Keçid linkləri

Təcili xəbərlər

Son 42 ildə vəhşi heyvanların yarıdan çoxu məhv edilib


1970-2012-ci illər arasında insanın fəaliyyəti nəticəsində Yer kürəsində onurğalıların - balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərin populyasiyaları 58% azalıb.

Ümumdünya Vəhşi Təbiət Fondu (World Wildlife Fund, WWF) və London Zooloji Cəmiyyətinin iki ildən bir hazırladığı "Canlı planet" ("Living Planet") hesabatının son nəşrində belə deyilir.

Hesabatda qeyd edilir ki, ən böyük ziyan şirin sularda yaşayan onurğalılara dəyib. Müəlliflərin hesablamalarına görə, göstərilən 42 il ərzində onların sayı 81% azalıb! Mütəxəssislər bildirirlər ki, bu müddət ərzində yerüstü onurğalı heyvanların populyasiyası 38%, dəniz onurğalıları isə 36% azalıb. Alimlər bu tədqiqatda balıq, suda-quruda yaşayan, sürünən, quş və məməlilərin 3506 növü barədə məlumatlardan istifadə ediblər.

Hesabatın müəlliflərinin çıxardığı nəticələrə görə, hazırda onurğalıların üzləşdiyi "ən geniş yayılmış təhlükələr" "yaşayış mühitinin itirilməsi, yaxud pisləşməsidir".

Ümumdünya Vəhşi Təbiət Fondunun baş direktoru Marco Lambertini qeyd edir ki, "alimlər on illər ərzində insan fəaliyyətinin canlıları kütləvi qırılmaya sürüklədiyi barədə xəbərdar edirdilər". "Hesabatda göstərilənlər bu proqnozu bir daha təsdiqləyir", - Lambertini yazır. Onun sözlərinə görə, insanın həyat fəaliyyəti və onun təbiətə təsiri ilə bağlı mövcud tendensiyanın davam edəcəyi təqdirdə, Yer üzündə heyvanların populyasiyaları bu onilliyin sonuna doğru 67% azalacaq.

Ən son yazılan

XS
SM
MD
LG