Keçid linkləri

Təcili xəbərlər

Çox banlayan “Xoruz” ili: Gözləntilər


Dünyada, bölgəmizdə, ölkəmizdə heç də asan olmayan, amma çox maraqlı 2016-ci ili arxada qoyuruq, 2017-ci il üçün gözləntilərimi, fikirlərimi sizlərlə bölüşmək istəyirəm.

Əgər Trump seçkilər vaxtı verdiyi sözləri tutsa, ABŞ iqtisadiyyatını ciddi yüksəliş gözləyir, vergi siyasətində atılacaq addımlar, vergilərin ciddi endirilməsi ABŞ-da böyük iqtisadi artım potensialı yaradır.

ABŞ. Seçkilərdən çıxan nəticə, yeni seçilmiş prezident Trumpun atacağı addımlar, onun siyasi deyil də, biznes kökənli olması 2017-ci ildə ABŞ-ın atacağı addımları daha önəmli və maraqlı edir. Əgər Trump seçkilər vaxtı verdiyi sözləri tutsa, ABŞ iqtisadiyyatını ciddi yüksəliş gözləyir, vergi siyasətində atılacaq addımlar, vergilərin ciddi endirilməsi ABŞ-da böyük iqtisadi artım potensialı yaradır. FED-in də nəzərdə tutduğu kimi, 3 dəfə faiz artımına getməsi baş versə, dolların dünyada ciddi bahalaşması davam edəcək, dollar “evinə” daha sürətlə dönəcək, bu isə xammal qiymətlərinə ciddi təsir göstərəcək. Əgər neft hasilatçıları üçün vergilər 34%-dən 15%-ə qədər endirilsə (belə sözü var Trumpun), o zaman ABŞ-da neft hasilatı çox böyük sürətlə artacaq, bu da OPEC və Rusiyanın sözlü müdaxilələrlə neftin qiymətinin artırılması cəhdlərini heçə endirəcək. ABŞ xarici siyasətdə daha aqressiv olacaq, məncə, Rusiya Trumpun addımlarından sonra Obamaya şükür edəcək.

Avropada “sağ” və “millətçi” siyasi qüvvələrin yüksəlişi davam edəcək. ...ümumiyyətlə, Avropada “mərkəzdənqaçma” prosesləri sürətlənəcək.

Avropa. AB ölkələrində 2017-ci ildə maraqlı proseslər olacaq. Avronun zəifləməsi AB ölkələrinin ixracat potensialına müsbət təsir göstərir, buna görə də gələn il AB-də iqtisadiyyatın artım tempi, az da olsa, yüksələcək. Amma, Avropada “sağ” və “millətçi” siyasi qüvvələrin yüksəlişi davam edəcək. Fransa seçkilərində 2-ci tura ilk dəfə olaraq Marine Le Pen qalacaq, amma onun qalıb gəlməsi mümkün görünmür, buna baxmayaraq “sağ-mərkəz” Fransada seçkiləri udacaq. Çox güman, növbəti prezident Fransua Fiyon olacaq. Almaniyada isə Merkel seçkilərdə ciddi səs itirəcək, yenidən kansler ola bilər, amma bu dəfə koalisiyada olduğu siyasi güclərə daha çox nazir portfeli verməyə məcbur olacaq. 2017-nin martında Britaniyada “brexit” rəsmiləşməyə başlayarkən, çox güman, Şotlandiyada növbəti referendum olacaq, ümumiyyətlə, Avropada “mərkəzdənqaçma” prosesləri sürətlənəcək.

Çində daşınmaz əmlak, səhm və bank sektorunda ciddi “şişmələr” var, bu “şarların” gələn il “partlama” ehtimalı yüksəkdir. Əgər bu baş versə, gələn il dünya iqtisadiyyatı Çinə görə daha çox dalğalanmalara uğrayacaq.

Çin. Çinin iqtisadiyyatı artıq daxili təlabata köklənib, yüksəliş daxili təlabatın artımına və orta sinfin hesabına baş verir. Amma idarəetmə, struktur problemləri, siyasi sistem artıq iqtisadi yüksəlişin potensialını tükədib. Gələn il Çinin əsas “baş ağrısı” Trumpun atacağı addımlar olacaq. Pekinin yuan məzənnəsi ilə manipulyasiyalar edərək ixaracatı stimullaşdırması siyasəti gələn il çətinliklə qarşılaşacaq. Amma, bütün bunlara baxmayaraq, gələn il də Çin dünyada iqtisadiyyatı 6% civarında artan tək böyük dövlət olacaq. Sadəcə, Çinin modeli 6%-lik artıma hesablanmayıb, həm də Çində daşınmaz əmlak, səhm və bank sektorunda ciddi “şişmələr” var, bu “şarların” gələn il “partlama” ehtimalı yüksəkdir. Əgər bu baş versə, gələn il dünya iqtisadiyyatı Çinə görə daha çox dalğalanmalara uğrayacaq.

Rusiyanın Avropa və ABŞ-la əlaqələri düzəltmək cəhdləri davam edəcək, iqtisadiyyatda isə bütün ümidləri hələ də neftin qiymətinin yüksəlməsinədir.

Rusiya. Rusiyanın siyasi və iqtisadi idarəetmə modeli artıq çürüyüb, bunu Kreml də anlayır və Rusiyada gələn il maraqlı proseslər olacaq, çox səs-küylü həbslər, korrupsiyaya qarşı mübarizə adı altında məmurların linç edilməsini görəcəyik. Rusiyanın Avropa və ABŞ-la əlaqələri düzəltmək cəhdləri davam edəcək, iqtisadiyyatda isə bütün ümidləri hələ də neftin qiymətinin yüksəlməsinədir. Rusiya iqtisadi modeli neftin 90 dollar olmasını tələb edir, bu baş verməsi, ciddi problemlər davam edəcək, amma Putin müəyyən islahat addımları da atacaq. Rusiya iqtisadiyyatı məhz 90-larda yaradılmış liberal iqtisadi institutların varlığına görə böhrana daha dayanıqlı ola bildi. Artıq bunu anlayırlar, Rusiya 2017-ci ildə dünyanı ciddi islahat addımları ilə təəccübləndirəcək, çünki, Trumpa bağladıqları ümidlər sönəcək, neftin qiymətində ciddi artım olmayacaq.

Qardaş ölkənin iqtisadi problemləri qar uçqunu kimi artacaq, uzun illər bölgədə yatırımcılar üçün əlverişli ölkə olan Türkiyə, bu statusunu itirmək üzrədir.

Türkiyə. Qardaş ölkənin iqtisadi problemləri qar uçqunu kimi artacaq, uzun illər bölgədə yatırımcılar üçün əlverişli ölkə olan Türkiyə, bu statusunu itirmək üzrədir. Məhkəmə müstəqilliyinin sual altına düşməsi, terror təhlükəsi ölkənin cəlbediciliyinin itirilməsi ilə müşahidə olunur. Gələn il türk lirəsi yeni anti-rekordlar vuracaq, əgər “Başqanlıq Sistemi” referenduma getməsə, yeni, növbədənkənar seçkilərə olacaq, bu isə ölkəni daha da gərginləşdirəcək.

İran. Gələn il İran dünyada ən çox yatırım çəkən ölkələrdən biri olacaq. İranda biznes üçün ciddi imkanlar var, getdikcə də bu imkanlar artacaq. Ölkənin dünyaya açılması orada olan, yumşaq desən, “xoş olmayan” sistemi də yumşaldacaq. İran iş adamları, biznes üçün çox cəlbedici ölkəyə çevrilir, maraqlı fürsətlər yaranır. Hansı şirkətlər zamanında İran bazarında yaxşı yer tuta bilsələr, o şirkətlər ciddi qazanclı çıxacaqlar.

Əmtəə bazarı. Gələn il də OPEC və Rusiyanın neft bazarına sözlü müdaxilə cəhdləri davam edəcək. Aralarında imzalanan anlaşma, çox güman, reallaşmayacaq, amma hər fürsətdə müxtəlif bəyanatlarla qiyməti yüksəltməyə çalışacaqlar. Amma gələn il neft bazarına əsas təsir edən amil ABŞ-dan gələn xəbərlər və addımlar olacaq. Hər halda, bütün oyunçulara hələlik 50 dollar civarında olan qiymət sərfəli görünür, ola bilər ki, gələn il ortalama qiymət elə 50 dollar civarında olsun.

Ölkənin problemi iqtisadiyyatda deyil, ucuz neftdə deyil, idarəetmə sistemində və siyasi idarəçilik fəlsəfəsindədir, azad və ədalətli məhkəmələrin olmamağındadır. Hökumıtin siyasi və hüquqi açılıma getməməsi ciddi zaman itgisinə səbəb oldu-olur.

Azərbaycan. Ölkəmizdə illərdir xroniki hal alan problemlər 2016-da da öz həllini tapmadı. Çünki hökumət hələ də problemin iqtisadiyyatda olduğunu düşünür, müxtəlif “Yol Xəritələri” ilə vəziyyəti düzəldə biləcəyinə ümid edir. Ölkənin problemi iqtisadiyyatda deyil, ucuz neftdə deyil, idarəetmə sistemində və siyasi idarəçilik fəlsəfəsindədir, azad və ədalətli məhkəmələrin olmamağındadır. Hökumıtin siyasi və hüquqi açılıma getməməsi ciddi zaman itgisinə səbəb oldu-olur. Gələn il bütün xroniki problemlər davam edəcək: Bankların bağlanması, işsizliyin artması, iqtisadi aktivliyin zəifləməsi, ticarət dövriyyəsinin azalması labüd olacaq. Manatın məzənnəsi getdikcə daha çox dəyərdən düşəcək. Elementar sual: Əgər valyuta bazarında tək bir oyunçu – Neft Fondu varsa və bu mənbədən də 2017-ci ildə bazara cəmi 4,1 mlrd. dollar çıxacaqsa, ölkənin illik 11-12 mlrd. dollara olan təlabatı daha hansı mənbədən ödəniləcək? Bu sualın cavabı yoxdur, deməli, manatın daha sürətlə “ölməsinin” şahidi olacaqğıq. Gələn il əsasən geyim, ayaqqabı, məişət texnikası, mebel satışlarında ciddi azalmalar olacaq, insanların əsas qayəsi ərzağa və dərmana olan təlabatını ödəmək olacaq. Gəlirlərin azalması, qiymətlərin isə sürətlə artması, kommunal xərclərin yüksəlməsi fonunda vətəndaşların əsas dərdi ərzağa olan təlabatını ödəmək olacaq. Valyuta bazarında alış-satış sərbəstliyi yaranmasa, olan-qalan xarici şirkətlər də ölkədən qaçacaq, “qara bazarın” olması qiymətlərin daha sürətlə artmasına səbəb olacaq.

Bax belə əziz dostlar, 2016-cı ilə baxanda insanın heç dili gəlmir ki, “neçə BELƏ illərə”, desin, amma mən inanıram ki, xalqımız özündə güc tapıb bu ağır durumdan çıxmağı bacaracaq. Bunun üçün isə həmrəy olmağa ehtiyac yoxdur, özrəy olun, öz rəyiniz olsun – yetər. Xalq həmrəy olanda Şimali, özrəy olanda Cənubi Koreya olur, bunu unutmayın. Yeni İliniz Mübarək!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG