Keçid linkləri

Təcili xəbərlər

Dəvəçi


Səmayənin evi bizi məktəbə aparan yolun üstündəydi. Səmayənin deyəndə ki, onun özü mən hələ doğulmamışdan ordan köçüb getmişdi, bu qadından bütün kəndə qalan isə üzü dəmiryoluna baxan kədərli dərəcədə balaca və kimsəsiz ev, qonşuların quzuları otlayan kimsəsiz həyət idi.

Evdəkilərdən və qonşulardan Səmayənin kim olduğu ilə maraqlansam da, uşaq olduğuma görə sualıma düz-əməlli cavab verən olmazdı. Mən onun qəddar taleyini qırıq-qırıq eşitdiyim söhbətlərdən quraşdırmalı olmuşdum.

Səmayə uzaq kəndlərin birindən bura gəlin gəlibmiş. Elə ilk günlərdən qərib gəlinin qaradinməzliyi, adamlara qaynayıb-qarışmamağı gəlin gəldiyi evdə də, qonşularda da heç kimin xoşuna gəlməyib.

Səmayə uzaq kəndlərin birindən bura gəlin gəlibmiş. Elə ilk günlərdən qərib gəlinin qaradinməzliyi, adamlara qaynayıb-qarışmamağı gəlin gəldiyi evdə də, qonşularda da heç kimin xoşuna gəlməyib. Hərə bir bəhanə edib, Səmayəni fağır, sakit, ata-anadan, ağsaqqal-ağbirçək fikrindən yaman asılı olan ərinə döydürüblər. Gəlinin dinməzliyini, fağırlığını görəndə evdə hamı başayıb hirsini ondan çıxmağa. Günlərin bir günü Səmayə Markesin dilsiz-ağızsız qəhrəmanı Santa Sofiya de la Pyedad kimi düyünçəsini yığıb, “mənim sümüklərim daha sizin yumruqlarınıza dözmür” deyib, çıxıb gedib. Bir oğlunu isə qaynatasıgil ona verməkdən qətiyyətlə imtina ediblər.

Səmayə gedəndən sonra əvvəl anasız qalan oğlu ölüb, sonra əri qəzaya düşüb. Ailə guya təzə gəlini gətirmək üçün `qonşuluqda tikdikləri balaca daxmanı uğursuz bilib. Düşünüblər ki, gəlin çıxıb gedəndə bu evi qarğayıb, ona görə evin qapısını bağlayıb, həyətinə də addım atmaqdan qorxublar. Qonum-qonşuda heç kim həyəti alaq basmış, ağacları bir-birinə dolaşmış həyətə nə ayaq basmaz, nə də meyvələri tökülüb getsə də, uşaqlarını o həyətə meyvə yığmağa buraxmazdılar.

Hər dəfə o evə baxdıqca mən uşaq ağlımla o qadın barədə düşünür və təsəvvür edirdim ki, Səmayə özü də bu ev kimi kimsəsiz, qoca, baxımsız və qorxuludur.

Hər dəfə o evə baxdıqca mən uşaq ağlımla o qadın barədə düşünür və təsəvvür edirdim ki, Səmayə özü də bu ev kimi kimsəsiz, qoca, baxımsız və qorxuludur. Mən onu yaylığı cırılmış, paltarları kirlənmiş, saçları pırtlaşıq, dırnaqları uzanıb, altına torpaq dolmuş, beli bükülmüş qadın kimi təsəvvür edirdim, çünki o Səmayə öz evinin, həyətinin ekizi idi.

Köçkünlükdən on il sonra, bir tanış adamın toyunda mən Səmayə ilə tanış oldum. Təsəvürümdəki qoca, belibükük, dırnaqları uzanmış, cır-cındır paltarlı qadınla. O üzü, saçları tərtəmiz, geyim-keciminə fikir verən kənd qadınlarına xas bir səliqə ilə geyinən, üzügülər, yanında üç göyçək qızı hərlənən şən, şux qadın idi.

Qarabağ müharibəsi on minlərlə insanın taleyini dəyişdi. Öz torpaqlarında varlı və kasıba, güclü və fağıra, səxavətli və xəsisə, qürurlu və yalağa ayrılan insanlar bir neçə günün içində bütün ölkənin gözündə eyniləşdilər – indi onların hamısı sadəcə qaçqın idi. Yarıuçuq uşaq bağçalarında, köhnəlmiş məktəb binalarında, paslı vaqonlarda, minlərlə yan-yana düzülmüş çadırlarda yerləşən insanlar bu aclığın, şəraitsizliyin içində, bu sağqalma savaşında iki insan tipinə ayrıldılar. Bacarıqsızlara və zirəklərə.

Bəlkə də inanmaq çətindir, amma on minləri ağzına alıb çeynəyən bu bəladan da pul qazana bilənlər, özünə şərait düzəldə bilənlər oldu. Humanitar yardımı satanlar, yardımpulundan kəsənlər, təşkilatlarda, dövlət idarələrindəkı tanışlırlarından istifadə edib, rüşvət alıb, qaçqınları süpürgəçi, tualettəmizləyən, yükdaşıyan kimi işə düzəldənlər...

Səmayənin indiki əri də qəribə taleyə sahib adam idi. Qoçaq, madam Bovarinin əri sayaq sadə və evcanlı Əjdəri birinci arvadı bəyənməyib, oğlunu da götürüb getmişdi.

Amma bütün əclaflıq konstitusiyasının səhifələrinə düşmədən də, özünü doğruldan insanlar da olmuşdu. Səmayənin indiki əri də qəribə taleyə sahib adam idi. Qoçaq, madam Bovarinin əri sayaq sadə və evcanlı Əjdəri birinci arvadı bəyənməyib, oğlunu da götürüb getmişdi. Köçkünlükdə Əjdər kəndlərindən çıxara bildiyi mal-qarasını burda saxlaya bilməyəcəyini başa düşüb, hamısını üç dəvəyə dəyişmişdi. Ara düzəldən arvadlar müharibənin onlara qonşu saldığı dul gəlin Səmayə ilə evlənməyi məsləhət görmüşdülər Əjdərə. Və bir-birini heç tanımayan iki atılmış, bədbəxt adam evlənməkdən daha çox razılaşma, başadüşmə aktı bağlayıb, əl-ələ verib, işləməyə başlamışdılar.

Dəvələrin geniş otlaqları olsun deyə, Səmayə ilə əri ölkənin ən tikanlı, yovşanlı, saksaullu, ilanmələyən yerinə köçüblər. Bir balaca daxma, bir tövlə tikiblər, elektrikin, yaxınlıqda bir qonşunun olmaması da veclərinə deyilmiş. Hər ikisi insanlardan o qədər bezibmişlər ki, on ildən artıq bir vaxtı həmin elektriksiz, televizorsuz yarısəhrada keçiriblər, amma bir qram da darıxmayıblar. Yeməyi illərlə çöl ocağında bişirib, daxmalarında axşamlar çıraq işığına oturublar. İki zirək, qoçaq adam başlarını aşağı salıb, təsərrüfatlarını böyüdüblər. Dəvələri artdıqca artıb. Birini satıb, maşın alıblar ki, bazarlıq üçün rayona getmək asanlaşsın. Birini satıb ev-eşiklərini böyüdüblər. Sonra bir-birinin ardınca üç qızları dünyaya gəlib.

...deyirdi ki, insanlardan o qədər incikdir ki, heç ürəyi gəlmir, heç istəmir rayona gəlməyi, amma qızlar artıq məktəbə getməlidir. O hələ də qorxurdu ki, ondan qeybət edər, ərinə söz çatdırar, onu döydürər, ailəsini dağıdarlar. Onun xoşbəxtliyinə kölgə salan təkcə bu qorxu idi.

Mən Səmayəni görəndə, onlar ailəcə artıq rayon mərkəzində ev alıb ora yerləşməyə hazırlaşırdılar. O deyirdi ki, insanlardan o qədər incikdir ki, heç ürəyi gəlmir, heç istəmir rayona gəlməyi, amma qızlar artıq məktəbə getməlidir. O hələ də qorxurdu ki, ondan qeybət edər, ərinə söz çatdırar, onu döydürər, ailəsini dağıdarlar. Onun xoşbəxtliyinə kölgə salan təkcə bu qorxu idi.

Mən toyda qol qaldırıb oynayan Əjdərə, onun əvvəl Səmayəni, sonra qızlarını ortaya çağırıb oynamasına, oynaya-oynaya ailəsini qucaqlamasına baxırdım. Hərdən, onu təzə görənlər yaxınlaşır, “Əjdər, üç qızdır, bəlkə bir də oğlan olsun”, deyənlərə qolu elə havada, oynaya-oynaya, xoşbəxtcəsinə cavab verirdi:

- Olsun qız, üç olmasın, lap çox olsun, biri anam olar, biri bacım, biri qızım...

Ötən il Berlində 3 günlük treninq vaxtı maraqlı insan talelerini nağıl etməyin yollarını öyrədən müəllimə Əjadərdən, dəvələrdən, Səmayədən danışdım. O təkid elədi ki, onlarla əlaqə qurum, Bakıya zəng edək, gedib bu ailəni, dəvələri, öz talelərini zəhmətləri hesabına dəyişmiş bu adamların hekayəsini çəksinlər. Onların məndə nə nömrəsi, nə ünvanları olmadığından, anama zəng elədim. Dəvəçilər ailəsini soruşdum.

- Əjdər öldü, - anam dedi, - neynirsən Əjdəri...

- Bəs Səmayə hardadı?

- Neynirsən? Yenə başımıza nə oyun açırsan?

O nədən yazıramsa, yazım, onların başına oyun açdığıma əmindir.

Daha üz vurmadım. Material alınmayacaqdı.

Uşaqlığımda balaca olduğuma görə saymayıb, “Səmayə kimdir” sualına cavab verməyən anam, indi jurnalist olduğuma görə qorxub “Səmayə hardadır” sualıma cavab vermirdi...

Amma əmin idim ki, Səmayə sağdır.

O sağdır və güclüdür. O hardasa özünə və ərinə ana, bacı, övlad olmuş üç gözəl qızına güclü olmağı öyrədir. Mən niyəsini izah edə bilmədiyim bir hisslə minnətdaram ona. Öz xoşbəxtliyini bir müharibənin ortasından dartıb qopardığına görə, işıqsız, qaranlıq kövşənlərdə əlləri ilə özünə yeni həyat, yeni tale qurduğuna görə, uşaqlığımdakı qorxunc, dəliyə dönmüş, sərgərdan qadın obrazına qalib gəldiyinə görə...

Ən son yazılan

XS
SM
MD
LG