Sentyabrın 27-də ABŞ Konqresi Marsa göndəriləcək ilk ekspedisiyanın tarixini və büdcəsini açıqlayıb. Bu barədə məlumat Senatın saytında dərc edilib.
İlk ekspedisiya ən geci 25 il ərzində həyata keçiriləcək.
Konqresin Nümayəndələr Palatası layihənin 19,5 milyard dollara başa gələcəyini bildirib və maliyyələşmənin artıq 2017-ci ildən başlayacağı elan edilib. İlk ekspedisiya ən geci 25 il ərzində həyata keçiriləcək. Senat üzvləri NASA-nın bu vəzifənin öhdəsindən daha qısa müddətdə gələcəyinə ümidlərini gizlətməyiblər.
Astronavtlar qonşu planetə "Space Launch System" raket qurğusunin köməyilə gedəcəklər. Onları Marsa aparacaq gəminin adı isə "Orion"dur.
ABŞ Qırmızı planetə qədəm qoymuş ilk ölkə olacaq. Tarixdə ilk dəfədir ki, belə bir təşəbbüs qanunvericilik səviyyəsində təsbit olunur. 25 illik büdcənin əvvəlcədən təsdiq edilməsi layihəni gələcəkdə siyasi ab-havanın dəyişməsindən qorumalıdır.
ABŞ prezidentliyinə keçmiş namizəd senator Ted Kruz jurnalistlərə bildirib ki, kosmik ekspedisiyaları siyasətdən qorumaq istədiyinə görə layihəni dəstəkləyib. Barak Obama prezident olandan sonra Corc Buş administrasiyası vaxtı başlanmış "Constellation" layihəsini rəsmən dayandırmışdı. Bu layihə Aya uçuşların davam etdirilməsini nəzərdə tuturdu.