Keçid linkləri

Təcili xəbərlər

Alsqeymer xəstəliyinin ümidverici müalicəsi sınaqdan keçirilir


Molekulyar bioloqlar Alsqeymer xəstəliyinin müalicəsi üçün ilk retrovirus terapiyasını yaradaraq, müvaffəqiyyətlə nəticələnən sınaq təcrübəsi keçiriblər. Bioloqlar siçanlarda bu xəstəliyin inkişafını dayandırmağa müvəffəq olublar. Alsqeymer xəstəliyi beyində sinir hüceyrələrinin məhv olmasına və yaddaşla bağlı problemlərin yaranmasına səbəb olur.

...eksperimentlərin nəticələri göstərir ki, gen terapiyasını Alsqeymer xəstəliyinin müalicəsində istifadə etmək mümkündür.

“Hələ ki, əminliklə iddia etmək olmasa da, eksperimentlərin nəticələri göstərir ki, gen terapiyasını Alsqeymer xəstəliyinin müalicəsində istifadə etmək mümkündür. Bunun üçün biz hələ çox maneələri keçməliyik. Gen terapiyası hələ ki, yalnız birbaşa beyinə müdaxilə ilə tətbiq edilir”, deyə London İmperial Kollecinin bioloqu Maqdalena Sastre bildirib.

Hesab edilir ki, Alsqeymer xəstəliyi neyronlarda patogen maddələrin – beta-amiloid züllalının yığılması nəticəsində yaranır. Bu proses zamanı sinir hüceyrələri sıradan çıxır.

Son iki il ərzində bioloqlar bu xəstəliyin yaranma səbəblərini və mahiyyətini analamaqda xeyli irəliləyiblər. Belə ki, araşdırmalara görə, Alsqeymer yoluxucu xəstəlik də ola bilər. O da məlum olub ki, beta-amiloid ləkələri anadangəlmə immun sisteminin bir həssi ola bilər, bundan başqa bioloqlar, həmçinin, ümidverici müalicə üsullarının üzərində işləyirlər.

Bu üsullardan biri – hüceyrənin özünütəmizləmə və hüceyrə metabolizmində iştirak edən PPARGC1A zülalını beta-amiloid ləkələri ilə mübarizəsini daha da aktivləşdirməkdir. Sastre və həmkarlarının fikrincə, buna gen terapiyası vasitəsilə nail olmaq olar. Tədqiqatçılar bu genin əlavə surətlərini hippokamp hüceyrələrinə, beynin mərkəzinə daxil edirlər.

Bu ideyanı yoxlamaq üçün alimlər Alsqeymer xəstəliyi olan siçanlar yetişdiriblər. Təcrübədə onlar PPARGC1A geni əlavə edilmiş xüsusi retrovirusu siçanların beyninə inyeksiya ilə daxil ediblər. İkinci qrupu isə virusu olmayan siçanlardan ibarət olub.

Buna da bax: Kanadalı tələbələr nəşə yetişdirmək öyrənəcək

Dörd aydan sonra alimlər hər iki qrup siçanların durumunu müqayisə ediblər. Məlum olub ki, PPARGC1A-nın surətləri gəmiricilərin sağlamlığına müsbət təsir göstərib. Beta-amiloid ləkələrinin sayı kəskin şəkildə azalıb və Alsqeymer xəstəliyinin inkişafının qarşısı alınıb.

Alimlərin sözlərinə görə, inyeksiya yeridilmiş gəmirici qrupunun yaddaşı da normallaşıb, onlar labirintdən çıxma tapşırığının öhdəsindən asanlıqla gəliblər. Sağalma faktını sübut edən digər bir məqam da odur ki, müalicə zamanı bir sinir hüceyrəsi belə məhv olmayıb. Adətən isə xəstəliyin son mərhələsində neyronların kütləvi şəkildə məhvi müşahidə olunur.

Alimlər ümidvardırlar ki, bu nəticələr retrovirus vaksinin hazırlanmasında, onun birbaşa beyinə yeritməyi tələb etməyən istifadə üsulunun tapılmasında yardımçı olacaq. Alimlərə görə, gen terapiyası nəinki xəstəlik zamanı, onun inkişafını dayandırmaq məqsədilə də istifadə ediləcək.

XS
SM
MD
LG