Keçid linkləri

Təcili xəbərlər

Təsadüfən sağ qalmaq


Bir neçə gün öncə xəbər lentlərində özünü Bakı metrosunda qatarın altına atan 65 yaşlı yurddaşımız haqqında oxuduq.

“Neçə vaxtdır zəng edirlər. Heç olmasa 500 manat olsaydı, borcun üstündən verərdik. Bu gün də (hadisə baş verdiyi gün – red.) mənə zəng vurublar ki, gedib qızın evindən yığacaqlar mebelləri...”

Təsadüfdən (və əlbəttə ki, xoşbəxtlikdən!) sağ qalan həmin yurddaşımızın intihar cəhdinin səbəbi barədə 24 saat ərzində 3 fərqli xəbər yayıldı. İlk xəbərdə onun həyat yoldaşına istinadən intihar səbəbi kimi qızını gəlin köçürərkən yaranan cehiz borcunu göstərib. Sitat: “Neçə vaxtdır zəng edirlər. Heç olmasa 500 manat olsaydı, borcun üstündən verərdik. Bu gün də (hadisə baş verdiyi gün – red.) mənə zəng vurublar ki, gedib qızın evindən yığacaqlar mebelləri...”

Bir qədər sonra isə intihar cəhd edən kişinin özü danışıb. Borcu inkar edib: “Mən özümü atmamışam. Yalan yazıblar. Təzyiqim artıb, başım fırlanıb, yıxılmışam... İzahat da vermişəm ki, ayağım səkiyə dəyib, yıxılmışam. Nə kredit? Nə borc?”

Bundan az sonra onun həyat yoldaşının yeni açıqlaması: “Krediti ödədik, heç nə qalmayıb. Özümüz də əlayıq".

Bir intihar cəhdi ətrafında bu qədər təzadlı açıqlamalar maraq çəkməyə bilmir.

Bir intihar cəhdi ətrafında bu qədər təzadlı açıqlamalar maraq çəkməyə bilmir.

Mənə qalsa, səbəbin borc olduğu daha inandırıcıdır. Həyat yoldaşının öncə ödəyə bilmədikləri kreditdən, olaydan 24 saat sonra isə artıq borcun bağlanmasından danışması belə düşünməyə əsas verir. Digər tərəfdən, canına qıymaq istəyən yurddaşımızın açıqlamasındakı ziddiyyət onun nəyə görəsə olayın məhz intihar cəhdi kimi qələmə verilməsini istəmədiyini göstərir. Həm deyir, “təzyiqim artıb, başım fırlanıb yıxılmışam”, həm deyir, “ayağım səkiyə dəyib yıxılmışam”. Bir açıqlamada iki təzadlı cümlədən çox şey aydındı.

Bütün bunlar öz yerində...

Deyəcəksiniz, intihar hadisələrinin nə yazıq ki, bu qədər artdığı və adiləşdiyi bir vaxtda yuxarıdakı olay barədə ayrıca bəhs etməyin anlamı nədir?

Əslində xüsusi səbəb yoxdur. Sadəcə bu hadisədə tipik, orta statistik azərbaycanlı münasibəti, ənənəvi, bizi bu günlərə gətirib çıxaran geriçi düşüncə tərzi gördüm, ona görə bir neçə cümlə qaralamaq qərarına gəldim.

***

Həyatda hər şeyin çubuq kiimi iki başı var, o cümlədən də haqqında bəhs etdiyimiz olayın.

...nə yazıq ki, artıq bu sevincli günü belə, həm də ilk növbədə elə özümüz gərəksiz, mental, arxaik düşüncələr, aqrar adət-ənənələr üzündən zəhərə çevirməyi bacarırıq.

Bir. Azərbaycan gerçəkliyində bir atanın, bir ananın həyatındakı ən sevincli günlərin başında övladlarının ailə qurması gəlir. Amma yenə nə yazıq ki, artıq bu sevincli günü belə, həm də ilk növbədə elə özümüz gərəksiz, mental, arxaik düşüncələr, aqrar adət-ənənələr üzündən zəhərə çevirməyi bacarırıq. Biri elə bu cehiz məsələsi! Dəhşətdir: sanki cehiz olmazsa, yeni evlənən gənclər də xoşbəxt olmayacaqlar...

Qardaş, axı nə məcburdu bu?! Cehizsiz mümkün deyilmi? İmkanınız yoxdur, cibiniz əl vermirsə, cehizsiz də keçinmək olmazmı? Ortada iki sevən qəlb, həyatlarını həqiqətən birləşdirmək, ömürlərinin geridə qalan hissəsini eyni göyün altında, eyni yerin üstündə məsud keçirmək istəyən iki sevən gənc varsa, cehizin nə önəmi qalır axı? Yaxud şadlıq evlərinə ətək-ətək pul tökməyin, beləcə, hansısa məmurun, oliqarxın cibini doldurmağın, ya da əttökən, bayağı TV-lərin “şou-biznes ulduzu” kimi sırıdığı hansısa “bozbaş müğənniyə” qalaq-qalaq para saçmağın anlamı nədir? Biz sevənlərin bunlarsız da həyatılarını birləşdirə biləcəyini, xoşbəxt ola biləcəyini nə vaxt öyrənəcəyik, anlayacağıq axı?! Niyə bir ailənin ən xoşbəxt günü çox keçmədən hansısa faciəvi, ağrılı hadisənin də əsasını qoymalıdır?

...gerçək səbəbi danmağa, inkar etməyə niyə səbəb yaratmalıdır ki! Ola bilsin, borc qapadılarkən belə bir şərt qoyulsun. Sən də əlacsızlıqdan razılaşasan.

İki. Gələk “çubuğun” digər ucuna. Bəlli ki, məlum intihar cəhdindən sonra hansısa yollarla olaya rəvac verən borc məsələsi qapanıb – qapadılıb. Lap yaxşı. Lap gözəl. Lap əla, lap pakizə. Amma bu həqiqəti danışmağa niyə mane olmalıdır ki! Bu gerçək səbəbi danmağa, inkar etməyə niyə səbəb yaratmalıdır ki! Ola bilsin, borc qapadılarkən belə bir şərt qoyulsun. Sən də əlacsızlıqdan razılaşasan.

Amma hətta bu halda da unutmamaq lazımdır ki, bu gün 5-10 faizi istisna etməklə, bizim ölkədə mütləq çoxluğun çiyinlərindən basan, dikəlməyə imkan verməyən, onu öz ağırlığı altında əzən, başı üstündən “Domokl qılıncı” kimi asılan iqtisadi-sosial problemlər həm də əksəriyyətin belə xırda təslimçiliklərindən başlayır. Axı biz zəngin torpaqların üzərində, hər birimizin firavan yaşamağımıza yetəcək qədər yeraltı-yerüstü var-yatıra sahib br bərəkətli məmləkətdə yaşayırıq. Niyə bu qədər yoxsul, niyə bu qədər kimlərinsə mərhəmətinə möhtac yaşamağa məcbur qaldığımızı sorğulamadığımız müddətcə, həyatımızda yaxşılığa doğru dəyişən heç nə olmayacaq.

Heç nə yaxşılığa doğru dəyişməyəcəksə, deməli, son çarəni canına qıymaqda axtaranlar, çıxış yolunu intiharda arayanlar da davam edəcək.

Təsadüf isə həmişə insanın üzünə gülmür – onun sayəsində bu gün sağ qalmaq olar.

Bəs sabah?...

Bəs birigün?...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG