ÖZBƏK DOSTUMUZ NİYƏ NARAHAT İDİ?
Çoxdanın, bəlkə də iyirmi il əvvəlin söhbətidir. Varşavada polşalı hüquq müdafiəçisi M.Novitskinin seminarlarına qatılmışdıq.
Hər yerdən adamlar vardı. Qərbi və Şərqi Avropadan, hətta Monqolustdandan da gəlmişdilər. Bir nəfər də özbək vardı. Fasilələrdə onunla söhbətləşir, oradan-buradan, Azərbaycandan və Özbəkistandan danışırdıq.
Fikirli-fikirli dedi ki, yenə də ora – Özbəkistana qayıdacam, yenə çağıracaqlar, yenə izahat yazmağı tələb edəcəklər.
Seminarların bitməsinə bir-iki gün qalmış gördüm ki, özbək dostumuz bir az kədərli, hətta narahatdır. Səbəbini soruşdum. Fikirli-fikirli dedi ki, yenə də ora – Özbəkistana qayıdacam, yenə çağıracaqlar, yenə izahat yazmağı tələb edəcəklər.
Doğrusu, bu, mənə olduqca təəccüblü göründü. Düzdür, Özbəkistanda, eləcə də bütün Orta Asiyada siyasi vəziyyətin nə yerdə olduğunu, orada hansı siyasi rejimlərin hökm sürdüyünü yaxşı bilirdim...
Amma yenə də onun dedikləri mənə olduqca təəccüblü, hətta bir azacıq da qorxulu göründü, çünki lap sovetlərin ən qəddar dövrlərini - DTK-nın hakimi-mütləq olduğu çağları xatırladırdı adama...
Həm də o vaxt Azərbaycanda vəziyyət bir qədər fərqli idi. Demokratiya olmasa da, avtoritar sistem o qədər də sərt deyildi – azad media fəaliyyət göstərirdi, müxalifət vardı, QHT-lərin sayı günbəgün artırdı. O səbəbdən mənə - Qafqazın bəlkə də ən avtoritar ölkəsinin vətəndaşına özbək dostumuzun dedikləri çox təəccüblü göründü...
2003-CÜ İLDƏN ƏVVƏL VƏ SONRA...
Amma heç ağlıma da gəlməzdi ki, illər keçəcək, burada da vəziyyət sərtləşəcək, ictimai fəalları, jurnalistləri və müxalifət adamlarını “profilaktik söhbətlər” – “ürək söhbətləri” üçün hansısa idarələrə çağıracaq, orada onlara hansı məsələləri qaldırmağı, hansı məsələlərin üstündən isə sükutla keçməyi və necə yazmağı məsləhət görəcəklər...
1993-cü ildən bu tərəfəki vəziyyəti iki dövrə bölmək olar – 2003-cü ilə qədərki və 2003-cü ildən sonrakı.
Bəli, bir müddətdir ki, mediada yeni xəbərlər silsiləsi yer alıb – elə hey oxuyursan ki, kimlərisə harasa çağırıb söhbət ediblər..
Niyə belə oldu? Nə baş verir? Bəlkə də 1993-cü ildən bu tərəfəki vəziyyəti iki dövrə bölmək olar – 2003-cü ilə qədərki və 2003-cü ildən sonrakı.
Eyni bir hakimiyyətinin bu iki dövrünü birləşdirən xeyli məqamlar olsa da, müəyyən fərqlər də var. Hətta indi ən barışmaz müxalifətçilər belə etiraf edirlər ki, birinci dövr nisbətən mülayim idi, demokratiyanın özü olmasa da, hər halda, onun imitasiyası mövcud idi.
Amma 2003-cü ildən sonra vəziyyət çox kəskin şəkildə sərtləşməyə doğru getdi və hakimiyyətin hədəfinə elə məsələlər tuş gəlməyə başladı ki, birinci dövrdə - 2003-cü ilə qədərki kəsimdə adam bunu hətta ağlına belə gətirə bilməzdi.
İndi bəlkə də xırdalıqlara getməyin, keçmişdə eşələnməyin mənası da yoxdur. Çünki əsas müxalifətçi siyasi partiyalar demək olar ki, sıradan çıxarılıb, müstəqil media zorla duruş gətirir və getdikcə özünün əvvəlki prinsiplərindən geri çəkilməyə, hakimiyyətə qarşı daha çox loyallıq göstərməyə, necə deyərlər, ölkədə baş verənlərin birini görəndə, digərini görməməyə çalışır.
Buna da bax: Dünyəvi müxalifətə "Fatihə"
Ən təəccüblüsü isə odur ki, beynəlxalq institutların sözü də, tənqidi də daha əvvəlki kimi kəsərli deyil. Bir tərəfdən onları eşidən yoxdur, digər bir tərəfdən də onlar sanki özləri də razılaşıblar ki, artıq bu ölkədə heç nəyi dəyişmək mümkün deyil.
Daha bir düşündürücü məqam var. İctimai fəallar, bəzən də jurnalistlər ölkəni birdəfəlik tərk etmək məcburiyyətində qalırlar və bu prosesin təsiri özünü çox gözlətmir: haqsızlıqlara və zorakılıqlara qarşı etiraz edənlərin sayı azalır.
Büyün bunlardan başqa, düşünən, ölkənin gələcəyi üçün narahatlıq keçirən insanları xeyli sual qayğılandırır. Azərbaycanda hansı cəmiyyət formalaşır? Onun sosial immuniteti hansı səviyyədə olacaq? Belə bir cəmiyyət özünün və ölkənin azadlığını qorumaq iqtidarında olacaqmı?
NİHİLİSTLƏR ÖLKƏSİ...
Budur, ölkə müstəqilliyinin 25-ci ilini qeyd edir. Amma bu illər ərzində cəmiyyət o qədər aşınıb, o qədər ictimai “erroziya”ya məruz qalıb ki, az qala, böyük bir nihilistlər ölkəsi yaranıb.
Adam müxalifətə, ümumiyyətlə, siyasətə və siyasətçilərə inanmaya da bilər. Di gəl, adam nəyəsə inanmalıdır axı!
Mən başa düşürəm. İnsan hakimiyyətə inanmaya bilər. Adam müxalifətə, ümumiyyətlə, siyasətə və siyasətçilərə inanmaya da bilər. Di gəl, adam nəyəsə inanmalıdır axı!
“Mən siyasətlə-filanla maraqlanmıram!” - azərbaycanlıların ən çox işlətdikləri sözlərdir bunlar. Qalırsan mat-məəttəl. Soruşursan ki, sənin siyasətlə maraqlanmamağın səni nədənsə hifz edirmi, həyatını asanlaşdırırmı? Belə sosial davranış tərzi sənə karyeranda yardımçı ola bilirmi?
Ən maraqlısı isə bilirsiniz nədir? “Siyasətlə maraqlanmıram!” deyə-deyə demək olar ki, ölkənin hamısı hakim partiyanın üzvü olub! Səbəbini də soruşanda qayıdırlar ki, əşi, yazıblar da!
Elə bu səbəbdən də özlərinin dediyi kimi, siyasətə-filana qarşı etinasız olan, guya ki, “apolitik” azərbaycanlılar bəlkə də heç özləri də fərqində deyillər ki, onlar hakim partiyanın ən fəal yardımçılarıdırlar. Özlərinə elə gəlir ki, guya siyasətlə bir ilişgiləri yoxdur. Əslində isə hər şey tərsinədir. Ölkədə hər şey, bütün neqativ proseslər məhz onların “ad”ından və onların “istəyi” ilə edilir. Son nəticədə, bu və ya digər iş ona görə edilir ki, xalq belə “istəyir”, xalq bunu “dəstəkləyir”...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.