Keçid linkləri

Təcili xəbərlər

SpaceX raket uçuşlarını bərpa edir


Ilon Maskın (Elon Musk) SpaceX şirkəti bazar günü, Yanvarın 8-də Falcon 9 raketini yenidən buraxacaq. Xatırladaq ki, Sentyabr ayında raketin buraxılması qəza səbəbindən baş tutmamışdı.

SpaceX uçuşları Kaliforniyadakı Vandenberq hərbi hava qüvvələri bazasından Iridium NEXT peykinin buraxılışı ilə başlayacaq.

ABŞ-ın "Iridium Communications" şirkəti "Falcon 9"un köməyilə yeni nəsil Iridium telekommunikasiya peyklərinin ilk qrupunu kosmosa çıxarmağa hazırlaşır. Şirkət SpaceX istehsalı olan daşıyıcı raketlərin köməyilə orbitə onlarla belə aparat çıxarmağı planlaşdırır. Kosmosa göndəriləcək ilk qrupa on belə peyk daxildir. Bu aparatlar təqribən kiçik avtomobil ölçüsündədir.

SpaceX şirkəti bildirib ki, Sentyabrda baş vermiş qəzanın araşdırılması başa çatıb.

İnsidenti ABŞ Hərbi Hava Qüvvələri (HHQ), Federal vətəndaş aviasiyası idarəsi, NASA və Nəqliyyat təhlükəsizliyi üzrə milli şuranın əməkdaşları araşdırıb.

Komissiya belə nəticəyə gəlib ki, raketin buraxılış masasında partlamasının səbəbi raketin ikinci mərhələsindəki maye oksigen çəninin içində yerləşən üç balondan birində baş vermiş nasazlıqdır. SpaceX bildirir ki, qəza supersoyuq helium və oksigenin karbon lifləri və aliminiumla gözlənilməz təması nəticəsində baş verib.

SpaceX rəsmiləri qeyd ediblər ki, şirkət qəzanın təkrarlanmaması üçün bütün zəruri tədbirləri görüb.

"Falcon 9" daşıyıcı raketi Sentyabrın 1-də Florida ştatındakı Kanaveral burnunda sınaq buraxılışı zamanı partlamışdı. Qəza sınağa hazırlıq zamanı, yanacaq doldurma zamanı baş vermişdi.

Baş vermiş partlayışla bağlı nəzərdən keçirilən ehtimallar arasında sabotaj versiyası da vardı.

Partlayış nəticəsində şirkət raketi və İsrailin AMOS-6 peykini itirmişdi. Peykin qiyməti 200 milyon dollar dəyərində müəyyən edilib.

Bu peyk həm də Facebookun Baş İcraçı Direktoru Mark Zuckerbergin Afrikanın təcrid olunmuş ərazilərinə yüksək sürətli interneti gətirmək layihəsinə yardım etməli idi.

Məhv olmuş aparatın sahibi "Space Communication" şirkəti "SpaceX"-dən 50 milyon dollar təzminat, yaxud da pulsuz uçuş istəyəcəyini bildirib.

Elon Musk bu qəzanı şirkətin tarixində ən ciddi uğursuzluq adlandırmışdı.

"Falcon 9" çoxdəfəlik raket kimi dizayn edilib. Ancaq texniki nasazlıqlar üzündən SpaceX üç dəfə raketin birinci məərhələsini yerə endirə bilməyib.

2018-ci ildən başlayaraq, "Falcon 9" raketləri NASA-nın yüklərini Beynəlxalq Kosmik Stansiyaya daşı yacaq və astronavtlar üçün nəqliyyat rolunu oynayacaq. SpaceX həmçinin Müdafiə Departamentinin casus peyklərini buraxaq üçün dövlət kontraktlarını qazanmağa çalışır.

SpaceX bu il ilk dəfə "Falcon Heavy" adlı ağır raketini də buraxmağı planlaşdırır. Şirkət bildirib ki, bu raket ya Vandenberq kosmodromundan, ya da Kennedy Kosmik Mərkəzindən buraxılacaq.

Ən son yazılan

XS
SM
MD
LG