Keçid linkləri

Təcili xəbərlər

Kişi və qadın sünnəti barədə


Sivil dünya qadın sünnətinin dəhşət olduğunu qəbul edir. Qadın sünnəti müasir ölkələrdə qanunvericiliklə qadağan olunur, müxtəlif beynəlxalq təşkilatlar bu qeyri-humanist, barbar ənənəyə qarşı aksiyalar, tədbirlər keçirir, qarşısını almaq üçün müxtəlif fondlar təsis edir, sorğular edir, maariflənmə ilə məşğul olur.

Bütün bu tədbirlər, aksiyalar, etirazlar olmasaydı, qadının cinsindən belə bərk-bərk yapışmış patriarxal toplumlar başımıza daha hansı oyunları açardılar.

Bütün bu tədbirlər, aksiyalar, etirazlar olduqca vacibdir və insan dəhşətə gəlir ki, hələ bütün bunlar olmasaydı, qadının cinsindən belə bərk-bərk yapışmış patriarxal toplumlar başımıza daha hansı oyunları açardılar.

Bununla yanaşı, məni daim heyrətləndirən bir məqam var. Niyə dünyanın hətta ən qabaqcıl ölkələrində belə kişi sünnəti (sivil şərtlər altında, məsələn cərrahın köməyi ilə) qəbulolunandır. Aşağı-yuxarı, az qala bütün ölkələrdə valideyn və ya hami həddi-buluğa çatmamış oğlan uşağını ən yaxşı halda cəraha aparıb ona sünnət edə bilər.

Maraqlıdır, niyə qadın bədəninə müdaxilə belə barbar hərəkət kimi qarşılandığı dünyada və zamanda kişi bədəninə müdaxiləyə göz yumulur. Niyə birinə cinayət, vəhşilik kimi baxan insanlar, qurumlar başqa cinsə qarşı eyni hərəkətə dözümlü yanaşırlar.

Bununla bağlı bir neçə məşhur argument var. Onlardan biri budur ki, qadın sünnəti ilə toplum onu cinsi həzzdən məhrum etmək məqsədi güdür və bu insan haqlarına ziddir. Oğlan uşaqlarında isə bunu humanist məqsədlərlə edirlər – gigiyena və ən əsas da cinsi həzzi artırma məqsədilə. Və nəhayətdə, dini mənsubiyyət faktoru var ki, məsələn yəhudilər və müsəlmanlar sünnət olmasa o dinə mənsub hesab edilmirlər.

Insan dinə cinsiyyəti ilə bağlı olmur axı, ürəyi və beyni ilə bağlı olur.

Başlayaq elə sonuncudan. Valideyn və ya hami hələ dinlər barədə məlumatı olmayan, dinin nə olduğunu tam anlamayan, dinlər arasında müqayisə aparıb, özünə daha uyğununu seçməyən uşağın yerinə niyə qərar verir və onu anlaqsız şəkildə bir dinə mənsub, daha doğrusu məcbur edir. Bəlkə sizin zorla müsəlman etdirdiyiniz uşaq sabah Musa və Məhəmmədə deyil, İsaya inandı, ya da heç birinə inanmayıb, Darvinə pənah apardı. O zaman onu bəri başdan sünnət edib, yəhudi, müsəlman etdirməyin nə mənası var.

Insan dinə cinsiyyəti ilə bağlı olmur axı, ürəyi və beyni ilə bağlı olur.

Deyək ki, sünnət sırf gigiyena məsələsidir. Yaxşı, bir orqan çirklənirsə, bəyəm onu kəsib atmaq vacibdir. Burnumuza, ağzımıza, qulaqlarımıza, göbəyimizə nə qədər bakteriya toplaşır, biz bunların bir hissəsini kəsib atırıq bəyəm. İkincisi də, gör insan nə qədər pinti olmalıdır ki, o bakteriyalar orda günlərlə yığılsın, yayılsın. Təmizkar, gündə yuyunan adamın harasındasa bakteriyalar dəhşətli şəkildə o qədər yayılması mümkün deyil. Pinti adamın isə harasını kəsirsən kəs, yenə bədəni bakteriya qaynayacaq.

Buna da bax: Bir daha mühacirət barədə

Keçək kişilərin az qala bağırdıqları və mübahisə obyekti olan arqumentə - guya sünnət cinsi həzzi artırır. Atam-qardaşım, anam-bacım, sənin nə işinə qalıb uşağın cinsi həzzinin dərdini bəri başdan çəkmək. Özü böyüyəcək, oxuyacaq, öyrənəcək, beyninə batsa ki, lazımdır, özü gedib kəsdirəcək. Xüsusilə bizimkilərin bu arqumenti bağırmaqları adama çox gülməli gəlir. Guya bunlar dəhşət övladlarının cinsi həzzinin zadının qayğısına qalandılar. Oğlunun qızla görüşdüyünü biləndə nervilənən, cinsi nədi, bütün həyatına nəzarət edən, oğullarını gəlinlərinə qısqanan valideynlərin guya uşaqlarının cinsi həzzi maraqlandırır. Dəhşət! Riyakarlığın son həddi.

Qohum-qardaş, tanış-biliş, uzaq-yaxın az qala hamı soruşur ki, nə vaxt uşağı kəsdirəcəksiz. Heç vaxt...

Kosmosdan ya Allahdan bizim də bir oğlumuz var. Qohum-qardaş, tanış-biliş, uzaq-yaxın az qala hamı soruşur ki, nə vaxt uşağı kəsdirəcəksiz. Heç vaxt. Mən oğluma nə din, nə gigiyena, nə həzz artımı sırıyan deyiləm. Onu normal insan kimi böyüdəcəm. Informasiya verəcəm, özü də oxuyacaq, öyrənəcək. Böyüyər, istəyər, gedər kəsdirər, istəməz də özü bilər. Mənim nə işimə qalıb. Mən özüm bunları düşünmədiyim halda, sizə nə olub?

Ümumiyyətlə, siz nə qədər başqasının cinsiyyət orqanı barədə düşünürsüz. Niyə belə edirsiniz, həyatınız niyə bu qədər bozdur ki, uşaq demirsiz, böyük demirsiz, qadın demirsiz, kişi demirsiz, mütləq kiminsə cinsiyyət orqanıyla maraqlanırsız. Rəhmətli İlhamə Quliyeva demişkən - Ellamayin belə şeylar....

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG