Samsung şirkəti, bütün səylərinə baxmayaraq, Galaxy Note 7 model smartfonlarının öz-özünə alışması probleminin qarşısını ala bilmir. Bu günlərdə, bu dəfə yeni, “təhlükəsiz” seriyadan olan daha bir smartfon ABŞ-da 13 yaşlı Ebbi Zuisin əlində alışıb. İstifadəçinin sözlərinə görə, telefonu əlində saxlayarkən o, “qəribə, yandırıcı isti” hiss edib. Ebbi telefonu dərhal yerə atıb, nəticəni isə fotoda görə bilərik.
Xoşbəxtlikdən, qız demək olar ki, xəsarət almayıb – yalnız bir barmağında yanıq izi qalıb. Ebbinin atasının sözlərinə görə, o, telefonu avqust ayında alb, sentyabrın 21-də isə proqram dəyişikliyinə görə smartfon yenisi ilə əvəz edilib. Sübut üçün Endryu Zuis müxbirlərə qəbz və smartfona aid bütün sənədləri təqdim edib.
Samsung-un nümayəndəsi bildirib ki, hazırda Zuislər ailəsiylə əlaqə saxlayaraq məsələnin həllinə çalışırlar. Xatırladaq ki, bir müddət əvvəl yeni Galaxy Note 7 smartfonu təyyarə göyərtəsində də alışıb yanıb, nəticədə isə təyyarənin uçuşu təxirə salınıb. Bundan sonra şirkət bu model qurğuları geri çağırıb və yeniləri ilə əvəz edib. Lakin sonuncu alışan telefon məhz bu, yeni partiyadan olub.