Keçid linkləri

Hal-hazırda içində olduğumuz dərin, hətta ölkə müstəqilliyini sual atlına qoya biləcək iqtisadi böhranın əsas səbəbi bilirsiniz nə oldu? Mən cavabını deyim, anlaşılmaz və qəliz ifadələr. Mərkəzi Bankın sədrinin “iqtisadiyyatda xroniki problemlər yoxdur”, “devalvasiya olması üçün heç bir xroniki problem yoxdur” kimi xroniki sözünü bir neçə dəfə işlətdiyi anlaşılmaz televiziya çıxışından iki gün sonra baş tutan devalvasiya ölkə iqtisadiyyatının ürəyinə sancılmış qılınc oldu.

Mərkəzi Bankın bir əsas aləti var, o da etibarlılıq, əgər etibarlılıq yoxdursa artıq elə bir quruma ehtiyac yoxdur...

Mərkəzi Bankın bir əsas aləti var, o da etibarlılıq, əgər etibarlılıq yoxdursa artıq elə bir quruma ehtiyac yoxdur, necə ki, bir çox səlahiyyəti alındı və belə görünür ki, əlində qalan pul siyasəti səlahiyyətinə də ehtiyac qalmayacaq, çünki həmin hadisədən sonra müstəqilliyin atributu olan milli valyuta da öz hörmətini itirdi. Devalvasiya hadisəsinin lazımlılığını və ya lazımsızlığını müzakirəyə çıxarmırıq, sadəcə işin bu cür yolla baş tutması hər şeyi məhv etdi.

Başa düşülməzlik kütlənin heyranlığına səbəb olduğu üçün qəliz termin və ifadələr intelektual görünməyin ən fırıldaq yollarından biridir. Çoxluq sadə izahı bəyənmədiyi, qane olmadığı, qəliz ifadələrə heyranlıq duyduğu üçün fırıldaqçılar da bundan istifadə edirlər.

Halbuki heyranlıq oyandıracaq iş qəliz ifadələrə və hoqqabazlığa görə yaranmış başa düşülməzlik deyil, əksinə hər kəsin başa düşə bilmədiyi həyat və təbiət hadisələrini və fenomenlərini qavraya bilmək və onu sadə şəkildə izah edə bilməkdir. Bayağılıqla sadəliyi qarışdırmayaq, bayağılıq kallıqdır, köntöylükdür, sadəlik isə yetişmişliyin zərif halıdır. Əsl heyrətlənəcək gözəllik sadəlikdədir.

Azərbaycanda ən yaxşı işləyən və ən sadə adı olan dövlət orqanının adı ASAN xidmətdir. Düzdür onun da rəsmi adını qəliz qoyublar amma sadəliyin əhəmiyyətini anlayan biri bunu hər mənada asan edib.

Xüsusən bizim ölkədə qəliz-qəliz idarə və təşkilat adları, dərslik və kitab adları, layihə və konfrans adları çoxluğu ilə seçilir. Bir məfhumun adı artıq özü haqqında yetərli məlumat verməlidir. Harda qəliz adlı bir idarə varsa orda faydalı işin olacağı ciddi sual altına düşür. Azərbaycanda ən yaxşı işləyən və ən sadə adı olan dövlət orqanının adı ASAN xidmətdir. Düzdür onun da rəsmi adını qəliz qoyublar amma sadəliyin əhəmiyyətini anlayan biri bunu hər mənada asan edib. Ad artıq mənə bildirir ki, orda işlərimi asan həll edəcəm, necə ki, edirəm. Və yaxud da əksinə, nə ehtiyac var ki, bir təşkilatın adı Maliyyə Bazarlarına Nəzarət Palatası olsun. Bu cür qəliz adın nə mənası var? Bizdə hələ oturuşmuş maliyyə bazarları yoxdur, ona nəzarət necə olacaq? Olmazdı ki, elə Maliyyə Sektoruna Nəzarət Təşkilatı olsun və adını eşidib bilən o təşkilatın məqsəd və məramını anlasın?!

Əgər bir kitabın adı qəlizdirsə çətin ki, onda faydalı məlumat olsun, əgər bir ixtisasın adı qəlizdirsə çətin ki, orda nəsə mənalı tədris olsun, əgər bir insanın nitqi qəlizdirsə çətin ki, orda həqiqət olsun.

Əgər bir qərarın adı qəlizdirsə çətin ki, o faydalı qərar olsun. Tarif Şurasının diferensial prinsip əsasında qiymət formalaşdırma qərarına baxaq. Hər dəfə zərərli və hesab-kitabsız işlər qəliz ifadələrin altında ört-basdır edilir. Diferensial sözünü nə vacibdir salırsan ora? Belə ifadələr olduqda xalq özünü əksinə daha çox aldadılmış hiss edir.

Parlamentdə son müzakirələr zamanı Yevda Abramov Tarif Şurasının işıq və qaz qiymətlərini qaldırmasına etiraz etdiyi çıxışında Maliyyə Naziri Samir Şərifovun və Mərkəzi Bankın sədri Elman Rustəmovun çıxışlarını heyranlıqla dinlədiyini söylədi. Əslində onun heyranlıq duyduğu yuxarıda bəhs etdiyimiz başa düşmədiyi qəliz ifadələrdir, iqtisadi terminlərdir. Yoxsa məna olaraq onların çıxışında heyranlıq duyulası heç nə yoxdur. Belə şəxslər o vaxt heyranlıq oyandırar ki, onların qərarları ölkəni iqtisadi böhrana salmasın, əkinə böhrandan çıxarsın və ölkənin iqtisadi rifahı təmin olunsun, bu mənada isə atılması gərəkən müsbət addımları və qərarları görmürük. Yoxsa qəliz nitqlərlə qəliz olan vəziyyəti daha da qəlizləşdirmək lazım deyil. Dəyərli Mirzə Cəlilin “Ölülər” əsərindəki Şeyx Nəsrullahın əhalinin gözündə heyranlıq oyandırmasının da səbəbi bu idi, ərəbcə terminlər, qəliz dil və anlaşılmaz hərəkətlər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG