İrlandiya Mərkəzi Bankı Facebooka elektron pullarla işləmək üçün lisenziya verib. İndi Facebook özünün messencer proqramı vasitəsilə P2P (peer-to-peer) pul köçürmələri edə biləcək. Messencer vasitəsilə bütün Avropada xeyriyyə məqsədilə pul ianələri də köçürmək mümkün olacaq.
«Facebook Payments International Ltd (FBPIL) olaraq biz çox şadıq ki, İrlandiya Mərkəzi Bankı bizə elektron pullarla işləmək üçün lisenziya verib. Bu lisenziya bizə imkan verəcək ki, evimizdə, ABŞ-da olduğu kimi, Avropada da ...messencerimiz vasitəsilə xeyriyyə ianələri və P2P ödəmələrini reallaşdıraq."
Facebook istifadəçilərinin ianə və ödəmələri köçürməsinə imkan verən lisenziya yalnız Avropa iqtisadi zonasında fəaliyyət göstərən şəxslərə və qurumlara şamil ediləcək. Bu, P2P ödəmələrinə də aiddir.
Buna da bax: Yaddaş problemli qocalar üçün ştrix-kod
Facebook lisenziyanı oktyabr ayında alıb. İcazə verilən xidmətlərə bank hesabları arasında köçürmələr, mal və xidmətlərə görə ödənişlər, hesab açmadan köçürmələr, Western Union və MoneyGramın analoqu olan pul köçürmələri daxildir. ABŞ-da messencer mobil əlavəsi vasitəsilə köçürmə xidməti hələ 2015-ci ilin Martından fəaliyyətə başlayıb.
Birbaşa Facebookun messencer mobil əlavəsinə birləşdirilmiş rəqəmli ödəmə proqramı istifadəçilərin Visa, yaxud Mastercard debit kartları vasitəsilə bir-birinə pul köçürmələrinə imkan verir.
Facebookun bu xidməti daha da genişləndirmək barədə planları açıqlanmır. Ancaq daha əvvəl Samsung, Android və Apple Pay kimi Facebookun da pərakəndə satış yerlərində ödənişlər etməyə imkan verən kredit kartı buraxacağı bildirilirdi.
Facebookun Londonda yerləşən maliyyə texnologiyaları ilə məşğul olan bir startapı satın almaq niyyəti barədə məlumatlar dolaşır.
Facebookun bu yeniliyi Avropada P2P mobil ödəmələrinin demokratikləşməsinə yol açacaq. Ancaq hələ də qaranlıq qalan suallar var. Məsələn, Facebook Messenger Avropa birliyində işləyən bütün valyutalarda ödəmələr həyata keçirməyə imkan verəcək, yoxsa yalnız avroda?