəxt olduğunu deyir və ayaqüstə alqışlanır.
Doqquz il əvvəl yazdığım ”Susmaq hüququ” adlı məqaləni xatırladım, açıb oxudum. Üşütmənin səbəbi bu yazı imiş.
Orda belə cümlə var:
”Sabah Qarabağ məsələsinin kompromis yolla həlli “məsləhət” bilinsə, “Azərbaycanın xoşbəxt gələcəyi Qarabağı verməkdən keçir” təşviqatına start verilsə, bu “elita” kamera qarşısında növbəyə düzülmək cəzasına məhkum edilməyəcəkmi?”
Oxuyub gördüm, daha yeni yazıya ehtiyac yoxdu, 2007-ci ildə yazılana ”referendum əlavəsi” etsəm, yetər. Belə də elədim.
Susmaq hüququ uğrunda mübarizədə əhli-vətənə uğurlar arzuladım.
Susmaq hüququ
Sözün qüdrətini atomun gücü ilə eyniləşdirənlərin sözünü qəribçiliyə salmaq lazım deyil. Səmavi dinlər, müqəddəs kitablar da sözü Allah qədər uca tuturlar. Elə adam da azad sözü dilə gətirməyilə dəyər qazanır, hörmətə minir. Bəlkə də elə buna görədir ki, bütün avtoritar hakimiyyətlərin azad adamlara münasibəti divin hər an sına biləcək, canının saxlandığı şüşəyə münasibəti kimidir.
Bu hakimiyyətlər azad sözün kökünü mikrob kimi kəsməyi cəmiyyətin “dirilik suyu” hesab edir. Totalitar rejim söz azadlığının düşmənidir, burada istədiyini yazmaq, danışmaq, çap etdirmək mümkün deyil. Yalnız sənə icazə verilən haqda yaza və danışa bilərsən. Tarixin bütün dönəmlərində, bütün diktaturalarda, bütün üzdəniraq “izm”lərdə belə olub.
Yalnız bir istisna var: Kommunizm.
Kommunizm insanları tək istədiklərini demək və yazmaqdan məhrum etmir(di). Bütün dağıdıcı “izm”lər susmayanı, qələmini qırmayanı həbsə, sürgünə, çox vaxt da daha uzağa – o dünyaya göndər(ib)ir.
Kommunizmin digər diktaturalardan daha uzağa gedən bir fərqi var: o nəinki insana onu razı salmayan fikir və yazıları qadağan edir, hətta həmin insana onu qane edənlər haqqında danışmaq və yazmağı “məsləhət” görürdü.
20-ci əsr rus ədəbiyyatının patriarxı Mixail Şoloxov “Sakit Don”u öz əllərilə yenidən nəşr üçün “sosialist realizmi” üslubunda redaktə etmədimi? Sənətkarın əsəri onun balasıdır, deyirlər. Şoloxova öz əliylə “balasını öldürtdülər”. Və Kremlin Qurultaylar Sarayında onu bu işə vadar edənlərin şəninə tərif söylətdirdilər. Amma “Sakit Don”a Nobel mükafatını “sosialist realizmi” variantına görə verməmişdilər.
1933-cü ildə Nobel mükafatı almış başqa bir rus yazıçısı İvan Bunin SSRİ-yə dönmək istəməməyinin səbəbini belə izah edirdi: “Onlar məni demək istəmədiyimi deməyə, inanmaq istəmədiyimə inanmağa məcbur etmək istəyəcəklər”.
Kommunizmdə susmaq olmaz. Burada yalnız ölülər susur. Sağ qalanlarsa susub sonradan başqa səslə danışanlardı. Mən heç onu demirəm ki, dünyanın bir saylı antikommunisti Aleksandr Soljenitsinin “Aeroflotun rahat kreslosunda ölkədən qovulması”nın sirri çoxları üçün elə sirr olaraq qalır. Necə yəni, insanların hətta xəyallarına əl gəzdirməyi özünə rəva bilən kommunistlər onların cinayətlərini elə Moskvadakı isti mənzilində yazdığı kitabında açıb göstərən birisini öz əllərilə xaricə yola saldılar? Onların cinayətlərini dünyaya car çəkmək üçünmü?
İstənilən əlyazmanı Amerikanın atom bombasından da təhlükəli sayan kommunist-çekistlərin xəbəri olmadan Soljenitsinin əlyazma və şəxsi arxivini dövlət poçtu ilə arxasınca kim göndərə bilərdi?.. Bəs sevimli “Moskviç” maşınını hansı “dissident” sərhəddən keçirib?..
“Susmaq qızıldır” deyənlər nə vaxtsa insanı susmağa belə qoymayacaqlarını ağıllarına da gətirməzdilər. Bunu yalnız kommunistlər bacardı. Onların bir silahı var – QORXU.
Cəmiyyətdə qorxu insan orqanizmindəki xərçəng kimidir. Metastaz vermiş xərçəng üçün tətbiq edilən kimyəvi maddə orqanizmin bütün xəstə hüceyrələrini bir yerə topladığı kimi, Qorxu da insanın adını bildiyimiz bütün naqis xassələrini üzə çıxarıb cəmiyyətdə hakim hissə çevirir. Və cəmiyyət dünəni XOF, bu günü SƏKSƏKƏ, sabahı QORXU içində “yaşayır…”.
“Biz artıq istədiyimizi yazmaq və demək hüququna can atmırıq, təki susmaq hüququmuzu almasınlar”.
Sovet dövrünün bu acı zarafatı sözün həqiqi mənasında həyat reallığı idi. Bəs indi necədi?.. Kommunist illərindən çoxmu fərqlidir bu gün: bir şey eşidirik, başqa şey görürük və ən dəhşətlisi, buna təəccüblənmirik. Nəsə dəyişibmi?
Uzun illər xalq iqtidar və müxalifət dediyimiz siyasi partnomenklaturanın əlində girinc qalanda ümid yalnız cəmiyyətin “hər iki ciyəriylə nəfəs alacağı” zamanı gözləməyə idi. Artıq xalq onların birini itirib, “tək ciyərlə nəfəs alır”. Deyirlər, ümidi ölmüş insan özü də bilmədən vəhşiyə, yırtıcıya dönür. Ümidi kəsilmiş cəmiyyət isə amoralist (cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına sayğısızlıq) insan yığnağına – kütləyə çevrilir.
İndi həqiqəti deyə bilmək uğrunda mübarizə arxaikləşib, çünki həqiqətin özü niskil qarışıq təəssüf doğuran, süzülüb nimdaşlaşmış bayraq kimidir. Təki mənim susmaq hüququmu əlimdən almasınlar, təki məni istəmədiyimi demək çıxılmazlığına salmasınlar.
Yox, susa bilməyəcəksən, qoymazlar. Şüarlar dövrünə qayıtdığımız bir vaxtda susa bilməzsən: ölkəmiz büdcədən tutmuş, yeyilən və yeyilməyən hər şeyin qiymət atına minib dünya standartlarına çatdığı, xalqımızın bəxtəvər Avropa ailəsinə (oxu, kommunizmə) qovuşmanın astanasında olduğu bir dövrdə sən necə susa bilərsən? Susmaq olmaz – göz sataşan hər yerdə zəfər, qələbə, analoqu olmayan inkişaf varsa, demək danışmaq vaxtıdır.
Susmaq hüququ insanın istəmədiyini deməyə məcbur ediləndə əl atdığı sonuncu saman çöpüdür. Tarif Şurasının son qiymət artımını tərifləyən zavallı insanlar – “zəhmətkeşlər” (bu sözü Zamin Hacı illərin dibindən çıxarıb, “tozunu alıb”) doğrudanmı sevinirlər, bəs, prezidentlik müddətinin uzadılması doğrudanmı prezidentə ürəkdən gələn sonsuz sevginin təzahürüdür?..
Susan və ya susdurulan (bunların arasında fərq böyük deyil), sonra başqa səslə danışan nə qədər ictimai-siyasi snoblar (hakim elitanı təqlid edib digərlərini bəyənməyənlər kimi başa düşülməsi məsləhətdir) yetişib və yetişir.
Cəmiyyətin daxili hərarəti qalxmadan da daim səfərbər olan zavallı “zəhmətkeşlər”in, “qolçomaq ziyalılar”ın susmaq hüququ çoxdan yoxdur. Vəziyyət bir az ciddiləşsə, “orta ziyalı təbəqə”, daha da ağırlaşsa, “yüksək ziyalı təbəqə” və ya “elita” danışacaq.
Sabah Qarabağ məsələsini kompromis yolla həlli “məsləhət” bilinsə, “Azərbaycanın xoşbəxt gələcəyi Qarabağı verməkdən keçir” təşviqatına start verilsə, bu “elita” kamera qarşısında növbəyə düzülmək cəzasına məhkum edilməyəcəkmi? Onda daha ölkədə “lal” adam qalmayacaq.
Dunayevskinin Stalin dövründə yazdığı məşhur mahnısındakı kimi: “Ya druqoy takoy stranı ne znayu, qde tak volno dışet çelovek…”
Vahid Qazi
19 fevral 2007
Mediaforum.az
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.