Qışda soyuq havada yəqin ki, hamımız yun papaq, toxunmuş kofta, rahat və isti ayaqqabı və bədənimizi isti saxlayan palto geyinib küçəyə çıxırıq. Ancaq yəqin daha bir lazımlı əşya yadınızdan çıxır. Gün eynəyi olmadan libasınız tamamlanmış hesab edilmir.
Oftalmoloqlar eynəyi bütün il boyu taxmağı məsləhət görürlər. Mütəxəssislərin fikrincə, qışda günəş daha təhlükəlidir, onun ayırdığı ultra-fiolet şüaları insan orqanizmində bir sıra problemlərə yol açır.
Qış günəşi yandırıcı deyilsə, bu o demək deyil ki, gözlərinizi qorumamalısınız. Qarlı hava şəraitində bu şüalar yay fəslindən daha da təhlükəli olur. Bundan başqa, alimlər onu da qeyd edir ki, UF şüalar qışda insana daha intensiv şəkildə təsir edir. Hətta "qar korluğu" adlanan bir ifadə də var (günəşli havada qara eynəksiz baxmaq qeyri-mümkündür).
Buna da bax: İşə velosipedlə getmək məsləhət deyil
Qar UF şüaların 85%-ni geri qaytarır. “UF şüaları dəniz səviyyəsindən yuxarı qalxdıqca hər 300 metrdə 5% daha artır. Xizək sürərkən və ya yüksəkliklərdə olarkən şüaların təsiri daha çox olur”, deyə oftalmoloq Cesika Latman (Jessica Lattman) bildirir.
Günəşin zərərli şüaları göz yanığına, göz bəbəyinin səthinin məhvinə gətirib çıxara bilər. İnsan gözü müdafiə edilməsə makulyar degenerasiya, katarakta, fotokeratit kimi problemlərlə üzləşə bilər.
Mütəxəssislərə görə eynəklər rənglərinə görə də bir-birindən fərqlidir.
Boz rəngli eynəklər – kontrast və ya rəngləri dəyişmədən işığın intensivliyini azaldır.
Palıdı rəngli eynəklər – kontrastı qaldırır, bu tip eynəklər qış idman növləri üçün uyğundur.
Kəhrəba/sarı rəngli eynəklər – kontrastı əhəmiyyətli dərəcədə artırır. Bu növ eynəklər də qış idman növləri və bu fəsildə sürücülük üçün çox uyğundur.