NASA-nın "Dawn" missiyasının yeni tapıntıları göstərir ki, Marsla Yupiter planetləri arasındayerləçən Seres (Ceres) cırtdan planetində - planetin qabığının altında və daim qaranlıq olan kraterlərində donmuş su var.
Missiya əməkdaşlarının Amerika Geofizika İttifaqının görüşündə təqdim etdikləri və "Nature Astronomy" və "Science" jurnallarında dərc etdiyi elmi məqalələrdə deyilir ki, Günəş sisteminin əsas asteroid qurşağında yerləşən ən böyük göy cismi əslində göründüyündən daha buzludur. Alimlər planetdə buzun mənşəyini və onun bu cırtdan planetə kosmosdan düşmüş olması ehtimalını araşdırmağı planlaşdırırlar.
NASA-nın "Dawn" missiyasının Yerə göndərdiyi şəkillərdə üzərində çoxlu kraterin olduğu qaranlıq planetin səthində açıq ləkələr işığı əks etdirən duzlardır. Ancaq alimlər görüntüləri təhlil edərək səthin altında buz halında suyun olduğunu və bu suyun Seresin atmosferində dövr etdiyini aşkar ediblər.
Buna da bax: Yaponiya orbitə "kosmik süpürgə" buraxıb
Seresin səthinə yaxın yerdə bu qədər çox suyun aşkar edilməsi onun təkində daha çox suyun mövcud olmasını deməyə əsas verir. "Dawn" missiyasının ABŞ və Almaniyadan olan kuratorları belə deyirlər.
Seresin qaranlıq tərəfinə planetin üzərindəki buz krtaterləri kimi heç vaxt günəş şüası düşmür. Kosmik şüaların hissəcikləri cırtdan planetin səthinə düşəndə ya udulur, ya da əks olunur.
“Bu araşdırmalar buzun hələ Seresin yarandığı ilk vaxtlarda daşlardan ayrıldığı fikrini təsdiq edir. Bu buzla zəngin kristal qat planetin səthinə yaxın yerdə Günəş sisteminin yarandığı vaxtdan bəri qalıb. Hələ uzaq keçmişdən bəri səthində su olan göy cismlərini tapmaqla biz Günəş sisteminin gənc vaxtlarında həyatın harada mövcud olduğunu aşkar edə bilərik", - "Dawn" missiyasının baş tədqiqatçısının müavini Karol Raymond (Carol Raymond) deyir.
"Əldə etdiyimiz bu nəticələr Seresin səthinə yaxın yerdə buzun milyardlarla il ərzində qalması barədə təqribən otuz il əvvəl irəli sürülmüş ehtimalları təsdiq edir. Bu dəlil asteroid qurşağındakı digər göy cismlərinin də səthinə yaxın buz halında suyun mövcud olması ehtimalını gücləndirir", - "Dawn" un qamma şüaları və neytron detektorunun (GRaND) baş tədqiqatçısı Tomas Pretiman (Thomas Prettyman) deyir.
Böyük ehtimalla, Seresin kraterlərində böyük miqdarda buzun toplanmasının qarşısını alan mexanizmlər mövcuddur. Tədqiqatçılar bu mexanizmlərin zərbə mənşəli deyil, geoloji mənşəli olduğunu düşünürlər.
Buna da bax: Marsa səfər təxirə salınır
Seres Günəş sistemində qaranlıq yerlərində su tapılmış üçüncü göy cismidir. Bundan öncə Ay və Merkuridə də su aşkar edilib.
Hələ 1801-ci ildə Cuzeppe Piazzi (Giuseppe Piazzi) tərəfindən kəşf edilmiş bu cırtdan planet Günəş sisteminin ən sirli obyektlərindən biri hesab edilir.
"Dawn" missiyası sayəsində alimlər bu cırtdan planet barədə çox şey öyrəniblər. Planet qədim Roma məhsuldarlıq ilahəsinin şərəfinə adlandırılıb.
"Dawn"un neytron detektoru və zondunun GRaND şüalandırma palitrası sayəsində alimlər Seresin səthində kalium, hidrogen və dəmirin paylanma xəritəsini hazırlamaya biliblər.
"Nature Astronomy" jurnalında dərc edilmiş məqalədə alimlərin Seresin şimal yarımkürəsində günəş işığı görməyən kraterlərlə bağlı apardığı tədqiqatın nəticələti əks olunub. Bu kraterlərdə temperatur -162 dərəcə selsiyə çatır. Bu isə buzun, hətta milyardlarla il ərzində, buxara çevrilməsinə imkan verməyəcək qədər aşağı temperaturdur.