Keçid linkləri

Təcili xəbərlər

Burda kişi yoxdur


Bu yaxınlarda məşhur Hollivud aktrisası Şeron Stoundan bir sitata rast gəldim. Biz özümüz bir vaxt ərə getmək istədiyimiz oğlanlara çevrildik.

Doğrudan da, axı hər şeyi özümüz eləsək, şahzadəlik bir iş qalmayacaq. Heç nəyə yaramayan şahzadə isə, o qədər də cəlbedici deyil nədənsə.

Müəllimənin bu sözü məni xeyli düşündürdü. Sözün açığı, bu düşüncələrin canında bir az da səbəbini anlamadığım, anlasam da qəbul etmək istəmədiyim bir kədər payı da vardı. Əslində, burada düşünməli, kədərlənməli də bir şey yoxdur. Sənin arzuladıqlarını sənə qızıl məcməidə gətirəcək şahzadə gözləmək, doğrudan da nəyə lazımdır axı. Sənin ondan nəyin kəmdir. Qalx ayağa, qadın, özün arzularını həyata keçir. Bu arzularını özü həyata keçirən, biznesini quran, ailə dolandıran, telefonla həyatı idarə edən qadınlara hörmətim nə qədər böyük olsa da, nədənsə bir az da kədərlənirəm.

Doğrudan da, axı hər şeyi özümüz eləsək, şahzadəlik bir iş qalmayacaq. Heç nəyə yaramayan şahzadə isə, o qədər də cəlbedici deyil nədənsə.

Müasir rus yazıçısı Zaxar Prilepinin tərtib etdiyi, 2000-ci illərdə ədəbiyyata gələn rus qadın yazıçılarının əsərlərindən ibarət antalogiyada tərtibatçının ön sözü bu cümlə ilə başlayır: “Burda kişi yoxdur”. Müəlliflərin arasında deyil, məlumdur ki, qadın yazarlardan ibarət antalogiyada kişi müəllif olmayacaq. Yəni əsərlərdə də kişi yoxdur. Daha doğrusu, kişi var, amma ata kimi, oğul, qardaş, aradabir görünüb, yoxa çıxan sevgiliyəbənzər bir şey kimi var. Amma kişi həyatın kişisi, bir sözlə qəhrəman kimi yoxdur.

Bu qadınlar tək yaşayır. Onların bağlı olduqları işləri var. Onların həyatında ər, daimi kişi yoxdur. Onların dünyasında xrustallara, bəzək-düzəyə, flirtə, dəb dünyasına, gözəllik industriyasına, dietaya, gözəl görünmə cəhdlərinə yer yoxdur.

Antalogiyadakı əsərləri oxuyanda gördüm ki, Prilepin haqlıdır. Orda doğrudan da kişi yox idi. Müasir rus qadınlarının həyatını qələmə alan müasir yazıçı qadınlar dünyada trend olan yeni qadın obrazının başına dolanırlar.

Bu qadınlar tək yaşayır. Onların bağlı olduqları işləri var. Onların həyatında ər, daimi kişi yoxdur. Onların dünyasında xrustallara, bəzək-düzəyə, flirtə, dəb dünyasına, gözəllik industriyasına, dietaya, gözəl görünmə cəhdlərinə yer yoxdur. Onlar ana olur, amma ailəli olmur, onlar işləyir, pul qazanır, amma pulu bədənlərinə, üzlərinə, bir sözlə kişilərə xoş gəlmək üçün lazım olan şeylərə xərcləmir, onlar gecələr südlə bulka yeyir və kökəlməkdən qorxmur. Onlar ümumiyyətlə, kök olduqlarını veclərinə almır.

Bu qadınlar heç bir kişini hədəfə alıb, onu əldə etməyə çalışmır. Bu qadınlar kişilərə görə vərdişlərini dəyişmək, ev heyvanlarından imtina eləmək, rəfiqələrinə daha az vaxt ayırmaq istəmir. Bu qadınlar keçmişlərinə, ailə xatirələrinə, öz dünyalarına bağlıdırlar və sadiqdirlər. Onlar lap sevdikləri kişilərin də gözlərinin içinə baxıb, deyirlər: Mən sənə görə heç nəyimdən imtina etməyəcəm!

Kişilər bu dünyada arzu həyata keçirməli olan qızıl balıq kimidirlər. Lakin bu dünyanın qadınları bilirlər ki, bu balıq elə həmin gün, Nikah günü akvariumunda heç bir arzunu həyata keçirmədən öləcək...

Bu dünyada bütün kişilər qaranlıqda yox olur.

Yeni qadın gün işığına çıxır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG