Keçid linkləri

Təcili xəbərlər

Azad adamın çıxılmazlığı


Günel Mövlud
Günel Mövlud

İndi Rusiyada şəxsiyyət kimi ən qeyri-ciddi, xaraktersiz insanlardan birinə çevrilmiş Eduard Limonovun “Bu mənəm - Ediçka” xatirə-romanında sənət, ədəbiyyat adamının permanent vəziyyətini gözəl ifadə edən bir abzas var: “Sənin ananı s.... ay dünya, bu nə həyatdır axı? Bəs mən nə edim? Axı mən başqa iş görməyi, başqa cür yaşamağı bacarmıram!”

..necə olur, dünənki dostcanlı, mədəni, vicdanlı qonşu, iş yoldaşı, qohum NKVD-yə işləməyə başlayır, yaxınını satır, üzə durur, doğmasından imtina edir?

Anatoliy Rıbakovun “Arbat övladları” əsərini oxuyana qədər mənə elə gəlirdi ki, Sovet dövrünün dəhşətlərini ən yaxşı göstərən kitab Soljenitsının “Qulaq arxipelaqı”dır. Amma “Arbat övladları”nı oxuyandan sonra anladım ki, “Arxipelaq” bizə konkret həbslər, axtarışlar, fiziki işkəncələr, həbs həyatı barədə nə qədər təfərrüatlı məlumatlar versə də, bir şeyi bizə göstərə bilmir: o dövrün insanlarının gündəlik həyatını, mənəvi dünyasını, emosional-psixoloji vəziyyətini. Məsələn, “Arxipelaq”ı oxuyanda biz başa düşmürük ki, necə olur, dünənki dostcanlı, mədəni, vicdanlı qonşu, iş yoldaşı, qohum NKVD-yə işləməyə başlayır, yaxınını satır, üzə durur, doğmasından imtina edir? Necə olur ki, bir qadın, bir kişi illərlə öz evindəki, öz ailəsindəki, öz yatağındakı insanlar barədə məlumat toplayır? Necə olur ki, dünən heç nəyə yaramayan, heç bir bacarığı, savadı, istedadı, xarakteri olmayan adam bu gün qəfil vəzifəyə gəlir, rəhbər kürsülərdə oturur?

Bu suallara Rıbakovun “Arbat övladları” cavab verir.

Sözün düzü, bu əsəri 20-25 yaşlarımda oxusaydım, çox şey anlamazdım. Amma 30 yaşdan sonra bu əsəri oxumaq, özü də bizim ölkənin vətəndaşı olduğun halda oxumaq, romanı iliklərinə qədər anlamağa, hiss etməyə imkan verir.

Əsəri oxuyandan sonra az-çox məlumatım olan bütün dövrlərə baxmağa çalışdım. Ta Çar Rusiyası dövründən tutmuş, günümüzə kimi. Və bütün bu dövrlər arasında həm ən pisini, həm də ən yaxşısını müəyyən etməyə çalışdım. Görəsən təmiz, vicdanla, haqsızlıqla barışmadan yaşamaq istəyən insan üçün hansı dövr daha pis olub – Çar Rusiyası, Stalin SSRİ-si, “ərimə” dövrü, Cəbhə-Müsavat hakimiyyəti, son 23 il? Hansında ləyaqət qiymətləndirilib, hansında pafosa, saxtakarlığa, xəyanətə ehtiyac olmayıb? Görəsən, azad sənətkar üçün, dövrünün müxalif fikirli insanı üçün hansı dövr daha yaxşı olub? Çar Rusiyasının dar ağacları, yoxsa Stalin SSRİ-sinin işkəncə zirzəmiləri, yoxsa “ərimə” dövrünün psixiatrik xəstəxanaları, yoxsa Cəbhə-Müsavat dövrünün başa külqabı çırpan nazirlər dövrü, yoxsa indiki həbs, repressiya, zirzəmilər dövrü?

Bəs sadə vətəndaşlar nə vaxt daha yaxşı və ya daha pis yaşayıblar? Çar dövründə təhsil ancaq bəy balaları üçün olandamı, Stalin dövründə balalarını NKVD maşınları gecənin ortasında aparandamı, Böyük Vətən Müharibəsi dövründə oğullarını gedər-gəlməzə göndərib, günlərlə ac dolanandamı, pambıq çöllərində başlarına zəhər töküləndəmi, 93-lərdə gecələr çörək növbəsində durandamı, yoxsa indi, illərlə əmək verdikləri evlər başlarına uçurulandamı? Bu sadə vətəndaşlar nə vaxt daha yaxşı, nə vaxt daha pis yaşayıblar?

...düşünürəm və görürəm ki, bu dövrlərin heç biri vicdanlı, dürüst olan, əlahiddə zirəklik və yaltaqlıqdan uzaq insanlar üçün nə daha yaxşı, nə də daha pis olmayıb.

Mən bu barədə düşünürəm və görürəm ki, bu dövrlərin heç biri vicdanlı, dürüst olan, əlahiddə zirəklik və yaltaqlıqdan uzaq insanlar üçün nə daha yaxşı, nə də daha pis olmayıb. Zirəklər, yaltaqlar, maddi rifah naminə bütün prinsiplərə tüpürənlər, layaqət anlayışı olmayanlar bütün dövrlərdə yaxşı, vicdanlı, dürüst insanlar, şəxsi ləyaqət hissi olanlar, dəyərlərini maddi rifahdan, vəzifədən, addan, tituldan üstün tutanlar isə bütün dövrlərdə eyni cür pis yaşayıblar.

Çünki azad, həqiqət və vicdanla yaşamağın bədəli bəzən iztirablar, bəzən təhqirlər, bəzən həbslər, bəzən işkəncələrdir. Çünki dünyada vicdanla yaşamaq, vicdanla ömür sürmək ən bahalı lüksdür. Bu lüksün bədəlini ödəmək çətindir, çox çətin. Buna görə də vicdanla, ləyaqətlə , azad yaşamağı ancaq o insanlar bacarır, onun qiymətini, bədəlini ancaq o insanlar ödəyə bilir ki, onlar başqa cür yaşamağı, sadəcə, bacarmırlar.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG