Keçid linkləri

Təcili xəbərlər

Maliyyə xidmətlərinin yol xəritəsi


Road map
Road map

Prezidentin 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş 12 strateji xəritədən biri “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”dir. Ümumi xəritə kimi bu Xəritə də qeyri-konkret, pafoslu və icrası yolları naməlum olan, üstəlik həqiqəti əks etdirməyən və maliyyə sektorunda yaşanan dərin böhran şəraitində bir çox vacib sualı cavabsız qoyan bir sənəddir.

Xəritədə deyilir ki, guya indiyədək istehlakçıların maliyyə savadlığının artırılması üzrə hansısa işlər görülüb. Halbuki, bu sahədə heç nə edilməyib...

1. Xəritədə deyilir ki, guya indiyədək istehlakçıların maliyyə savadlığının artırılması üzrə hansısa işlər görülüb. Halbuki, bu sahədə heç nə edilməyib, elə məhz buna görə də kredit təşkilatları və sığorta şirkətləri istehlakçıların başına oyun açır.

2. Xəritədə istehlakçıların maliyyə savadlılığının artırılması üzrə tədbirlər planı nəzərdə tutulur və bunun üçün “böyük vəsait”in tələb olunmadığı qeyd olunur. Hər şey üçün pul çox ayrılır, vətəndaşa çatanda isə qəpik-quruş. Görəsən, pulsuz bu iş necə görüləcək? Bəlkə əvvəlki kimi heç nə edilməyəcək, amma bəyanat veriləcək ki, işlər görülüb?!

3. Xəritədə deyilir ki, istehlakçıların hüquqlarının müdafiəsi üzrə də hansısa mexanizmlər formalaşdırılıb. Halbuki bu sahədə özəl qurum olan Antikollektordan başqa istehlakçıları müdafiə edən yoxdur. Yoxsa dövlət bizim özəl təşəbbüsü də öz adına yazır?

İlk növbədə Maliyyə Ombudsmanı institutu təsis edilməlidir ki, istehlakçıları müdafiə etsin. Daha sonra, “qoçu” kollektorların fəaliyyəti tənzimlənməli və məhdudlaşdırılmalıdır (Rusiyadakı kimi).

4. Xəritədə istehlakçıların hüquqlarının müdafiəsinin gücləndiriləcəyi vurğulansa da, bu sahədə hər hansı konkret tədbirin görüləcəyi nəzərdə tutulmur. Yoxsa yenə Antikollektorun fəaliyyətini öz aktivlərinə yazacaqlar?.. Əslində, bu sahədə görülməli olan işlər haqda dəfələrlə yazmışıq. İlk növbədə Maliyyə Ombudsmanı institutu təsis edilməlidir ki, istehlakçıları müdafiə etsin. Daha sonra, “qoçu” kollektorların fəaliyyəti tənzimlənməli və məhdudlaşdırılmalıdır (Rusiyadakı kimi). Nəhayət, “Müflisləşmə və iflas haqqında” Qanun təkmilləşdirilməlidir, o cümlədən vətəndaşlara özlərini müflis elan etmək imkanı verilməlidir.

5. Xəritədə kreditorların hüquqlarının müdafiəsi üzrə işlək mexanizmlərin yaradılması məhkəmə qərarlarının standartlaşdırılması və icra intizamının yaxşılaşdırılması nəzərdə tutulur. Özü də bu zaman açıq-aşkar “kreditor” dedikdə kredit təşkilatları ehtiva olunur. Yəni qanunvericiliyi elə dəyişmək, məhkəmə qərarlarını elə standartlaşdırmaq istəyirlər ki, banklara olan borc məsələləri üzrə məhkəmə və icra işləri tez həll edilsin. Tez həll isə təbii, zəif tərəf olan borclunun xeyrinə olmayacaq, özünümüdafiə vasitələri məhdudlaşdırılacaq. Ümumən məhkəmə və icra proseslərinin tezləşdirilməsi problem deyil. Bu şərtlə ki, istehlakçıların hüquqlarının müdafiə mexanizmləri, xüsusilə fərdi müflislik institutu da nəzərdə tutulmuş olsun. Əks halda, bu yeniliklər yalnız bankların xeyrinə olacaq, borclu əhali və sahibkarlara edilən zülm artacaq. Lakin bu hələ problemin yarısıdır.

Deməli, banka borcu olanın dərisinə saman təpiləcək, bankın borclu olduğu şəxslər isə qorunmayacaq, elə?!

6. Vacib olan həm də odur ki, “kreditorların hüquqlarının müdafiəsi” dedikdə nədənsə banklara pulunu etibar etmiş şəxslər unudulub. Halbuki, onlar da kreditordur və bank sisteminə etimad ilk növbədə onların hüquqlarının müdafiəsi səviyyəsi ilə ölçülür. Dəfələrlə bildirdiyim kimi, mövcud qanunvericiliyimiz müflis bankların kreditorlarının hüquqlarını qətiyyən qorumur, onlara hətta kreditorların ümumi yığıncağını yaratmağa imkan vermir və s., nəticədə bankların ləğvetmə prosesi korrupsiya mənbəyidir. Bu barədə dekabrın əvvəlində Maliyyə Bazarlarına Nəzarət Palatasına rəsmi müraciət də etmişəm. Deməli, banka borcu olanın dərisinə saman təpiləcək, bankın borclu olduğu şəxslər isə qorunmayacaq, elə?!

7. Ümumən ən aktual olan problemli kreditlər mövzusu ümumi sözlərlə təsvir olunub. Hansısa restrukturizasiyadan danışılır. Amma konkret mexanizmlər yoxdur. Ən vacib olan dollar kreditləri probleminə isə heç toxunulmur. Xəritə buna da münasibət bildirmirsə, kimə lazımdır?!
8. Kredit bürolarının fəaliyyətinə önəm verilsə də, bu bürolarada lombardların və nisyə mal satan dükanların icbari iştirakı məsələsinə toxunulmur. Bu yaxınlarda qəbul edilmiş “Kredit büroları haqqında” Qanunda da eyni yanaşmadır. Əhaliyə divan tutan lombardların və nisyə mal satanların da fəaliyyəti tənzimlənməyəcəksə, əhalinin kredit tarixçələrində onlara olan borclar da olmayacaqsa, kredit büroları kimə lazımdır? Mərkəzləşdirilmiş Kredit Reyestri var da onsuz da. Yəni böyük iş kimi göstərilən bu tədbirin əslində heç bir əhəmiyyəti olmayacaq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG