Keçid linkləri

ABŞ-ın Kentaki ştatından olan uşaq psixologiyası mütəxəssisləri sübut etməyə çalışıblar ki, məktəbəqədər yaşda riyaziyyatla məşğul olmağa başlamaq uşaqların gələcək inkişafı üçün qiraətlə məşğul olmaqdan daha vacibdir.

Alimlər qeyd edirlər ki, valideynlərinin riyaziyyatdan kömək etdiyi uşaqlar gələcəkdə dəqiq elmlər sahəsində daha uğurlu olur və daha çox maddi gəlir əldə edirlər.

Alimlər həmçinin əmindirlər ki, valideynlərin hələ məktəbə qədər hesabı öyrətdiyi uşaqlar məktəbdə riyaziyyatın öhdəsindən daha yaxşı gəlirlər.

Alimlər iddia edirlər ki, valideynlər uşaqlarına elementar hesab bacarıqlarını 3 yaşdan başlayaraq öyrətməlidirlər. Onların sözlərinə görə, valideynlər bu yaşda uşaqlarına, məsələn, oyuncaqları birlikdə saymağı təklif edə bilər. Alimlərin fikrincə, ilk baxışdan bəsit və oxşar görünən tapşırıqlar bağça yaşlı uşaqların dünyagörüşünü genişləndirir.

Mütəxəssislərin fikrincə, anaları ilə birlikdə oyunlar oynayan, əşyaları sayan uşaqlar məktəbdə daha uğurlu olur.

Boston Kollecində aparılmış araşdırmanın "Child Development" ("Uşaq inkişafı") jurnalında dərc edilmiş nəticlərinə görə, belə uşaqlar birinci sinifdə toplama və çıxma məsələlərini daha rahatlıqla həll edə bilirlər.

Buna da bax: Yeniyetmələr bir “vanna” şirin içki içirlər

Boston Kollecinin Linç (Lynch) adına Məktəbinin təhsil psixologiyası üzrə professoru, tədqiqatın rəhbəri Bet Keysi (Beth Casey) deyir: "Bir çox balaca uşaqlar rəqəmlərin mənasını anlamadan 1-dən 10-a qədər saya bilirlər. 3 yaş ərəfəsində valideynlərin uşaqlara bir, iki, üç əşya göstərərək onların sayını anlatması vacibdir. Məsələn, bazarlığa gedəndə uşağa "Görürsən, çantamızda iki alma var" deyə bilərlər.

Bundan başqa, valideynlərin uşaqları əşyaları saymağa həvəsləndirməsi də vacibdir. Məsələn, "Zəhmət olmasa mənə üç fincan ver", "Burada neçə çiçək var?" kimi cümlələr işlətmək olar." Həmçinin, müxtəlif əşyaları cəmləyərək, onların ümumi sayını oyun şəklində anlatmaq da vacibdir. Bu anlayış uşağın ədədlərlə bağlı daha mürəkkəb bacarıqlarının əsasını təşkil edə bilər.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG