Keçid linkləri

Təcili xəbərlər

Bizim boşanma mədəniyyətimiz


Karikatura Gündüz Ağayevindir
Karikatura Gündüz Ağayevindir

Son günlərin ən çox danışılan məsələsi, on yaşlı Nurayın hekayəti ölkədə azyaşlı problemindən daha çox insanlarımızın böyük əksəriyyətinin boşanma mədəniyyətindən uzaqlığına işarə idi. Bir az mədəniyyətə, dünyagörüşə sahib insanların elə evlilik qədər normal və təbii bir hal kimi qəbul etməli olduğu boşanma, ayrılma aktı Azərbaycanda ən ikrah duyduğum aktlardan biridir.

"Bütün hüquq təcrübəm deyir ki, azərbaycanlılar boşanarkən irəli sürdükləri tələbləri bir qayda olaraq bir birlərindən qisas almaq üçün irəli sürürlər."

Bu gün vəkil dostlarımdan birinin bu qeydini oxuyanda, müşahidələrimdə yanəlmadığıma əmin oldum; “Bütün hüquq təcrübəm deyir ki, azərbaycanlılar boşanarkən irəli sürdükləri tələbləri bir qayda olaraq bir birlərindən qisas almaq üçün irəli sürürlər. Təcrübəmdə iki hal olub ki, insanlar bütün məsələlərdə qarşılıqlı razılıq əsasında gəlib boşanıblar və bir-birlərinə qarşı insani münasibəti qoruyub saxlayıblar. Biri iki ukrayna millətindən olan vətəndaşımızın boşanması, digər türk iş adamı ilə rus millətindən olan vətəndaşımızın boşanması idi. İkinci ailədə baş verənlər dəhşətli faciə idi. İnsanların bir-birlərinə qarşı nifrət nümayiş etdirməsi üçün çox böyük səbəblər var idi. Lakin bu şəxslərin insanlıqlarının qoruyub saxlaya bilmələri məni dəhşətə gətirmişdi. Bununla millətimizi aşağılamaq istəmirəm. Sadəcə bizdə ailə təsisatı zamanın yeni tələblərinə uyğunlaşa bilmədiyini qeyd etmək istəyirəm”.

Tale elə gətirib ki, yaxın adamlardan bir neçə cütlüyün boşanmasına şahid olmuşam. Bu, bir insanın ömründə üzləşə biləcəyi ən alçaq, səviyyəsiz, qeyri-insani səhnələrdən biridir. İttihamlar, haqq-hesablar, təhqirlər, hədələr, nifrət püskürməsi, söyüş-qarğış, pislik etmək ehtiyacı, qisas almaq ehtirası...Bu günə qədər bir evdə yaşayan, bir yorğana bürünüb yatan, bir yerdə toya gedib qoşa şəkil çəkdirən, uşaq dünyaya gətirən, ailə təşkil edən adamların bir-biri ilə davranışına baxırsan, dəhşətə gəlirsən ki, axı bu necə ola bilər. Necə ola bilər ki, bir insan bir müddət əvvəl sarılıb yatdığı adam barəsində belə şeylər desin, ona bu qədər pislik istəsin.

...doğrudanmı bu insanların arasında bir qram hörmət olmayıb bir-birinə qarşı. Bir qram sevgi olmayıb. Bir qram insan kimi ehtiram hissi olmayıb.

Yəni doğrudanmı bu insanların arasında bir qram hörmət olmayıb bir-birinə qarşı. Bir qram sevgi olmayıb. Bir qram insan kimi ehtiram hissi olmayıb. Olubsa, indi, boşanma zamanı bu nifrin, hədə, pislik etmə ehtiyacı nədəndir. Olmayıbsa, onlar bu hörmətsiz, sevgisiz, ehtiramsız necə yaşayıblar.

İnsanların üzünə baxırsan, görürsən ki, kişi ilə qadının üzündə insana aid olan nəsə tapmaq çətindir, bu ifadə, bu xınc, bu qisas almaq, pislik etmək ehtiyacı erkəyini itirən dişi, dişisini itirən erkək instinktindən başqa bir şey deyil. İnstinktlə yaşayan insanlar qanunla hərəkət etməlidirlər və bu anda da ortaya belə dəhşətli bir şey çıxır.

Evlənəndə tək qərar vermədikləri, evliliklərini özləri qurmadıqları, iki ailəni deyil, iki nəsli, iki tayfanı bu evliliyə şərik etdikləri üçün, boşananda da iki adam ayrılmır, iki ailə, iki nəsil, iki tayfa boşanır. İki nəsil düşmən olur. İki nəsil bir-birinə nifrət yağdırır, qisas almaq istəyir, pislik eləməyə çalışır. İki insanın deyil, iki nəslin insani sifətləri yoxa çıxır, iki nəslin insanları içlərindəki ən murdar, ən iyrənc şeyləri üzə çıxarır. Cehiz qayıtma prosesi, aliment kəsmə prosesi, ev alma prosesi, uşaqla görüş günlərinin təyin edilməsi prosesi – hamısı qarğışla, söyüşlə, təhqirlə müşaiyət olunur. Bir otaqdan, 100 manat puldan, bir şifonerdən ötrü iki nəsil simasını itirir, alçalır, yalan danışır...Qadın uşaqlarının atasına narkoman deyir, kişi uşaqlarının anasına fahişə deyir. Bir-birini alçaltmaq, pislik etmək üçün əl atmadıqları böhtan qalmır, yalan qalmır.

Əgər iki insan çox vaxt valideyn, qohum, ağsaqqal məsləhəti, ya da sadəcə “ailə qurmaq lazımdır” sosial sifarişini yerinə yetirmək üçün evlənməsəydilər, boşanmalar da belə iyrənc, nalayıq olmazdı.

Halbuki, insanlar sırf bir-birilərini sevdikləri üçün evlənsəydilər, boşanma səbəbi də ancaq bu sevginin bitməsi olardı. Əgər iki insan çox vaxt valideyn, qohum, ağsaqqal məsləhəti, ya da sadəcə “ailə qurmaq lazımdır” sosial sifarişini yerinə yetirmək üçün evlənməsəydilər, boşanmalar da belə iyrənc, nalayıq olmazdı. Evliliklərinə iki nəsli şərik etməsəydilər, boşananda da iki nəsil düşmən olmazdı. Evlənərkən nikah müqaviləsi bağlasaydılar, boşananda mal-mülk məsələləri də asanlıqla həll edilərdi. Bir-birlərinə erkək, dişi kimi deyil, insan kimi yanaşsaydılar, boşananda məsələ hər iki tərəfin eqosunu təmin etməyi deyil, rahatlığı olardı.

Ən pisi də budur ki, belə proseslərdən uşaqlar əziyyət çəkir. Fiziki travma alır, mənəvi travma alır. Ananın yanında qalan uşaq bütün günü atasının əclaf, narkoman olduğunu eşidir, atasının yanında qalan uşağa anasını pisləyir, onun əxlaqsız, pis qadın olduğunu aşılayırlar. Bəzən qadın boşandığı ərindən, ya da kişi boşandığı qadından qisasını uşaqdan alır, uşağı döyür, alçaldır. Bəzən də uşaq Nuray kimi qisasalma, eqotəminetmə, çəkişmə alətinə çevrilir, iki tərəf məhz uşağı alət edirlər öz nifrətlərinə, hikkələrinə.

Nə qədər ki, insanlarımız normal boşanmağı, boşananda normal münasibətlər saxlamağı öyərnməyəcəklər, uşaqlar Azərbaycanda boşanma qurbanı olacaqlar. İki insanın, iki ailənin, iki nəslin hikkəsinin, nifrətinin qurbanı...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG