Keçid linkləri

ƏGƏR HEMİNQUEY ÜÇÜN MARAQLI İDİSƏ...

90 yaşına çatmasına, artıq neçə ildir dövlət idarəçiliyindən kənarlaşmasına baxmayaraq Fidel Kastro sübut etdi ki, o, hələ də insanlar üçün ən azı maraqlı şəxs olaraq qalır.

...məncə insanlar Fidelin ölümündə daha çox kommunizmin son qalasının, soyuq müharibənin son “rudimenti”nin süqutunun izlərini axtarırdılar.

Bəli, ötən həftə Kuba inqilabının liderinin ölüm xəbəri gündəmin əsas xəbərlərindən birinə çevrildi. Bir tərəfdən burada qeyri-adi, təəccüb doğuracaq heç nə yoxdur. Fidel Kastro hətta Ernest Heminquey üçün maraqlı şəxs idisə, niyə də başqaları üçün olmasın?!

Amma məncə insanlar Fidelin ölümündə daha çox kommunizmin son qalasının, soyuq müharibənin son “rudimenti”nin süqutunun izlərini axtarırdılar. Təsadüfi deyil ki, Fidelin ölüm xəbəri yayılandan az sonra Fransa prezidenti Fransua Oland Kubaya qarşı embarqoların götürülməsini təklif edib.

BÖYÜK OĞULLAR VƏ KİÇİK CƏMİYYƏTLƏR...

Amma Fidelin ölümünə xüsusi yazı həsr etmək fikrim yoxdur. Hesab edirəm ki, bu barədə hər şey artıq deyilib.

Məni sadəcə, başqa məsələ düşündürür. Bunu “böyük oğullar və kiçik cəmiyyətlər” problemi adlandırardım. Nə qədər başqa boya və çalarlarla örtməyə çalışsalar da, bütün hallarda Fidel kiçik bir totalitar ölkənin lideri idi və bu kiçik ölkə digər cırtdan totalitar və avtoritar ölkələrdən heç nə ilə fərqlənmirdi.

Fidel və onun inqilabı Kubaya nə verdi? Doğrudanmı, Kuba “azadlıq adası” adlanmağa layiq idi?

Ona görə də suallar adama rahatlıq vermir. Fidel və onun inqilabı Kubaya nə verdi? Doğrudanmı, Kuba “azadlıq adası” adlanmağa layiq idi?

Heç vaxt Kubanı görməmişəm. Amma tələbəlik vaxtları kubalıları müşahidə etmək imkanım olub, üstəlik də bu ölkə haqqında çox oxumuş və çox verilişlərə baxmışam. Elə bu səbəbdən də düşünürəm ki, müəyyən qənaətləri bölüşə bilərəm.

Düşünürəm ki, Kubanın və kubalıların azadlığı əslində bir mif idi. Totalitar bir ölkənin insanlar üçün nə qədər açıq və azad olmasını məncə heç xırdlamağa da dəyməz. Kubanın istiqlalına gəldikdə isə, Fidel bu ölkəni az qala soyuq müharibənin plastdarmına çevirmiş və onu az qala SSRİ-nin Amerikadakı forpostuna döndərmişdi.

SOSİALİST İDEYALARI XEYİRLİ DƏ OLA BİLİR...

Kommunizm və sosializm ideyalarına gəldikdə isə, birincisi, onları biri-birindən ayırmaq lazımdır. Bu gün dünyada SSRİ sosializmi ilə heç bir əlaqəsi olmayan sosializm də var ki, buna daha çox sosial demokratiya deyirlər. İkincisi, insanlar heç vaxt sosial ədalət və bərabərlik ideyalarına biganə olmayıb, güman ki, bundan sonra da olmayacaqlar. Bu mənada Fidelin ölümü və yaxud kommunist Kubasının qürubu belə baxışlara təsir etməyəcək...

Hətta mənə elə gəlir ki, başqa ideologiyalarla paralel mövcud olanda, hegemon olmayanda kommunist və sosialist ideyalarının xeyri də ola bilir.

Hətta mənə elə gəlir ki, başqa ideologiyalarla paralel mövcud olanda, hegemon olmayanda kommunist və sosialist ideyalarının xeyri də ola bilir.

Bu ideyalar kapitalizmi bir növ “ağrısızlaşdırır”, onun kəskinliyini azaldır, maddi sərvətlərin daha ədalətli bölgüsünü aktuallaşdırır və təmin edirlər. Təsadüfi deyil ki, indi də dünyada sosial-demokratiya əsas siyasi alternativlərdən biri kimi mövcudluğunu qoruyub saxlamaqdadır...

ABŞ-KUBA DİALOQU DAVAM EDƏCƏKMİ?..

Burada bir sual da çox maraq kəsb edir. Barak Obamanın dövründə ABŞ-Kuba münasibətləri bir az istiləşməyə doğru gedirdi. Bəs bu proses necə olacaq? Davam edəcək, yoxsa ona “stop!” deyiləcək?

Fidel hələ yenidənqurma vaxtı bəyan etmişdi ki, hətta sovet rejimi qürub etsə belə, Kuba “inqilabi ənənələr”ini davam etdirəcək...

Məsələ daha çox Kuba rəhbərliyindən asıldır. Adətən deyirlər ki, Roma papasından artıq xristian ola bilməzsən. Amma Fidel hələ yenidənqurma vaxtı bəyan etmişdi ki, hətta sovet rejimi qürub etsə belə, Kuba “inqilabi ənənələr”ini davam etdirəcək...

Bəli, Kuba həqiqətən də yolundan dönmədi. Amma nəticəsi nə oldu?.. Elə bu səbəbdən də ümid edirəm ki, indiki Kuba rəhbərliyinin siyasi kursu götür-qoy etmək üçün vaxtları və imkanları olacaq...

HEÇ VAXT BÖYÜMƏYƏCƏK LİLİPUTLAR...

O ki qaldı Kuba kimi liliput siyasi rejimlərə, onların da mövcudluğu özünün son akkordlarını yaşayır. Bu rejimlər heç bir vaxt böyüməyəcək, pərvəriş tapmayacaq cırtdan rejimlərdir – elə “liliput rejimlər” ifadəsini də buna görə işlətdim...

Hamısı da lap Qabriel Qarsia Markesin patriarxı kimi düşünür ki, ən son anda onların xalqları var və xalqları onları sevir.

Siyasi cəhətdən avtoritar ölkə kimi qalan Çini çıxmaq şərtilə indi dünya çapında ciddi təsirə və rola malik totalitar və ya avtoritar ölkə qalmayıb. Əslində belə hal çoxu üçün siqnal olmalı idi. Amma çox təəssüf ki, heç də hamı başqalarının təcrübəsindən öyrənə bilmir və “kiçik cəmiyyətlərin böyük oğulları” özlərindən əvvəlki diktatorların səhvlərini təkrar etməkdə davam edirlər.

Hamısı da lap Qabriel Qarsia Markesin patriarxı kimi düşünür ki, ən son anda onların xalqları var və xalqları onları sevir.

Hamısı da bir almanın iki üzü kimi biri-birinə bənzəyir və olduqca primitiv və sadədirlər. Gəl, Markesin “Patriarxın payızı”nda deyildiyi kimi: bu sadəliyə baxanda adamın bədənindən lap üşütmə keçir...

Bu mənada hətta Fidel də istisna deyildi. Güman ki, indi bir suala cavab verməyin əsl məqamıdır: “azad” kubalılar Fideli sevirdi, yoxsa ondan sadəcə, qorxurdular?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG