Səhiyyə və elm üzrə ixtisaslaşmış jurnalist Qeri Taubs (Gary Taubes) özünün “Şəkərə qarşı” kitabında iddia edir ki, cəmiyyətdə şəkər düşkünlüyü yalnız artıq çəki prolemlərinə yol açmır, həmçinin ağlınıza belə gəlməyən yollarla həyatınıza son qoya bilər.
Dementiyanın (beyin pozğunluğu) artma riski
Ekspertlərin fikrincə, şəkərin böyük həcmdə istifadəsi ilə əlaqədar olan insulinə qarşı müqavimət, beynin bəzi funksiyalarına mənfi təsir göstərə bilər və onun fəaliyyətini zəiflədə də bilər. Bu hal isə Alsheymer xəstəliyinin yaranmasına gətirib çıxarır.
“Əgər şəkərin istifadəsi biz yaşa dolduqca dementiyanın riskini artırırsa, təbii ki, şəkərdən daha az istifadə bu riski azalda bilər”, deyə Taubs kitabında qeyd edir.
Siqareti hətta daha da təhlükəli edir
Tütünün emalı zamanı ya tütün nişastası şəkərə çevirmə texnikasından və ya tütün yarpaqlarının şəkərdə isladılma üsullarından istifadə edilir. Şəkər siqaret çəkənlərin onu daha dərindən qullablamağa imkan verir ki, bu da tütündən asılılığı artırır.
Xərçəngi beləcə qidalandıra da bilərik
Taubs və bir çox tibb işçiləri hesab edirlər ki, şəkərin istifadəsi insulinə müqaviməti artırır və orqanizmdə hüceyrələrin effektiv şəkildə insulinə qarşı cavab vermədiyi bir şəraitdə, orqanizm bunu tənzimləmək üçün daha çox hormon hasil edir. Alimlər müəyyən ediblər ki, xərçəng hüceyrələri böyümək üçün bu aşırı insulindən istifadə edir.
“Əgər insulin müqavimətinə səbəb olan şəkərdirsə, demək, şəkər də xərçəngə gətirib çıxara bilər”, deyə Taubs yazır.
Asılılıq
Şəkər bizim bədənimiz və beynimiz arasında kimyəvi mübadiləni stimullaşdıraraq bizi xoşbəxt edir. Şirin məhsullardan daha çox yedikdə və ya içdikdə orqanizmimiz passivləşir. Müəllifə görə, orqanizm şəkərə daha çox meylləndikcə – alınan hər bir dişlək bizi “ömürlük asılılığa” aparır.
Lakin müəllif deyir ki, ümid də var: “Əgər şəkərsiz davam etsək, beynimiz öz baza səviyyəsinə qayıdır, həyat isə şəkərsiz daha gözəl və sağlam olur”.
Ürək xəstəlikləri
Şəkərin həddindən artıq çox istifadəsi insulin artıqlığına, bu da öz növbəsində qan təzyiqinin artmasına, nəticədə isə ürək xəstəliyinə səbəb olur. Taubsa görə, insulin sinir sistemini stimullaşdıraraq ürək döyüntüsünü sürətləndirir və qan damarlarını daraldır.