Moskva ətrafındakı Dubnada NICA kollayderinin yaradılmasında iştirak edən Rusiya elmi-tədqiqat institutlarının fizikləri Novosibirskdə nüvə fizikası institutunda yeni layihə həyata keçirməyə hazırlaşırlar.
Rusiya fizikləri Novosibirskdəki Budker adına Nüvə fizikası institutunda daha bir kollayder yaratmaq üzərində çalışacaqlar. Bu barədə "RIA Novosti" agentliyinə institutun direktor müavini Yevgeny Leviçev məlumat verib.
O, bu birliyin hökumətin xeyir-duasını və maliyyə dəstəyini ala biləcyinə ümid ifadə edib.
Leviçev deyib ki, ötən il kompleksin injeksiya hissəsi ilə bağlı işlər görülüb. Söhbət kollayderdə toqquşacaq elektronları (materiya) və pozitronları (antimateriya) yaradacaq sürətləndirici kompleksindən gedir.
Super Çarm-Tau fabriki layihəsinin həyata keçirilməsində xarici alimlər də iştirak edəcək. Bu unikal elektron-pozitron kollayderi Rusiya federasiyasında həyata keçirilməsi planlaşdırılan altı mega-science layihəsindən biridir. Kollayderin dəyəri 27 milyard rubldur (447 milyon dollar). Kollayderdən müasir yüksək enerjilər fizikasında bir sıra məsələlərin həlli üçün istifadə ediləcək. Hələ ki, dünyada enerjilərin bu sahəsində tammiqyaslı tədqiqatlar aparmağa imkan verən kollayder mövcud deyil.