Keçid linkləri

Elmin İnkişafı Fondu kimə (və niyə) lazımdır?


Azərbaycan Milli Elmlər Akademiyasının binası

SİTAT (maliyyə naziri Samir Şərifovun 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı çıxışından, 01.12.2016-cı il)​: “Elmin inkişafı ilə bağlı Elmin İnkişafı Fondu yaradılıb və elm sahəsinə bu fonda kifayət qədər vəsait ayrılır. Ancaq bu Fonda ayrılan vəsait istifadə olunmadan ildən-ilə qalır. Hazırda Fondda qalan maliyyə vəsaiti yetərincə yüksəkdir. İki il elm sahəsinə vəsait ayrılmasa belə, bu təşkilatdakı maliyyə vəsaiti yetər. Belə olan halda, əlavə vəsaitin ayrılmasına nə ehtiyac var?!”

SİTATA SÖZARDI:

Bəlkə də sonda yazmalı olduğum cümləni öncədən yazım: “əlavə vəsaitin ayrılmasına nə ehtiyac var?!” yerinə, “vəsait ayrılmasına nə ehtiyac var?” deyə soruşmaq daha doğrudur.

Bir az da konkretləşdirək: ümumiyyətlə, Elmin İnkişafı Fonduna nə ehtiyac var?

Təsəvvür edin ki, Fondun qrant müsabiqəsinin qalib layihələrinin rəhbər və icraçılarının az qala hamısı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ayrı-ayrı institutlarını təmsil edirlər.

Birinci: Təsəvvür edin ki, Fondun qrant müsabiqəsinin qalib layihələrinin rəhbər və icraçılarının az qala hamısı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ayrı-ayrı institutlarını təmsil edirlər.

Anormal deyilmi? Bir halda ki, bu Fondun qrant müsabiqələrindən faktiki olaraq, ancaq AMEA faydalanacaq, daha onda “sağ qulağı sol əllə qaşımaq” nəyə lazımdır? Elə həmin vəsaitlər birbaşa Akademiyaya yönəldilə bilməzmi?

İkinci: Fondun rəsmi saytının “xəbərlər” bölümündə onun əməkdaşlıq etdiyi ölkələrin adlarını oxuyuruq: Özbəkistan, Belarus, Rusiya... Bu ölkələrdən elm adına nə əxz edə, nə öyrənə bilərik, nə fayda götürə bilərik, lütfən, biri mənə anlatsın. Başqa məsələdir ki, həmin ölkələrdən hüquq və azadlıqların boğulması adına öyrənə biləcəyimiz çox şey var. Eləcə də onların bizdən.

Əslində söhbət ancaq Elmin İnkişafı Fondundan da getmir.

Azərbaycanda büdcəyə oturdulan bir xeyli qurum var ki, Azərbaycan elmi və mədəniyyəti adına yararlılıq və faydalılıq əmsalları böyük şübhə altında olsa da, onlara qarşı səxavətli davranmağa davam edilir.

Ona görəmi ki, hələ də Leninin məşhur tezisindən çıxış edərək, elmi, ədəbiyyatı, sənəti “partiya və hökumət işinin vintciyinə, təkərciyinə çevirmək” ehtiyacı güclüdür?

İstər sovetdənqalma yaradıcılıq təşkilatları olsun (məsələn, Yazıçılar Birliyi), istərsə də son illərdə qurulan Bilik və Elmin İnkişafı kimi fondlar – bunların varlığında belə israr etmək nəyə lazımdır? Ona görəmi ki, hələ də Leninin məşhur tezisindən çıxış edərək, elmi, ədəbiyyatı, sənəti “partiya və hökumət işinin vintciyinə, təkərciyinə çevirmək” ehtiyacı güclüdür?

Elmə, ədəbiyyata, mədəniyyətə bu cür sovetdənqalma, ənənəvi “atalıq qayğısı” ilə bir yerə varılmayacağı, çağın standartlarına uyğun sonuclar qazanılmayacağı apaçıq ortada ikən Yazıçılar Birliyini, AMEA-nı “süni nəfəs” hesabına yaşatmaq yalnız ona görəmi lazımdır ki, hökumətin iradəsindən kənarda bütün elmi, mədəni təşəbbüslər boğulsun, elm adamlarına, yaradıcı insanlara sadəcə, hakimiyyətin mərhəmətinə sığındıqları, onun xoşuna gəlməyə çalışdıqları təqdirdə qarşılarında bütün imkanların açıla biləcəyi mesajı verilsin?!

Unutmamaq lazımdır: 21-ci əsrdə, təqvim 2016-cı ili göstərərkən bir ölkədə ən xırda tənqidi fikirə görə alimi Elmlər Akademiyasındakı işindən çıxarırlarsa, 30-cu illər repressiyasının doğurduğu, divarları hələ də donosbazlıq qurbanı olmuş neçə-neçə şair və yazıçının qanını qoxuyan bir “ədəbi” təşkilat (AYB) günümüzdə də yağ içində böyrək kimi bəslədilir, amma müstəqillik illərinin ən önəmli hadisələrindən olan azad ədəbiyyat təşkilatı (AYO) hətta dövlət qeydiyyatına alınmırsa, o ölkədə bir deyil, minbir Elmin İnkişafı Fondu, ya da yüz deyil, lap yüz min Yazıçılar Birliyi olsa, nəyinsə müsbətə dəyişəcəyinə, hansısa real nəticəyə, hansısa ümidverici gələcəyə ümid etmək mənasızdır.

Buna da bax: Öpüşən və öpüşməyən aktrisalar

Yaşadığımız çağda siyasi və iqtisadi yüksəliş kimi, elmi və mədəni çiçəklənmənin də ən böyük şərti azadlıqların qorunmasıdır. Yalnız hər kəsin özgürcə düşünə, dartışa, fərqli baxışlarını ortaya qoya, hansı siyasi inancı, hansı ideoloji görüşü daşımasından asılı olmayaraq, sadəcə, bilik və bacarıqlarına görə dəyərləndirildiyi, sayğı duyulduğu bir ortamda uğura ümid etmək olar.

Əks halda elm adına meydanda mələyin uçma sürətini ölçdüyü ilə qürurlanan, ya da hansısa ərəb müftisinə qoşulub yerin fırlanmadığını iddia edən “bilginlər”dən başqa heç kəs qalmayacaqdır. Necə ki, indi bizdə durum az qala belədir.

Və nə yazıq ki, hətta ən optimistlər də artıq vəziyyətin bundan yaxşı olacağına inamlarını ya itiriblər, ya da sürətlə itirirlər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG