Keçid linkləri

Təcili xəbərlər

Gerçək Universitet nədir?


Rəhman Bədəlov
Rəhman Bədəlov

Rəhman Bədəlov Amerika yazıçısı Robert Pörsiqin “Dzen və motosikletə baxım sənəti” kitabından sitatla sözə başlayım. Kitabı nəvəm Ucal Qorçu bağışlayıb təzəlikdə. Tələsmədən, hər nöqtə-vergülünə vara-vara, yarıyacan oxumuşam.

“Gerçək Universitet – ağlın durumudur”

Pörsiqi dinləyək:

Əsl Universitet - idrakın, anlayışın aramsız selidir. Bundan azı ola bilməz.

«Gerçək Universitetin bəlli yeri-məkanı olmaz. Mülkiyyəti yox, maaş verməz, üzvlük haqqı götürməz. Gerçək Universitet – ağlın durumudur. Rasional düşüncənin yüzilləri yarıb-gələn ulu mirası laməkan sayılar. Ağlın belə durumunu gələnək-görənəklə professor adı daşıyan insan birliyi əsrlərcə qoruyub-yeniləyir. Di gəl, o professor adları da Universitet deyil. Əsl Universitet - idrakın, anlayışın aramsız selidir. Bundan azı ola bilməz.

İkinci “Universitet”?

Ağlın bu durumunu, bu “idrakı” bir çeşid hüquqi varlıq tamamlayır və o varlıq bədbəxtlikdən, əslində, tam başqa şey olsa da, eyni sözlə adlandırılır. O başqa şey ticari təşkilat deyil, bəlli ünvanlı dövlət müəssisəsidir. Onun mülkiyyəti var, maaş verə, pul götürə və qanunun basqılarını cavablandıra bilir.

Di gəl, bu – ikinci universitet, hüquqi korporasiya öyrədə, yeni biliklər istehsal edə və fikriləri dəyərləndirə bilmir. Bu, heç də gerçək Universitet deyil...

Di gəl, bu – ikinci universitet, hüquqi korporasiya öyrədə, yeni biliklər istehsal edə və fikriləri dəyərləndirə bilmir. Bu, heç də gerçək Universitet deyil – olsa-olsa, dini ibadət yeridir, dekordur, əsl məbədə əlverişli ortam yaradan məkandır...

Onlar (Pörsiq “onlar” deyərkən, 1-ci və 2-ci Universitet arasında fərqi görməyənləri nəzərdə tutur – R.B.) müəllimləri 2-ci universitetin muzdlu xidmətçiləri sayırlar: buyruq gəlincə, belələri digər korporasiyaların qulluqçuları kimi, idrakı rədd etməli, dirəşmədən əmri yerinə yetirməlidirlər».

“Bura Azərbaycandır, heç nə dəyişməz”?

Bizdə Pörsiqin söz açdığı “gerçək Universitet”lərin olmamasına zərrəcə nə sevinir, nə də, daha pisi, bunu tikanlı eyhamlara fürsət sayıram. Elə davranışlar çeynənib, həm də onları əyalət kifi basıb. Eynən “Bura Azərbaycandır – heç nə dəyişməz” şəklində ağır-batman nəticələrimiz kimi.

“Birinci Universitet”i yaratmaq gücünə sahib yetərli sayda adamlarımız, gənc insanlarımız var.

Birincisi, əminəm ki, dəyişə bilər.

“Birinci Universitet”i yaratmaq gücünə sahib yetərli sayda adamlarımız, gənc insanlarımız var. “Ağıl durumu”nun nə demək olduğunu anlayırlar, belə “ağıl durumu”na yetişmiş Universitetdə oxumağa qadir gənclərimiz də var.

İkincisi və daha əsas olanı...

Bizim hakimiyyət qorxuncdur, çünki...

Bizim hakimiyyət qorxuncdur, çünki yaratdığı “ikinci Universitet”i “dövlət” kimi qələmə verir. Hələ bir belə “dövlət”lə fəxr edir.

Di gəl, düzünü boynumuza alaq ki, bizim hakimiyyət elə bizim davamımızdır. Onun ayıbları elə bizim ayıbımızdır.

Bizim hakimiyyət qorxuncdur, çünki onillər boyunca (1970-ci illərdən bəri) elə seçir, elə dənləyir ki, “birinci Universitet” olmasın və hamımız buyruqqulu olan muzdlu qulluqçulara çevrilək.

Di gəl, düzünü boynumuza alaq ki, bizim hakimiyyət elə bizim davamımızdır. Onun ayıbları elə bizim ayıbımızdır. Bizim hakimiyyət elə bizim beynimizdəki “ikinci Universitet”dədir.

Bizim hakimiyyətin həyat normamıza çevrilən iki eybi

Bizim hakimiyyətin həyat normamıza çevrilən iki eybinə ayrıca diqqət çəkirəm.

Öncə “böyük hiylə” (və ya zirəklik) adlandığımdan başlayım. İrili-xırdalı hər şeydə aldatmaqdan, kələk gəlməkdən gedir söhbət. Nə qədər incə və mahiranədirsə, o qədər yaxşıdır. Təbii ki, belə qabiliyyəti daha çox olan, daha zirək biri lider olmalıdır. Alışdığımızdan əyalət iyinin fərqinə varmadığımız “bizim xeyrimizə” kimi yayılmış sözlər buradan qaynaqlanır. Beləcə, özümüzü dünyada “birinci Universitet”in olmadığına inandırmağa çalışırıq.

“Tacirliyi” iyrənc dərəcədə yanlış anlamaqsa hakimiyyətin ikinci eybidir. Məhz iyrənc dərəcədə yanlış, çünki “tacir” fiquru sivilizasiya – uyqarlıq tarixində çox önəmlidir. Əsl tacir pulunun qədrini bilir, onu havaya atmır, təmtəraqlı, ancaq mənasız qəsr və imarətlərə xərcləmir və ən başlıcası, başqalarının deyil, öz pulunu xərcləyir.

Bizim tacirlər pul saymır, daha nəyi ala biləcəklərini sayırlar:

  • öz vətəndaşlarının itaətini;
  • ölkə xaricindəki gərəkli adamların sözəbaxanlığını;
  • olimpiya çempionunu;
  • əcnəbi ssenarist və rejissoru. Bu baxımdan “Əli və Nino” filminin belə sönük alınması heç təəccüb doğurmaz.

Təki havayı pullar gəlsin, hələ nə qədər başqa şeyləri də satın almaq olar.

Gənclərlə görüşüb söhbətləşirəm. Son onillərin qorxunc seçmə-dənləmə siyasətinə baxmayaraq, var olacağımıza, yaşayacağımıza əminəm. Normal ağla sahib çox insanımız var və gələcək onlarındır.

Di gəl, həmin onillərin acı mirasını başımızdan çıxarmaq üçün inanılmaz işlər görməliyik.

XS
SM
MD
LG