Keçid linkləri

Təcili xəbərlər

Bir daha mühacirət barədə


Günel Mövlud

Təxminən üç il əvvəl Almaniyaya gedəndə, Azərbaycanda mühacirət etməyimlə bağlı xəbər yayıldı. Ardımca ən yaxın dostlar belə min söz danışdı, olur-olmaz şeylərdə ittiham olundum. Halbuki, nə onda yaşadığımız bir il, nə də sonra, Tbilisidə yaşadığımız iki il ərzində Almaniyadan siyasi sığınacaq istəmədim.

Həmin günə bir həftə qalmış, həyat yoldaşımla oturub düşündük. Mühacir kimi müraciət edək, yoxsa Tbilisiyə dönüb, başqa yolla, iş, təhsil vasitəsilə Avropaya gələk.

Həmin ölkədə yaşadığımız bir il olduqca çətin keçdi, iş vizası almaq mümkün olmadı, xoşbəxtlikdən hamiləliyə görə oturum icazəsi ala bildik. Bu oturum icazəsinə qol çəkəndə Almaniya hökümətinə filan tarixdə bu ölkəni tərk edəcəyimlə bağlı vəd vermiş və imza atmışdım.

Həmin günə bir həftə qalmış, həyat yoldaşımla oturub düşündük. Mühacir kimi müraciət edək, yoxsa Tbilisiyə dönüb, başqa yolla, iş, təhsil vasitəsilə Avropaya gələk. Həyat yoldaşım mühacirəti təklif etdi, mənsə qəti şəkildə Tbilisiyə qayıtmağı təkid etdim.

Bu, uzun, əzablı, təhlükəli yol idi. Amma özümü, yeni doğulmiş körpəmi, həyat yoldaşımı atdığım bu əzablı yolu seçməyimin səbəbi vardı. Mən qaçqın kamplarına girmək, ailəmlə o kamplarda oturum gözləmək istəmirdim. Qaçqın düşərgələrinin təxminən necə bir yer olduğunu 5 il uşaqlığımı keçirdiyim çadır düşərgələrindən bilirdim.

Heç bir şəxsi ərazinin olmamasının, antisanitariyanın, yarıac-yarıtoxluğun, ən pisi də hər gün ətrafındakı insanların mənəvi, fiziki deqradasiyasına şahid olmağın, yerli insanlar üçün ikinci növ insan olmağın nə olduğunu o düşərgələrdən bilirdim artıq.

Azərbaycan höküməti etibarnamə verdiyimiz heç bir qohumumuza oğlumuzun şəxsiyyət vəsiqəsini vermədi. Onlarla insana, idarəyə müraciət etdik, yüzlərlə sənəd tərcümə etdirdik, notariuslar gəzdik, maaşımızı sənədlərə tökdük, heyhat, mümkün olmadı.

Beləliklə, Almaniya hökümətinin doğum haqda şəhadətnamədən başqa heç bir sənəd vermədiyi körpəmi qucağıma alıb, geri, Tbilisiyə qayıtdım. Həyatımın ən əzablı iki ili burada keçdi. Azərbaycan höküməti etibarnamə verdiyimiz heç bir qohumumuza oğlumuzun şəxsiyyət vəsiqəsini vermədi. Onlarla insana, idarəyə müraciət etdik, yüzlərlə sənəd tərcümə etdirdik, notariuslar gəzdik, maaşımızı sənədlərə tökdük, heyhat, mümkün olmadı. Şəxsiyyət vəsiqəsi, pasportu olmayan oğlumuz bununla da Gürcüstandan kənara çıxmaq imkanında məhrum oldu.

Bu iki il ərzində həyat yoldaşım alman dilini ixtisasına lazım olan səviyyədə öyrəndi. Almaniyada klinikalara müraciət elədi və iş təklifi aldı. Bu dəfə də Azərbaycan höküməti ona xaricdə işləmək üçün lazım olan sənədləri verməkdən imtina etdi. İmtina deyəndə ki, sadəcə cavab vermədilər, vəssalam. Uzun prosedurlar, xərclər, etibarnamələr – hamısı boşa getdi.

Sonuncu şoku Gürcüstan höküməti bizə iş oturumunu uzatmaqdan imtina edəndə yaşadıq. Verilən rəsmi cavabda göstərilən səbəb sadəcə səmimiyyətin son həddi idi – Gürcüstanın təhlükəsizliyi baxımından sizə iş oturumu verə bilmərik. Qara yelin hardan əsdiyi məlum idi – bu cavabı Azərbaycandan qaçıb Gürcüstana gələn digər müxalifətçilər də almışdılar.

Biz Azərbaycan vətəndaşı kimi bir il Gürcüstanda yaşamaq hüququna sahib olsaq da, bura iki il əvvəl gəlmiş oğlumuz qeyri-leqal vəziyyətə düşürdü. Gürcüstan höküməti bunu əsas gətirib, hər an bizi Azərbaycana deport edə bilərdi.

Bizim üç yolumuz qalırdı. Ya Azərbaycana qayıtmaq, ya Gürcüstandan siyasi sığınacaq istəmək, ya da birimiz Avropaya gedib, sığınacaq istəyək

Bizim üç yolumuz qalırdı. Ya Azərbaycana qayıtmaq, ya Gürcüstandan siyasi sığınacaq istəmək (bu da ümidsiz idi - Azərbaycandan müraciət edənlərin hamısı rədd cavabı almışdı), ya da birimiz Avropaya gedib, sığınacaq istəyək və oturum alandan sonra ailə birləşməsini gözləyək. Bu yolların hamısında ya uzunmüddətli ayrılıq, ya həbs, ya deport təhlükəsi vardı.

Qardaşlarım həbs ediləndə, mən bərk qorxmuşdum. Özümə, uşağıma, həyat yoldaşıma, digər ailə üzvlərimə nəsə edəcəklərindən... Amma çarəm yox idi, Gürcüstanda oturmalı idim, çünki oğlumu heç yana çıxarda bilmirdim. Saçım çəngəynən tökülür, boğazım qorxu və çıxılmazlıqdan udqunmaqdan düyün-düyün olurdu.

Bütün bu əzablara, qorxulara baxmayaraq, mən hər gün işləyir, vaxt tapan kimi müxtəlif jurnalist programlarına müraciət edirdim. Dəfələrlə oldu ki, imtina cavabı aldım. O programlara daha təhlükəli ölkələrdən olan jurnalistləri seçdilər. Amma həvəsdən düşmədim və müraciət etməyə davam elədim.

Günlərin bir günü programların birindən cavab gəldi. Hər insanın ömründə bəlkə bircə dəfə aldığı o sehrli, möcüzəli məktublardan biri. Biz sizi və bütün ailənizi Avropada iki il qonaq edəcək şəhər tapmışıq və sizi o şəhərə dəvət edirik. Program təşkilatçıları Gürcüstandakı hüquqi vəziyyətimizi öyrənəndə, bütün viza prosedurunu öz üzərlərinə götürdülər.

İndi mən ailəmlə son üç ildir ki, can atdığımız yerdəyəm. Programın şərtlərinə görə, oturumu bəri başdan alıb, ölkəyə girmişik. Bu o deməkdir ki, jurnalist programı bitəndən sonra istəsək, bu ölkədə qala bilərik. Bircə gün də qaçqın kampında gözləmədik. Göstərilən münasibət çox əladır, hörməti, ehtiramı öz yerində.

Bütün bunları niyə yazdım... son iki ildə başıma minbir oyun gəlsə sə, mən insan ləyaqətinə uyğun şərtlərdə yaşamağı bacarmışdım, qaçqın düşərgələrindəki alçalmalardan qaça bilmişdim.

Bütün bunları niyə yazdım... Gürcüstandakı iki il ərzində, dəfələrlə çıxılmazlıqda çabalayanda, düşünürdüm ki, axı biz Almaniyadan qayıtmaya, qaçqın kimi müraciət edə bilərdik. Və düşünürdüm ki, indiki çıxılmazlığı görəndən sonra, bir də eyni vəziyyətə düşsəm, eyni cür davranardımmı, geri qayıdardımmı. Hər dəfə də cavabım hə olurdu. Çünki son iki ildə başıma minbir oyun gəlsə sə, mən insan ləyaqətinə uyğun şərtlərdə yaşamağı bacarmışdım, qaçqın düşərgələrindəki alçalmalardan qaça bilmişdim. Və bir daha eyni vəziyyətə düşüb, çıxılmazlıqda amma ləyaqətlə yaşamağı seçərdim.

İndi, xüsusilə gənclərin ölkədən getmək yanğısını görüb, onları çox gözəl anlayıram. Azərbaycandan kim getmək istəyirsə, bu onun haqqıdır. Amma asan və qısa yolda siz gələcəkdə heç vaxt unuda bilməyəcəyiniz alçalmalardan, iyrəncliklərdən keçə bilərsiniz. Halbuki uzun və çətin olsa da, alternativ yollar var. Oxuyun, təhsil alın, progarmlara müraciət edin, Avropaya, Amerikaya mütəxəssis kimi, işçi kimi, vergi ödəyicisi kimi, yerli insanlarla bərabər haqları nəzərdə tutan şərtlər altında gedin.

O zaman sizə münasibət də başqa olacaq, Avropanın, Amerikanın da gözəl üzünü görəcəksiniz. Ölkədən getmək isədiyiniz üçün sizi qınayanlara da fikir verməyin. Hər kəs öz həyatını, gələcəyini özü seçir və qalanlar qaldıqlarına görə gedənlərə minnət qoymamalıdırlar.

Şərhlər (1)

Bu forum dayandırılıb

Ən son yazılan

XS
SM
MD
LG