Keçid linkləri

Təcili xəbərlər

İnternetə çıxış insan hüququ kimi tanınıb


Internet illustration
Internet illustration

Kanada hökuməti sürətli interneti əsas xidmətlərdən biri, fundamental hüquq kimi tanıyıb.

Çərşənbə günü ölkənin milli telekommunikasiya şirkəti yüksək sürətli internetin bütün kanadalıların "həyat keyfiyyəri üçün zəruri olan" fundamental xidmət olduğunu bildirib.

Son strateji məlumatlara görə, cari ildə kanadalıların 82%-inin 50 Mbit/saniyə sürətli genişzolaqlı internetə çıxışı olub. Kanada hökuməti hesab edir ki, bu, çox yüksək göstəricidir. Ancaq hökumət istəyir ki, ölkənin bütün sakinlərinin sürətli internetdən istifadə etmək imkanı olsun. Hökumət bunun üçün 750 milyon Kanada dolları ayırmaq niyyətindədir. Bu, bugünkü məzənnə ilə 557 milyon ABŞ dolları deməkdir.

Ölkənin milli telekommunikasiya agntliyi Kvebekdən Yukona qədər bütün əyalətlərdə yaşayan kanadalıları genişzolaqlı internetlə təmin etməyə söz verir.

Vəsaiti beş il ərzində ölkənin internetə çıxış problemi olan yerlərində müvafiq infrastrukturun inkişafına yönəltmək planlaşdırılır. 2021-ci ilədək ölkə əhalisinin 90%-nin yüksək sürətli internetə çıxışının təmin ediləcəyi gözlənilir.

"Bütün dünyada ölkələr kənd ərazilərində və ucqar yerlərdə icmaların etibarlı, yüksək sürətli internetlə təmin edilməsi məsələsində Kanadanın üzləşdiyi çətinliklərlə üzləşir", deyə OpenMedia təşkilatının kampaniya direktoru Josh Tabish bildirib. O ümid edir ki, "bu qərar bütün dünyada insanları həvəsləndirərək bütün vətəndaşların internetdən yararlanmasına şərait yaratması üçün ...hökumətlərə təzyiq etməsinə yol açacaq".

OpenMedia internetin fundamental xidmət elan olunmasını tələb edən vətəndaş hərəkatıdır.

Bu tarixi qərarın kənd ərazilərinə və yerli icmalara (Kanadada onları "ilk xalqlar" adlandırırlar) ciddi təsir edəcəyi gözlənilir.

"İqtisadiyyatımızın gələcəyi, rifahımız və cəmiyyətimiz, əslində hər bir vətəndaşımızın gələcəyi qarşımıza iddialı məqsədlər qoymağımızı... tələb edir", deyə Kanadanın Radio-Televiziya və Telekommunikasiya Komissiyasının (CRTC) sədri Jean-Pierre Blais mətbuat konfransında bildirib. "Bu məqsədlər iddialıdır. Onlara çatmaq asan olmayacaq və onlar çoxlu pul tələb edəcək. Ancaq bizim seçimimiz yoxdur", deyə o qeyd edib.

CRTC rəsmisi həmçinin bildirib ki, "yüksək keyfiyyətli etibarlı rəqəmli rabitə kanadalıların həyat keyfiyyəti və Kanadanın iqtisadi çiçəklənməsi üçün zəruridir". Onun sözlərinə görə, yüksək sürətli internetə çıxış kanadalıların vətəndaşlıq, yaradıcılıq və istehlakçılıq qabiliyyətini dəstəkləməyə xidmət edir.

Yeni genişzolaqlı internet stretegiyasına görə CRTC kanadalıların 100 faizini etibarlı, dünya standartlarına uyğun mobil və sabit internet xidmətləri ilə təmin etməyi planlaşdırır.

İcmaların iqtisadi inkişafı üzrə məsləhətçi Derek Wentzell yeni proqramı ilkin xalqların (yerli əhali) həyatını dəyişdirməyə qadir olan mühüm addım adlandırıb.

Ən son yazılan

XS
SM
MD
LG