Mütəxəssislər onkoloji xəstəliklər zamanı metastazların yaranması sxemini müəyyən etməyə nail olublar. Metastaz - xəstəlik prosesinin bədənin digər hissələrinə yayılmasıdır.
Məlum olub ki, onkoloji xəstəliklərin inkişaf etməsində əsas rolu piy hüceyrələri oynayır. Xəstəlik metastaz üçün hüceyrələrdə toplanmış piydən istifadə edir.
Xatırladaq ki, piy orqanizmdə olan mürəkkəb kimyəvi birləşmələr, lipidlərdir. Onların orqanizm üçün bir çox faydalı funksiyaları var.
Aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, bədəndə artıq piy eyni zamanda həm xərçəngin yayılmasına, həm də yeni limfa düyünlərinin formalaşmasına yol açır.
Löven Katolik Universitetindən professor doktor Piter Karmelyenin (Peter Carmeliet) başçılıq etdiyi tədqiqat qrupu belə nəticəyə gəlib ki, insan piylərə nəzarət etməklə özünü xərçəngdən qoruya bilər. Tədqiqatin nəticələri "Nature" və "Cell" elmi jurnallarında dərc edilib.
Tədqiqat nəticəsində məlum olub ki, limfa damarları qan damarlarından daha çox yağ hüceyrələrindən istifadə edir. Bəzi dərman preparatları limfa sisteminin yağ hüceyrələrindən istifadəsinin qarşısını ala bilər.
Qan damarları limfa damarlarına çevriləndə onlar daha çox yağ "yeməyə" başlayır. Bu dəyişikliyə limfa sistemini genişləndirən epigenetik dəyişikliklər deyilir. Yağ DNT-ni dəyişməsə də, limfa sistemini dəyişməyə qadirdir.
Limfa sistemi yağ "yeməyə" proqramlaşdırılıb. Löven Katolik Universitetindən doctor Brayan Vonq (Brian Wong) deyir ki, biz yağ qəbulunu azaltmaqla limfa sisteminin genişlənməsinin qarşısını ala bilərik.
Hazırda tədqiqatçılar iki şeyin üzərində çalışırlar:
1) Yağları azaltmaqla metastazı necə azaltmaq olar, və
2) Yağlı qida əlavələrinin arzuolunmaz limfa damarlarını sağaltmağa kömək edirmi. Bu halda əl və ayaqların şişməsi müşahidə olunur və xərçəngi cərrahi yolla götürmək tələb olunur. Bu ölümcül xəstəliyin digər adı limfedemadır və günümüzdə onu sağalda biləcək dərman preparatı mövcud deyil.
Hazırda alimlər bu tədqiqatın nəticələrindən istifadə edərək xərçəngə nəzarət etməyin yollarını tapmağa çalışırlar. Ancaq professor Piter Karmelye xatırladır ki, sağlam yağlar bizim sağlamlığımız üçün faydalıdır.