Keçid linkləri

Təcili xəbərlər

Xərçəngə çətin ki, tam qalib gələk, amma...


Xərçəngə qalib gəlmək müasir elmin əsas məqsədlərindən biridir. Hər il bu mövzuda çoxsaylı araşdırmalar aparılır və bir sıra mütəxəssislər yaxın gələcəkdə bu problemin həll olunacağını düşünürlər. Ancaq, Avropa Tibbi Onkologiya Cəmiyyətinin Kopenhagendə keçirilmiş konfransında iştirak edən bəzi alimlər bəşəriyyərin xərçəngə tam qalib gəlməsinə şübhə ilə yanaşırlar. Tədqiqatçıların fikirləri videnskab.dk elmi portalında dərc edilib.

Çox güman ki, xərçəngi xroniki xəstəliklər sırasına keçirmək, onunla on illərlə yaşamaq mümkün olacaq.

Alimlər bildiriblər ki, elmin gələcəkdə xərçəngə tamamilə qalib gəlməsi ehtimalı azdır. Çox güman ki, xərçəngi xroniki xəstəliklər sırasına keçirmək, onunla on illərlə yaşamaq mümkün olacaq.

Avropa Tibbi Onkologiya Cəmiyyətinin builki konfransına dünyanın 130 ölkəsindən 20 min tədqiqatçı qatılıb.

«Hesab edirəm ki, milyon illərlə mövcud olmuş xəstəliyin kökünü kəsmək barədə arzular yalnız xülyadır. Bizim xərçəngə qalib gələ biləcəyimizi düşünmürəm, ancaq inanıram ki, onu ölümcül xəstəlik olmaqdan çıxararaq, xroniki xəstəliyə çevirə biləcəyik», Danimarka Onkoloji Cəmiyyətinin tədqiqat departamentinin rəhbəri Jorgen Olsen belə deyib.

Kanadada işləyən danimarkalı bioloq Mads Dauqor da onun bu fikri ilə razıdır. Dauqorun ötən il dərc etdirdiyi məqalə böyük səs-küyə səbəb olmuşdu. Məqalədə gələcəkdə xərəngin bir çox növünü müalicə edə biləcək perspektivli metodikadan söz açılır. Bu müalicə üsulunda dərmanlar hüceyrələrə təbiətdə malyariya parazitinin istifadə etdiyi zülalın köməyilə çatdırılır.

Buna da bax: Alsqeymer xəstəliyinin ümidverici müalicəsi sınaqdan keçirilir

«Biz xərçəng xəstəsini tam sağalda bilən üsulu tapmayacağıq. Ancaq zaman keçdikcə bizim metod arsenalımız o qədər genişlənəcək ki, xəstənin bütün həyatı boyu biz xəstəliyə müxtəlif tərəflərdən hücum edə biləcəyik. Biz elə bir dünya qura biləcəyik ki, orada insanlar xərçəngdən ölməyəcək», - tanınmış alim deyir.

Alim ümid edir ki gələcəkdə xərçəngin bütün növlərinin ümumi bir cəhətini tapmaq mümkün olacaq: bu, daha effektiv terapiya yaratmağa kömək edəcək.

Ancaq mütəxəssisin fikrincə bu halda belə "möcüzəli vasitədən" danışmaq mümkün olmayacaq. Odur ki, müalicə üçün bugünkü kimi müxtəlif metodlardan yararlanmaq lazım olacaq.

Alimlərin fikrincə, xərçəngin dözümlülüyünün səbəbi onun mutasiya etmək və fərqli şəraitlərə uyğunlaşmaq qabiliyyətindədir. Xərçəngin bütün bədənə yayılması və yeni formalara keçməsi də ona qalib gəlməyə imkan vermir.

XS
SM
MD
LG