Keçid linkləri

Təcili xəbərlər

Müxalifətsizlik və mahmudovçuluq


Milli Məclisin deputatı Hüseynbala Mirələmov
Milli Məclisin deputatı Hüseynbala Mirələmov

Hüseynbala Mirələmov ad-soyadlı yapçı yazıçı-deputatın xalqa öyüdünü oxumusunuz yəqin. Korrupsiya rejiminin yaratdığı iqtisadi böhrandan çıxış yolu təklif edib öz aləmində, deyib ki, “ayağınızı yorğanınıza görə uzadın, azdı, az yeyin, çoxdu, çox yeyin. Adamlar var ki, ət yemir, balıq yemir, dieta saxlayır. Çox yemək də bir şey deyil. Çox yemək adamı qocaldır".

Üstündən bir-iki gün keçdikdən sonra isə ünvanına ağır təpkilər gəldiyini görüncə qaş düzəltmək istəyib, bu dəfə də vurub göz çıxarıb. O sözləri zarafatla söylədiyini deyib.

Dəhşətdir!

Hətta zarafatları da xalqa qarşıdır, hətta zarafat edəndə də yesir camaatı nişan alırlar.

Hətta zarafatları da xalqa qarşıdır, hətta zarafat edəndə də yesir camaatı nişan alırlar.

Hüseynbala müəllim belə güclü yumor hissinə malikdir, belə zarafatcıldırsa, qoy xalqa az yeməyi məsləhət görənədək, mirzəsi olduğu hakimiyyətin nazirlərinə az yeməyi məsləhət görsün. Desin, neftin pullarını az basıb yeyin, büdcədən az oğurlayın, bir az az villa tikin, bir az az nə bilim neyləyin.

Desin, sonra da çıxsın yenə zarafat elədiyini söyləsin görək söyləyə bilirmi, ürəyi yetirmi buna?

Hər şey bir yana, Cəbhə hakimiyyətinin kadrlarını bəyənmirlər, amma görün öz hökumətlərində hansı düşüncə sahibləri oturublar. Adı millətin, dadı isə bir ovuc oliqarxın olan sərvətlərin altından girib üstündən çıxanlara, havaya sovuranlara səsini ucalda bilməyənlər müəllimə dərsdən sonra fəhlə işləməyi məsləhət görür, yüz minlərlə işsiz insana “get soğan ək, ailəni dolandır” deyə öyüd verir, böhrandan çıxış yolu kimi camaata az yeməyi məsləhət bilir. Belələri milli hakimiyyətdə təmsil olunsaydılar, indi yapçılar gecə-gündüz öz mənasız, bayağı telekanallarında bunu dönüb-dönüb üzümüzə çırpar, başımıza vurardılar.

Hələ mən “şinellərindən” hacı məmmədovların, eldar mahmudovların çıxmasını demirəm.

23 il öncəyədək Azərbaycanda bu cür qanqsterlərin, cəlladların varlığını belə, təsəvvür etmək mümkün deyildi.

23 il öncəyədək Azərbaycanda bu cür qanqsterlərin, cəlladların varlığını belə, təsəvvür etmək mümkün deyildi.

Hansısa nazirin bir belə cinayətə qol qoya biləcəyini, hansısa nazirliyin içində belə dəhşətli cinayətkar qrupun var ola biləcəyini kimə söyləsən, ya sənin ağlını itirdiyini düşünərdi, ya da dedektiv yazıçı təxəyyülünə heyran qalardı.

Bu gün bax o ağıla gəlməyənlər başımıza gəlib, amma hələ də məmləkəti sürüdükləri bataqlığı “92-93-cü illərdə anarxiyanın baş alıb getməsi, camaatın gecələr çölə çıxa bilməməsi” kimi taftalogiyalarla malalamağa çalışırlar.

Lap çətinə düşən kimi isə anti-demokratik rejimlər üçün artıq ənənəyə çevrilmiş, bir az da şiti-şoru çıxarılmış “xarici düşmən” axtarışı başlayır.

Osa dönüb illər uzunu vuran əlləri olmuş hacı məmmədovlara, eldar mahmudovlara, akif çovdarovlara... baxmaq kifayətdir ki, soruşasan: belə kadrlarınız varkən “xarici düşmən”ə nə gərək!

Başqa bir deputatlarının – Zahid Orucun müsahibəsini oxuyuram, hakimiyyət içərisində belə cinayətkar qrupların hələ də ola biləcəyinə işarə edir.

İşarəyə-filan ehtiyac yoxdur.

Hər cür insan hüquq və azadlıqlarının boğulduğu, vətəndaş cəmiyyətinin ləğv edildiyi, söz, ifadə, düşüncə özgürlüyünün dəfn olunduğu ölkədə başqa nəyə ümid edirsiniz ki!

Hər cür insan hüquq və azadlıqlarının boğulduğu, vətəndaş cəmiyyətinin ləğv edildiyi, söz, ifadə, düşüncə özgürlüyünün dəfn olunduğu ölkədə başqa nəyə ümid edirsiniz ki!

Bir ölkədə ki, xalq öz müqəddəratının, bugünki və gələcək taleyinin müəyyənləşdirilməsində iştirak hüququndan məhrumdur, o ölkədə başqa necə ola bilər ki!

Yaşadığımız çağda yalnız o ölkələr gəlişə, irəli gedə bilər ki, orada, məsələn, dövlətin ancaq bir ayağı (iqtidar) yürüməsin. Orada həm də müxalifətçilik institutu elə iqtidar qədər güclü, möhkəm olsun. Tək ayaqla yerimək yox, ancaq topallamaq olar.

21-ci yüzildə bir ölkədə hakimiyyətdəkilər sanki yaxşı bir şeymiş kimi “bizdə müxalifət yoxdur” deyirlərsə, bilin: o ölkədə gözəl işlərin olacağına ümid etmək belə, mənasızdır, absurddur.

Dərindən düşündükdə hər kəs bu sadə həqiqəti anlayacaqdır: əgər son 20 ildə Azərbaycanda müxalifətçilik anlayışı düşmənçilik kimi assosiasiya edilməsə, hər cür müxalif duruş (siyasi, ictimai, mənəvi!) “vətən xainliyi” kimi qələmə verilməsə, ağlagəlməz basqılarla, təhdidlərlə, işgəncələrlə, bu da nəticə verməyincə şirnikləndirmələrlə zəiflədilib sonda tamamilə sıradan çıxarılmasa, inanın başımıza bunların heç biri gəlməyəcəkdi. Nə 100 milyard dollardan artıq neft pulu 10 ilin içində həzm-rabedən keçirilib, havaya sovrulub, sonda düşdüyümüz acınacaqlı durumdan çıxmaq üçün gülünc öyüd-nəsihətlərə ehtiyac olmayacaqdı, nə də akif çovdarovlar, eldar mahmudovlar, hacı məmmədovlar, bir sözlə, bildiyimiz-bilmədiyimiz qanqsterlər, mafiyalar yetişəcəkdi.

Ehtimal deyil bu. Əminlikdir.

Gəlişmiş, modern, demokratik ölkələrin bugünki inanılmaz siyasi, iqtisadi, texnoloji, elmi, mədəni uğurları necə qazandıqlarına dair təcrübəsindən doğan əminlik!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG