Keçid linkləri

Təcili xəbərlər

Sonra deməyin ki...


SAKİTLİKDİR! AMMA BU, HEÇ NƏYİN ƏRƏFƏSİ DEYİL...

Referendumdan sonrakı ilk bir həftə və sükut... Əgər durub desək ki, insanlar nəyisə gözləyirlər, nəyinsə sorğaındadırlar, bu, həddən artıq böyük şişirtmə olardı...

İstər hakimiyyətin, istərsə də getdikcə seyrələn müxalifət adamlarının referendumdan sonra ölkədə “böyük dəyişikliklər”in baş verəcəyi və yeni “mərhələ”nin başlayacağı haqqında dedikləri hətta ən sadəlövh və romantik gənclərin belə ürəklərini tərpətmək iqtidarında deyil...

...elə bir məqam yetişib ki, ən mübariz saytlar belə tənqid bir tərəfə, hətta “avtoritarizm” sözünü yazmaqdan ehtiyat edirlər...

Bəlkə də ona görə ki, əslində “mərhələ” lap çoxdan, 1993-cü ildən başlayıb. İndisə elə bir məqam yetişib ki, ən mübariz saytlar belə tənqid bir tərəfə, “avtoritarizm” sözünü yazmaqdan ehtiyat edirlər...

Ona görə də “Bu gün nə baş verir?” sualından daha çox “Gələcəkdə nə baş verəcək? Bütün bunların axırı necə olacaq?” kimi suallar aktualdır.

Nə baş verdiyi əslində hamıya aydındır. Deyirlər, guya insanlar məlumatsızdır. Belə deyil. Çətinliklə da olsa, hər kəsin yetərincə məlumat almaq imkanı var. Sadəcə, böyük əksəriyyət özünü elə aparır ki, guya ölkədə baş verənlərin, yaşananların ona elə bir aidiyyəti yoxdur...

Görünür, bu da “mühacirət”in bir formasıdır – insanlar cismən bu ölkədə yaşasa da, ruhən çox uzaqdadırlar. Məsələn, mən onlarla adam tanıyıram ki, prinsipial olaraq Azərbaycan telekanallarına baxmır. Hətta onların çoxu Türkiyədə baş verən prosesləri daha diqqətlə izləyir, nəinki Azərbaycandakı olayları...

Buna da bax: Azad adamın çıxılmazlığı

Bu da təsadüfi deyil. Ənənəvi informasiya mənbələri, telekanllar, illərlə izlədiyimiz qəzetlər və saytlar artıq insanlara heç nə vermir. Onlar məlumatı daha çox qeyri-ənənəvi qaynaqlardan – sosial şəbəkələrdən və internet TV-lərdən, daha müstəqil, gənc saytlardan alırlar...

Yerli və ənənəvi, ən çox da alışdığımız informasiya mənbələrinə gəlidikdə isə, bir az əvvəldə dediyimiz kimi, onlar artıq “avtoritarizm” sözünü də işlətməkdən çəkinirlər...

Ənənəvi informasiya mənbələri, telekanllar, illərlə izlədiyimiz qəzetlər və saytlar artıq insanlara heç nə vermir.

Vəziyyət belədir. Şübhə yox ki, bunlar son nəticədə heç də yaxşı, normal və sağlam proseslərə yol açmayacaq.

Sovetlərin vaxtında Moskva Universiteində bu sətirlərin müəllifini təəccübləndirən ilk detal heç bilirsinizmi, nə olmuşdu? Auditoriyalarda stolların üstü əsl “qəzet” idi!..

Nələr yazmırdılar burada?! Sevilməyən müəllim və professorlara “məktub”lardan tutmuş antisovet və antikommunist şüarlarına qədər hər şey!..

Üstündən xeyli keçəndən sonra bunu daha yaxşı anlayırıq. İnsanların içində toplanmış neqativ enerji, etiraz və qəzəb mütləq harasa çıxmalıdır. İndi azərbaycanlılar sosial şəbəkələr vasitəsilə narazılığını, etirazını ifadə etməyə çalışır. Amma buna da müdaxilə etməyə, onu da məhdudlaşdırmağa çalışırlar. Elə “stol -qəzetlər”i də ona görə xatırladıq. Hakimiyyətin “məntiq”ini heç cür başa düşmək olmur. Doğrudanmı, bunlar istəyir ki, burada da insanlar durub divarları yazmağa başlasınlar?!.

“AXI BİZ NƏ ETMİŞİK?” SUALI VƏ...

Yeni “mərhələ”yə gəldikdə isə, hakim siyasi elita üçün həqiqətən də yeni dövr başlayır – o, öz səlahiyyətlərini bir az da artıracaq və ölkəni demək olar, təkbaşına idarə etmək imkanları qazanacaq...

Ən maraqlısı bilirsinizmi nədir? Dünyada referendumlar çox məqsədlər üçün keçirilir. Amma siyasi məzmunlu referendumlar daha çox bir istiqamətə yönəlir – cəmiyyətdə hüquq və azadlıqların genişləndirilməsinə, hakimiyyətin səlahiyyətlərinin azaldılmasına...

...filosofun sözləri yada düşür: “Şərqdə yalnız hökmdarlar azad olublar”...

Burada bir filosofun sözləri yada düşür: “Şərqdə yalnız hökmdarlar azad olublar”... Ona görə də Azərbaycanda daha çox hakimiyyətin səlahiyyətlərini artırmaq üçün keçirilən “referendum”lara təbii baxmaq lazımdlır...

Ən maraqlısı hakimiyyətin özünə qarşı yönələn tənqidlərə reaksiyasıdır. Bir uşaqlıq xatirəm yada düşür. Bir nadinc sinif yoldaşımız vardı. Müəllimlərə aman vermirdi. Hər dəfə də müəllimlər ona çımxıranda, irad tutanda soruşurdu ki, “müəllim, mən nə etmişəm?”

İndi Azərbaycan hakimiyyətinin də tənqidlərə reaksiyası eynilə belədir. Tənqidlərdən möhkəm təəccüblənirlər və “Axı biz nə etmişik ki?” – deyə soruşurlar. Adam lap az qalır hayqırsın: “Daha nə etməli idiniz ki? Məgər bütün bunlar azdırmı?”..

Daha bir sual verəcəyik. Bir qədər ritorik və hətta sadəlövh görünə bilər. Amma soruşmaqdan da özümüzü saxlaya bilmirik: “Əcaba, bu, sonuncu referendum idi, yoxsa başıbəlalı Konstitusiyaya yenə də hansısa düzəlişlər olacaq?”. Bizə elə gəlir ki, bu son deyil. Məsəl var, deyirlər, iştah diş altındadır – bəli, maneə görməyən hakimiyyətlər həmişə genişlənməyə cəhd edir...

O ki qaldı cəmiyyətə, “Hər cəmiyyət onu idarə edən siyasi hakimiyyətə və yaşadığı siyasi sistemə layiqdir” sözlərini xatırlatmaqdan çox uzağıq. Amma heç olmasa, elə yaşayaq ki, sonra “Axı bu necə və nə vaxt baş verdi?” deyə soruşmayaq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG