"Illumina" şirkətinin "TruSight Tumor 170" paneli 170 gen çərçivəsində müxtəliv variantları təhlil etməyə qadir olan yeni sistemdir. İndi şirkət xərçəng xəstələrində genom məlumatlarının təfsirinin standartlaşdırılması və sadələşdirilməsi istiqamətində tədqiqatlar aparır. Layihədə həmşinin IBM şirkəti də iştirak edir.
Bu tədqiqatlar sayəsində alimlər məlumatı daha tez və daha geniş analiz edə biləcəklər. Şirkətlər öz bəyanatlarında bildiriblər ki, Watson Genomics "TruSight Tumor 170"in hazırladığı genetik dəyişikliyə dair faylları cəmi bir neçə dəqiqə ərzində oxuya biləcək.
Şişin genom əsasını bilmək xəstəliyin özünü anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Ancaq bu əsası öyrənmək üçün istifadə olunan ardıcıl panellər mürəkkəb təhlillərin aparılmasını tələb edir. Xərçəngin böyüməsinə cavabdeh olan mutasiyaları ortaya çıxarmaq, daha sonra bu məlumatı potensial standart və eksperimental müalicə üsulları ilə əlaqələndirmək lazımdır. IBM-lə "Illumina"nın əməkdaşlığı məhz bu missiyanı həyata keçirmək məqsədi daşıyır.
"Illumina"nın prezidenti və icraçı direktoru Frensis deSuzanın (Francis deSouza) sözlərinə görə, genom tədqiqatında mövcud olan məlumat baryerlərinin öhdəsindən gəlmək üçün yeni alətlərə ehtiyac var. "'Illumina'nın geniş təhlili və "Watson"un gücü ilə biz genom dəyişikliyinə dair nəticələrdə sürətli dönüş etməyə ümid edirik", deyə deSuza bildirib.
"Watson" dünyada ilk kommersiya yolu ilə əldə oluna bilən koqnitiv hesablama sistemidir. Klaud (bulud) texnologiyasının köməyilə çalışan bu sistem çox böyük həcmdə məlumatı təhlil edir, təbii dildə qoyulmuş mürəkkəb sualları anlayır və real dəlillərə əsaslanan cavablar verir. "Watson" zamanla davamlı olaraq əvvəlki münasibətlərdən (sorğulardan) öyrəndiklərini toplayır və gələcəkdə onlardan yararlanır.