Keçid linkləri

Yazar dostum Murad Köhnəqala daha çox yadımda bu hadisə ilə qalıb.

Bir gün məşhur xalq şairi ziyafət təşkil edibmiş. Janr və estetikaca yox, bölgəcə özünə yaxın olan şairləri, yazıçıları dəvət edibmiş bu məclisə. Elə əhvalatı da şairin ora dəvət etdiyi, o bölgədən olan bir gənc şair danışmışdı mənə. Məclisin bir yerində xalq şairi ədalətdən, pak hisslərdən, ülvi şeylərdən danışanda, Murad Köhnəqala hirslənib və deyib:

Adam var, ona yarım kilo alçaqlıq üçün beş manat pul verirlər. O adam beş manatı alır, çalışır ki, 450 qram alçaqlıq eləsin. Amma sənə yarım kilo alçaqlıq üçün pul vermişdilər, sən isə bir kilo alçaqlıq elədin...

- Sənin hakimiyyətə yaltaqlanmağını, elədiyin alçaqlıqları bəlkə də bağışlamaq olardı. Deyərdik ki, kasıb olub, çıxış yolu olmayıb, xilası ancaq bu yolda görüb. Amma səni bilirsən niyə bağışlamaq mümkün deyil... Adam var, ona yarım kilo alçaqlıq üçün beş manat pul verirlər. O adam beş manatı alır, çalışır ki, 450 qram alçaqlıq eləsin. Amma sənə yarım kilo alçaqlıq üçün pul vermişdilər, sən isə bir kilo alçaqlıq elədin...

Bir neçə gün əvvəl Muradın müsahibəsini oxuyanda, onun öz qələm dostları barədə danışdıqlarını görəndə, elə Muradın özünün xalq şairinə dediyi sözlər yadıma düşdü. İnsanın özünün güldüyü obrazlara çevrilməyi çox acınacaqlıdır. Murada nə vəd edilib, ya da özü nələr gözləyir bilmirəm, amma nədənsə əminəm ki, onun gözlədiyi nədirsə o şeylərin müqabilində Muraddan öz keçmiş yoldaşları barədə bu cür danışmağı heç kim tələb etməyib. O özü, bir vaxtlar xalq şairinə irda tutduğu kimi, aldığı lütfün qarşılığında ondan gözlənilənin beşqatını edir.

Bəli, degradasiyanın əvvəli var, sonu isə yoxdur.

Normal çevrəsindən uzaq düşən insanın həssas məqamlar barədə düşünməyə daha çox zamanı olur. Bir də bu var ki, uzaqda olanda estetika, ideya baxmından özünə yaxın bildiyin adamları mənəvi tənəzzülə aparan yolu müşahidə etmək imkanından məhrum olursan. Aqşinin deqradasiyasını öz gözlərimlə izləmişdim və ora necə getdi çıxdı, addım-addım görmüşdüm. Murad bu yerə nə vaxt çatdı, hansı pilləkənlərlə düşdü, görmədim. Həmid kimi.

Heç vaxt inanmaq istəməmişəm ki, gənc yaşlarımdan şeirinin vurğunu olduğum şair pula, kürsüyə, rifaha satılar.

Mən Həmidi hər zaman anlamağa çalışmışam. Həmid mənim üçün yarıməfsanəvi adam olub həmişə. On ildən çox onun etdiklərinə cığallıq, performans, dəlilik, müxtəlif adlarla çağırmağa çalışmışam. Haqq qazandırmışam hər addımında, insanlarımızın yazara, ədəbiyyata dəyər verməməyində, oxumayıb, küçələrə düşməyə məcbur etmə bacarığı ilə əlaqələndirmişəm. Həmidə hər zaman gözəl gözlərlə baxmışam, onu gözəl görməyə var gücümlə cəhd etmişəm. Heç vaxt inanmaq istəməmişəm ki, gənc yaşlarımdan şeirinin vurğunu olduğum şair pula, kürsüyə, rifaha satılar. İnanmaq istəməmişəm, çünki hamısı bir yana, Şəms Təbrizinin şeirini yazdıran nəfəsi, ruhu, sinəni dünya nemətlərinə dəyişməyin sadəlöhvlükdən başqa bir şey deyil.

Həmid, ofisində, evində öz qələm dostlarını, öz şeirini, öz nəfəsini alçaltdığın adamların mənəviyyatını bir araya gətirsən, sənin bir sətrini yazdıran ürəyin bir küncündə xal boyda olmaz. Sən o ürəyi nə ucuz satdın, nə ucuza dəyişdin...

Buna da bax: "Kupçasız ölkə"

Vallah, biz heç, Həmid. Doğrudan biz heç. AYO heç, Alatoran heç, ədəbiyyat dostların heç. Bəs sən o şeirlərə necə qıyırsan, o şeirlərin ədəbiyyat tarixindəki yerinə niyə su calayırsan, heçmi heyfin gəlmədi o şeirlərə...

Bunlar sadəcə təəssüf səsləridir, mənim suallarımın cavabı yoxdur.

Yazının sonunda Həmid Herisçinin ən sevdiyim şeirlərindən birini paylaşıram. Bu şeir düz 18 ildir ki, mənim dostumdur, yol yoldaşımdır...

Ağlamağa gəlincə…

birinci həmişə insan ağlayır,

sonra yağışlar, bulaqlar….

ağlamağa gəlincə,

birinci həmişə insan ağlayır,

sonra bütün yerdə qalanlar…..

Sonra, ancaq sonra

bütün yağışlar

İldırım xətkeşiylə

göylərin ölçüsünü hesablayar…

yediyimiz çörəklər necə də dadsızdı…

onların dadını ancaq

zindana göndərilən çörəklərin içindəki

gizli məktublar artırar….

orda şikəstə xəttiylə

mənim hikmətlərim yazılar…

göy üzü də yer üzüdü,

ancaq orda torpaq yoxdu,

bu cahanda nə varsa

o həm var, həm də yoxdu…

bütün sevgilər bitir,

ancaq sevgilərin sonunda

nöqtə yoxdu,

uşaqlar ağlarsa, ağlasın

onların gözündə su var,

göz yaşı hələ ki yoxdu….

Ölüm, bizim sözləri tələffüz etsə,

onların tərkibindən

bir sait, samit səs düşəcək,

İnsan da bax belə öləcək,

fəqət, uşaqların göyə buraxdığı çərpələng

öz ipini qırmasa,

gerçək çərpələng ola bilməyəcək…

Cəlaləddin, bu işi görən külək

qəm tərəzisinin çəki daşlarını da

yerindən tərpədəcək.

Hər nə var idi,

o sənə yar idi,

qapı da divar idi,

Xaneyi – hikmətə

Şəmsin nuru gəlməyincə….

Cəlaləddin, mən sevgilimi yox,

sevgini sevirəm,

siz gedirsiz, mən yol gedirəm,

Pəncərələri eynək tək taxmış evlərdə

cahanın kor olduğunu sezirəm….

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG