Keçid linkləri

Təcili xəbərlər

Bəşəriyyəti xilas etmək istəyən gənc


Bir kinoşünas rəfiqəm var. İstər azərbaycan, istər sovet, istər dünya kinosunu çox gözəl bilir. Ölkədə öz peşəsini yaxşı bilən adamlardan biridir. Burda bir qeyd etmək istəyirəm ki, belə adamlara son zamanlar daha çox hörmət etməyə başlamışam. O adamlara ki, onlar öz peşələrini yaxşı bilməklə yanaşı, başqa işlərlə məşğul olan adamlarla çəkişmir, paxıllıq etmir, onlara düz olmadıqlarını başa salmağa cəhd etmirlər.

Məsələn, yazıçıya paxıllıq etməyən və yazmaq öyrətmək istəməyən siyasətçiyə, jurnalistə xəbərin nə olduğunu öyrətmək fikrindən uzaq olan menecerə, müəlliməyə topa bülleteni necə atmalı olduğunu öyrətmək istəməyən dərziyə daha çox hörmət edirəm. Hərə öz işini görsə, hərə öz gördüyü işdə uğurlu olmağa çalışıb, başqalarını rahat buraxsa, bu da bir toplum olaraq, bizə xeyli gözəl töhvələr verə bilərdi.

...sonra başa düşdüm ki, kinoşünas xanım nəyəsə baxanda adi tamaşaçı kimi baxa bilir. Içindəki, beynindəki tənqidçini qoyur bir qırağa, sadə tamaşaçı kimi baxır, ucuz zarafatlara gülür, pafoslu sevgi etiraflarından təsirlənir, bir sözlə, dincəlir.

Qayıdaq rəfiqəmə. Adının çəkilməsini çox da xoşlamayan o ziyalı xanım bəzən rahatca oturub bərbad filmlərə baxır. Ucuz, məişət mövzulu demir, sevgi serialları demir, cənubi koreya, hind serialları demir, yerli ucuz komediyalar demir, ağlına gələn hər şeyə oturub maraqla baxır. Bir-iki dəfə soruşdum ki, özün də yaxşı kinonun nə olduğunu bilə-bilə, bu bərbad şeylərə necə baxırsan?

Mənə konkret cavabı qəfildən və müdrikcəsinə verməsə də (ümumiyyətlə o konkretlik, müdriklik, ağıllı olmaq kimi şeylərə heç iddialı deyil) bir müddətdən sonra başa düşdüm ki, kinoşünas xanım nəyəsə baxanda adi tamaşaçı kimi baxa bilir. Içindəki, beynindəki tənqidçini qoyur bir qırağa, sadə tamaşaçı kimi baxır, ucuz zarafatlara gülür, pafoslu sevgi etiraflarından təsirlənir, bir sözlə, dincəlir. Nədən ki, bu ehtiyaclar normal, sadə insani ehtiyaclardır.

Son dövrlərdə həm mövzu, həm də üslub yeniliyi baxımından bir neçə maraqlı azərbaycan filmi izləmişəm. Xüsusilə gənc auditoriyaya hesablanmış bu filmlər barədə uzun-uzadı müzakirələrin şahidi oldum. Çox maraqlıdır. Kino, kino tarixi, nəzəriyyəsi, üslublar, cərəyanlar və daha nələr barədə heç bir məlumatı olmayan gənclər necə rahatlıqla filmləri tənqid edir, rejissora filmi necə çəkməli, aktyorlara necə oynamalı, operatora kameranı hardan tutmalı, xlopuşkavurana xlopuşkanı necə vurmalı, bəstəkara filmin musiqisini necə bəstələməli, ssenaristə ssenariyə nələri daxil edib, nələri ordan çıxarmalı olduğu barədə necə də ağıllı və dəyərli məsləhətlər verirdilər. Kənardan ciddi-ciddi baxarsan, adama elə gələr ki, otuz ilin peşəkar ssenaristidi, rejissorudu, bəstəkarıdı, aktyorudur.

Oxucu, tamaşaçı, seyrçi olmaq heç vaxt onların ağlına da gəlmir.

Bu, bir gənc tipidir.

Oxucu, tamaşaçı, seyrçi olmaq heç vaxt onların ağlına da gəlmir. Necə ola bilər ki, bu insanlar lütf edib sadə oxucu ya tamaşaçı olsunlar? Qətiyyən ola bilməz. Onlar filmə kinotənqidçi kimi baxır, romanı ədəbi tənqidçi kimi oxuyur, mahnıya musiqişünas kimi qulaq asır, rəsm əsərini sənətşünas kimi seyr edir.

Kino, təsviri incəsənət, ədəbiyyat barədə heç bir nəzəri bilgiləri olmadığı faktı onları bir qram da narahat etmir. Sənət ekspertliyi onların anadangəlmə istedadlarıdır, sadəcə vaxtları yoxdur ki, bir az məşğul olub tənqidi məqalələr yazsınlar, xarici jurnallarda çap etdirsinlər. Vaxtları olsa belə, bu işləri lazımsız hesab edirlər, çünki sənətdən, sənət tənqidindən, ümumiyətlə mədəniyətdən, incəsənətdən daha ciddi məsələlər var. Məsələn, bəşəriyyəti xilas etmək.

Ya baxırsan ki, hansısa bir siyasətçini bir-iki cümlə, söz, hərf səhvinə görə ələ salır, dolayır, lağ edirlər. Çünki həm də siyasətçidirlər. İqtisadçı analiz verir – iqtisadçını lağa qoyurlar. Çünki həm də iqtisadçıdırlar. Lağ, dolaq obyekti hər kəs ola bilər. Tumanı iki qarış yuxarıdan geyinən model, efirdə sözü düz tələffüz etməyən müğənni, ləhcə ilə danışan tələbə, ifrat romantik status yazan qız... Çünki bu adamlar bəşəriyəti xilas etmək barədə düşünmürlər.

Feminizmdən, qadın haqlarından danışır, amma evdə bir torba zibil atmır ki, gün uzunu evdə əlləşən anasına kömək etsin.

Qayıdıb soruşsan ki, yaxşı bu rejissor pis-yaxşı film çəkib, bu aktyor pis-yaxşı oynayıb, bu operator pis-yaxşı kamera tutur, o model pis-yaxşı özünü, ailəsini dolandırır. Bəs sən nə öyrənmisən? Sən nə bacarırsan? Sənin ixtisasının adı nədir? Yaş olub 25, 30, 35. Normal iş yox, bacarıq yox, dil bilgisi yox, olan tək şey – bəşəriyyəti xilas etmək arzusudur. Amma bəşəriyyəti xilas etmək istəyən gəncə cibxərcliyi ana verir, sviteri də ata alır. Bəşəriyyəti xilas etmək istəyən gənc evdən çıxır, gün uzunu avara-avara, ac-acına çayxanaları dolaşıb, bəşəriyyəti xilas etmək istəyən digər dostları ilə bəşəriyyəti xilas etmək barədə uzun-uzadı söhbətlər edir. Axşam gəlib atanın, ananın kasıb evinə, kasıb süfrəsinə oturur. Amma ata-anaya da üstdən aşağı baxır, çünki onlar bəşəriyyəti xilas etmək barədə düşünmürlər.

Feminizmdən, qadın haqlarından danışır, amma evdə bir torba zibil atmır ki, gün uzunu evdə əlləşən anasına kömək etsin. Proletara, işçi sinfinə hörmətdən danışır, amma gedib fəhlə, ofisiant, qabyuyan işləmir, özünə sığışdırmır – əvəzində ata-ananın, yəni yenə o fəhlənin, müəllimənin, dayənin minnətli çörəyini yeyir. Fiziki işə nifrət edir. Özünü qətiyyən bağban, mebel ustası, çilingər-zad kimi görmür. Ömründə yerə bir ağac nədi, dibçəyə bir gül də basdırmır. Onun bircə işi var: bəşəriyyəti xilas etmək.

O gün uzunu bəşəriyyətin xilası barədə düşünür. O gün uzunu həyatının qayəsi, məqsədi, böyük planı olan bu xilası gerçəkləşdirməklə məşğuldur. Qalan hər şey onun gözündə mənasız, ucuz, dəyərsiz və qeyri-ciddidir.

Bu bəşəriyyəti necə xilas etməli, bu xilas nədən, hansı maddələrdən, bəndlərdən ibarətdir, hansı konkret əməllər tələb edir – bu barədə heç bir məlumat vermir. Bilmirəm, məlumatı var, vermir, yoxsa məlumatı yoxdur deyə vermir.

Ən son yazılan

XS
SM
MD
LG