Keçid linkləri

Tokio yaxınlığındakı İruma şəhərində bir şirkət QR kodları əsasında xüsusi işarələmə metodu işləyib hazırlayıb. Yeni metod bu ay istifadəyə verilib.

Belə işarələmənin köməyilə insanlar unutqanlıq problemi olan, Alzheimer xəstəliyinin əsas əlamətləri olan dementiya və ağıl zəifliyindən əziyyət çəkən qocaları tapa biləcəklər. Yaddaşın pozulması nəticəsində dementiyadan əziyyət çəkən yaşlılar hətta onlara çox yaxşı tanış olan mühitdə də itə bilirlər. Ağıl zəifliyindən əziyyət çəkən yaşlı insanlar nəzarətsiz buraxıldıqda sənədsiz küçəyə çıxa bilirlər. Bu zaman onların şəxsiyyətini və yaşayış yerini müəyyən etmək çətin olur.

Buna da bax: Dikdaban ayaqqabılar sağalmaz xəstəliyə səbəb ola bilər

Belə vəziyyətlərlə üzləşməmək üçün yaponlar əl və ayaq dırnaqlarına yapışdırlılan kvadrat şəkilli işarələrdən istifadə etməyi təklif edirlər. Ölçüsü bir kvadrat santimetr olan bu yapışqan işarənin üzərində QR kod çap olunub. Kodda sahibinin ünvanı, telefon nömrəsi və unikal identifikasiya nömrəsi əks olunub. Xilasetmə xidmətlərinin əməkdaşları bu identifikasiya nömrəsinin köməyilə tapılmış adamın şəxsiyyəti barədə məlumat əldə edə biləcəklər.

QR kod bundan başqa itmiş şəxsin yaşadığı şəhərin meriyasının əlaqə nömrəsini də əks etdirir.

Bu məqsədlə, həmçinin, paltara, yaxud ayaqqabıya taxılan GPS trekerlərindən istifadə edilir. Ancaq dementiyadan əziyyət çəkən adamın başqa paltar geyərək GPS trekeri evdə qoyması ehtimalı var. Üzərində QR kod həkk olunmuş yapışqan işarə isə su ilə təmasdan qopmur, zədələnmir və iki həftə dırnaqda qalır.

İruma şəhərinin rəsmisi bu ixtiranı "böyük üstünlük" adlandırıb.

Yaponiya əhalinin yaşlanması problemi ilə üz-üzədir. Ölkə əhalisinin 1/4-dən çoxunun yaşı 65-dən yuxarıdır.

2055-ci ilədək Yaponiyanın yaşlı əhalisinin sayı 40%-ə çatacaq. Əhalinin ümumi sayınınsa hazırkı 127 milyondan 90 milyona enəcəyi gözlənilir.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG