Keçid linkləri

Fransada 2016-cı ildə keçirilən Avropa Futbol Çempionatı (Avro-2016) ölkəyə gözləniləndən artıq gəlir gətirib. Çempionatdan ölkənin ümumi gəliri 1.2 milyard avro olub.

Bu barədə Avro-2016 ilə bağlı hesabat toplantısında Fransanın İdman naziri Patrik Kanner (Patrick Kanner) açıqlama verib.

Çempionatla bağlı gözləntilər və nəticələri dəyərləndirən Kanner yarışın həm ölkə iqtisadiyyatına, həm də riskli mərhələdən keçən ölkənin sosial və psixoloji vəziyyətinə qatqılarının böyük olduğunu dilə gətirib.

Fransa İdman Nazirliyinin yaydığı məlumata görə, Avro-2016 ölkəyə turizmdən 500 milyon, bilet satışından 476 milyon avro, digər gəlirlərdən isə 244 milyon avro qazandırıb.

Bir ay davam edən çempionat üçün ölkəyə 536 min xarici tamaşaçı gəlib. Bunlardan 50 faizdən çoxu paytaxt Parisdə, 33 faizi Lionda, 29 faizi isə Marseldə qalıb.

Avro 2016-nın UEFA-ya 1.9 milyard avro gəlir gətirib. UEFA-nın isə çempionata 1.1 milyard avro xərclədiyi açıqlanıb.

2015-ci ilin Noyabr ayında Fransada baş verən terror hadisələrindən sonra Avro-2016-nın başqa bir ölkədə keçirilməsi gündəmə gəlsə də, ölkə rəhbərliyinin cəhdlərindən sonra çempionat burada baş tutdu.

Hücumlardan sonra ölkəyə gələn turistlərin sayı azalsa da, Avro-2016 üçün gələn futbolsevərlər bu zərəri üstələyib.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG