RUSİYA Əl ƏSƏDİ NƏYƏ DƏYİŞƏ BİLƏR?
Rusiya prezidentinin Türkiyəyə enerji sammitinə şəxsən özünün yollanması dərhal medianın diqqətini cəlb etdi. Elə bu vaxta qədər də Vladimir Putin Türkiyəyə səfər etmiş ilk Rusiya rəhbəri idi...
İndiki məqamda isə o, Türkiyəyə hansısa bir yüksək rütbəli məmuru – nazir səviyyəsində birini göndərə bilərdi. Amma şəxsən özü səfər etmək qərarına gəldi. Bu isə, təbii, ehtimal doğurdu ki, Putin Türkiyə rəhbərliyilə daha yaxın kontaktlara can atır...
Elə Türkiyə ilə Rusiya arasında da Suriya məsələsində kifayət qədər fərqlər var.
Kontaktların sıxlaşmasını tələb edən amillər isə yetərincədir. Bəlkə də birinci Suriyadan başlamaq olardı. Təəssüf ki, bu müstəvidə hələ ABŞ-la Rusiyanın dialoqu alınmır.
Bunu ən azı ABŞ dövlət katibinin Suriya ilə bağlı mediaya sızan fikirlərindən duymaq olar. Elə Türkiyə ilə Rusiya arasında da Suriya məsələsində kifayət qədər fərqlər var. Bura Bəşər əl Əsəd hakimiyyətinə münasibətdən tutmuş Suriyadakı kürd hərbi birləşmələrinə münasibətə qədər böyük bir spektr daxildir.
Doğrusu, inanmıram ki, Türkiyə ilə Rusiya bu məsələdə anlaşa bilsin. Birincisi, ona görə ki, Türkiyə öz əsas müttəfiqini – ABŞ-ı tamam kənarda qoya bilməz. İkincisi, bir sual heç də ritorik deyil: Rusiya heç Suriya məsələsinin həll olunmasını istəyirmi?..
Siyasətdə belə bir fənd var: bir problemi unutdurmaq istəyirsənsə, digər bir problem yarat. Bu vaxta qədər hamının diqqətində daha çox Ukrayna problemi idi. Rusiya Suriyaya müdaxilə edəndən sonra sanki Ukrayna məsələsi arxa plana keçdi və müvəqqəti olaraq aktuallığını itirdi. Amma Rusiyanın ümidlərinə rəğmən və nə yaxşı ki, tamamilə yaddan da çıxmadı...
...yəqin Moskvada da başa düşürlər ki, Suriya Rusiya üçün çox uzaq məsafədir. İran körfəzinin isti sularına çıxmaq Rusiyanın çoxdankı arzusu olsa da.
Böyük ehtimalla Rusiya hesab edirdi ki, Suriyaya müdaxilə edərsə, Ukrayna Rusiya ilə Qərb arasında “siyasi torq” predmeti olacaq və ABŞ, eləcə də digər ölkələr Krımın ilhaqı ilə barışmalı olacaqlar. Amma dediyim kimi, müəyyən qədər unudulsa da, Krım tamam yaddan çıxmadı...
Yaxın Şərq despotları ilə siyasi alver etmək Rusiyanın çoxdankı şakəridir. İndi də güman edirəm ki, Moskva Əsədin, necə deyərlər, “qara göz”lərinə aşiq olub. Üstəlik, yəqin Moskvada da başa düşürlər ki, Suriya Rusiya üçün çox uzaq məsafədir. İran körfəzinin isti sularına çıxmaq Rusiyanın çoxdankı arzusu olsa da.
Amma indi Rusiya nəinki ABŞ-ın, hətta keçmiş SSRİ-nin “yerişini yeriyə” bilməz. Çünki Rusiya nəinki ABŞ, heç SSRİ də deyil... Fəqət, bəzən adama elə gəlir ki, ən azı Rusiyanın prezidenti heç cür bu reallıqla hesablaşmaq istəmir...
Hətta istisna deyil ki, Suriya məsələsində Putin Rəcəb Tayyib Ərdoğanı öz tərəfinə çəkmək istəyir. Fikirləşəndə ki, ABŞ-la Türkiyə, daha çox da Ərdoğan hakimiyyətilə ABŞ arasında kifayət qədər ziddiyyətlər var, buna fantaziya kimi də baxmırsan...
YADDAN ÇIXMAZ QARABAĞ...
Amma sammitin gedişində başqa bir detal da nəzərə çarpdı. Bu da Rusiya və Türkiyə prezidentlərinin yanında Azərbaycan prezidentinin də görünməsi idi. Hətta zahiri detallar belə onlar arasında çox isti münasibətlərin olduğuna dəlalət edirdi. Biz Türkiyə ilə Rusiya arasında isti münasibətlərin yaranmasını bir-iki ay bundan əvvəl, Sankt – Peterburq görüşündə də sezmişdik. Amma bütün bu yaxınlaşmalarda söz yox ki, bir məsələ xüsusi maraq kəsb edir – görəsən bütün bu proseslər Qarabağ probleminə necə təsir edə bilər?
Rusiya diplomatları ...işarə edirdilər ki, Qarabağ probleminin həlli həm də Ermənistana qarşı blokadanın götürülməsini tələb edir. Bu, isə Türkiyəni prosesə cəlb etmədən mümkün deyil...
Hələ Sankt – Peterburq görüşündə Ərdoğan təklif etmişdi ki, Qarabağ problemini çözmək üçün xüsusi bir Rusiya-Türkiyə formatı qurulsun. Düzdür, o vaxt bunu Ərdoğanın bir qədər emosiyaya qapılması kimi yozdular, çünki nə o vaxt, nə də sonra Putin bu təklifə heç bir reaksiya vermədi...
Amma digər bir detal da var. “Lavrov-Putin” planı meydana çıxandan Rusiyanın bu prosesdə Türkiyəyə də xüsusi önəm verdiyi bildirilmişdi və hətta Minsk Qrupunun həmsədrləri Ankaraya səfər edib Qarabağ problemini orada da müzakirə edəcəklərini demişdilər. Düzdür, sonradan yozdular ki, bu, heç də Türkiyənin rolunu qabartmaq deyil – belə müzakirələr Minsk Qrupu ölkələrinin hər birinin paytaxtında keçirilə bilər...
Amma Rusiya diplomatları bir qədər fərqli vədlər verirdilər. Onlar işarə edirdilər ki, Qarabağ probleminin həlli həm də Ermənistana qarşı blokadanın götürülməsini tələb edir. Bu, isə Türkiyəni prosesə cəlb etmədən mümkün deyil...
BÜTÜN KONFLİKTLƏRİN PƏRDƏARXASI – ENERJİ...
Qərəz, prosesin ümumi mənzərəsi belədir. Bəlkə də yaxın vaxtlarda bu mənzərəyə hansısa yeni çalarlar əlavə olunacaq. Ola bilsin, Ermənistan və Azərbaycan prezidentlərinin az qala yaddan çıxmış növbəti görüşü bu dəfə yada düşəcək...
Buna da bax: Hər şey hakimiyyətin insafına qalanda...
Sonda bir detalı da qeyd edim... Təbii ki, enerji sammitində enerji məsələlərini bir tərəfə qoyub köhnə və yeni münaqişələrdən bəhs etmək bir qədər qəribə görünəcək. Üstəlik, qlobal enerji layihələrilə bağlı problemlər də az deyil və bəzən onlar da sırf geo-siyasi problemlər kimi təzahür edir...
Amma kimdən soruşsan ki, Türkiyə-Rusiya təmaslarında ən ümdə problem nədir, dərhal qayıdacaq ki, Suriya... Eləcə də hansı azərbaycanlıdan soruşsan ki, Türkiyə-Rusiya yaxıblaşması sənin üçün hansı aspektdən maraq kəsb edir, o da deyəcək ki, Qarabağ problemi nəzərindən...
Ona görə də sırf enreji məsələlərini bir tərəfə qoyduq. Hərçənd ki, bəzən bu və ya digər etnik-ərazi münaqişələrinin arxasında məhz bircə məsələ dayanır – enerji mənbələrinə nəzarəti ələ keçirmək...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.