Keçid linkləri

Təcili xəbərlər

Gənclik qayğıları


Günel Mövlud
Günel Mövlud

Təxminən 10 il əvvəl işlədiyim qəzetdə müxbirlər arasında ən yüksək maaşı mən alırdım. Ikiqat az qonorar alan qadın həmkarlarım məndən yaxşı geyinir, baha ətir vurur, salonlarından qalmırdılar. Hər həftsəsonu da mənim adlarını belə bilmədiyim o qlamur kafe sənin, bu steyk-haus mənim gəzirdilər.

Özüm bu ziddiyyətli fərqə fikir verməsəm də, bir dəfə xanımlardan biri dilə gəldi. Dedi ki, bizdən ikiqat artıq pul alırsan, soruşmaq ayıb olmasın, o pulu neynirsən ki? Brend geyinmirsən, bahalı ətir almırsan, qlamur kafelərdə yemirsən. Xəsis adama da oxşamırsan ki, deyək özünə də əli açılmır. Fikirləşdik ki, bəlkə özünə cehiz yığır, amma bilirik ki, bu söhbətlərlə də aran yoxdu. Doğrudan, düzünü de, neynirsən o pulu?

Dedim, ay sağ ol. Amma 6 nəfərlik ailədə işləyən təkcə mənəm. Maaşımla 6 nəfərin yeməyini, paltarını, dərmanlarını almalıyam.

Bir az onun ailəsi barədə sual verdim. Məlum oldu ki, bir qardaşı var, o da, ata-anası da işləyir. Mərkəzə yaxın evləri var, hərdən piyada da gələ bilir işə. Evdə onun qazancına ehtiyacı olan heç kim yoxdur, əksinə, özünün pulu qurtaranda valideynlərindən, qardaşından alır.

Dedim, ay sağ ol. Amma 6 nəfərlik ailədə işləyən təkcə mənəm. Maaşımla 6 nəfərin yeməyini, paltarını, dərmanlarını almalıyam. Evimiz Sumqayıtdadır, səhər işə çatmaq üçün bəzən taksiyə oturmalı oluram. Evdə xarab olan, qırılan nə olsa, mən düzəltdirməliyəm. İndi hesabla, gör brend paltara, ətirlərə, restoranlara pul çatırmı?

Buna da bax: Putinin Türkiyəyə daha bir səfəri və payızın ilk ümidli günləri...

Iş yerlərimi dəyişdikcə, gördüm ki, özüm kimi qızlar, oğlanlar çoxdur. Bir ailənin yükünü çəkən, gəncliyi bu qayğılar içində xərclənib gedən o qədər gənclər var ki. Onların tayları maaşını yığıb səyahət edəndə, xaricdə oxumaq barədə düşünəndə, geyiminə, əyləncəsinə pul xərcləyəndə, bu gənclər atalarına dərman almaq, analarının dişlərini düzəltdirmək, balaca bacı-qardaşlarını oxutmağın dərdini çəkir. Bu dərdlərin altında qocalır, gənc ikən üzləri qırışır, həvəsləri sönür. Zirəkləri görür, belə davam etməyə can, əsəb tab gətirmir, başlayır özünə “güzəran düzəltməyə”. Yaltaqlanmağa, həmkarlarını satmağa, alçalmağa. Bu yolla özünə, qohumlarına gün ağlayır, qohum-əqraba arasında zirək, işə yarayan adam adı alır.

Bunları bacarmayanlar isə elə o qayğılar içində qocalır. Ata-ana, bacı-qardaş, oğul-uşaq qayğısı nə həyatını yaşamağa imkan verir, nə dünyanı gəzməyə, nə əylənməyə.

Bunları bacarmayanlar isə elə o qayğılar içində qocalır. Ata-ana, bacı-qardaş, oğul-uşaq qayğısı nə həyatını yaşamağa imkan verir, nə dünyanı gəzməyə, nə əylənməyə. Adı da olur əfəl, uğursuz, xeyirə-şərə yaramayan.

Varlı ailədə, şəhərin mərkəzində, müasir ortamda doğulan, böyüyən, amma bu qədər avantajla savadsız, əclaf, yaltaq olmuş insanlara qarşı ikrahımın səbəbi həm də budur. Axı sən kəndli, kasıb, geridəqalmış ailələrdə doğulan yaşıdlarından 3-0, 5-0 irəli doğulmusan. Uşaqlığıında, yeniyetməliyində, gəncliyində yemək, paltar, ev, yol dərdi çəkməmisən. Doğuldun, bir az böyüdün, yaxşı məktəb, sonra yaxşı universitet, sonra səni işləməyə tələsdirən yox. İşə girdin, yer, mühit xoşuna gəlmədi, yenə çıxıb otura bilərsən evdə, yeməyin var, geyməyin var, evin var. Sənin yaxşı oxumaq üçün də, daha layiqli yerdə işləmək üçün də, qürurlu, ləyaqətli işçi, mütəxəssis olmaq üçün də şansın hansısa yetiminkindən on dəfə çoxdur.

Ev var, yemək var, paltar var, hansı kitab lazım oldu - almağa pul var. Sənə mane olan nədir axı, otur oxu, atom parçala, əsər yaz, nə bilim daha nə elə. Sən niyə savadsız olmalısan, sən niyə direktora yaltaqlanasan, sən niyə əclaf adam olasan axı?

...səni pis adam olmağa itələyən, məcbur edəcək şərtlər yoxdur. Amma sən yenə dana, heyvərə, əclaf, yaltaq insan kimi yetişirsən.

Sovetlərin sonlarına doğru, yenidənqurma dövründə sovet rejissorları illərlə içlərində yığılıb qalmış, amma azadlıq olmadığndan, qorxudan içlərində, beyinlərində saxladıqları planları, layihələri həyata keçirməyə başladılar. Xüsusilə sovetlərin gerçək həyatı barədə, pafosdan və siyasətdən uzaq xeyli maraqlı filmlər çəkilməyə başladı. Bunlardan biri də Todorovskinin “İnterqızcığaz” filmi idi. Film özünə varlı, xarici ər tapıb, xaricə köçmək və gözəl həyat yaşamaq istəyən Tanya adlı otel fahişəsi barədədir. Filmdə Tanyanın əyalətdən gəlmiş fahişə rəfiqələri ilə maraqlı bir dialoqu var. Əyalətdən gələn qızcığazlar onu ittiham edirlər ki, biz burada həm kirayə ödəməli, həm çörəyə, həm də paltara pul tapmalı idik. Sən isə buralısan, böyük şəhərdə doğulmusan, mədəni anan var, nə qədər kasıb yaşasanız da, başının üstündə öz damın, üstünə yağ yaxılmış bir tikə çörəyin həmişə olub. Sənin fahişə olmamaq şansın bizimkindən on dəfə artıq olub axı.

Doğrudan da, bədbəxtçilikdir. Sənin savad almağın, yaxşı mütəxəssis olmağın, çoxlu dil öyrənməyin üçün hər şərait var. Ən əsası, səni pis adam olmağa itələyən, məcbur edəcək şərtlər yoxdur. Amma sən yenə dana, heyvərə, əclaf, yaltaq insan kimi yetişirsən. Çox qəribədir, qəribə olduğu qədər də, kədərlidir. Ölkədə pul, kirayə, paltar, kitab, yemək dərdindən təhsilini davam etdirə bilməyən, amma içində oxumaq yanğısı olan nə qədər gənc var. Eyni zamanda yaxşı oxumaq üçün bütün şərtlərə, imkanlara sahib olub, heyvərə qalan nə qədər gənc var.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG