Keçid linkləri

Təcili xəbərlər

Hüseyn müsibəti


Bir neçə il əvvəl gənc videoblogger, aktrisa Aynur Hüseynova Azərbaycandan gedəndə, onun yerinə çox sevinmişdim. Aynurun mənim üçün dəyəri onun istedadından daha çox yaşadığı ölkənin ibtidai ənənələrinə, geriliyə, şərtiliklərə, ölkədə ana-ata-nənə-baba-oğul-qız-qohum-qonşunun iştirakı ilə hər gün oynanan nəhəng realiti şouya qarşı olmağı, yenilikçiliyi, müasirliyi idi. Çünki auditoriyaya çıxışı olan adamın konservativ yoxsa yenilikçi, elm yoxsa cəhalət tərəfdarı olmağı, lokal yoxsa bəşəri dəyərlərə istinad etməyi çox vacib məsələdir. Publikaya çıxışı, özü də sənətlə çıxışı olan adamın bu publikanı tərbiyə etmək imkanı daha çoxdur. Və o qalır bu adamın kəramətinə ki, öz publikasından cahil ordusu, yoxsa düşünən insanlar; yaltaqlar, yoxsa sual verənlər; yeni, yoxsa nimdaş insanlar tərbiyə eləsin.

...o, ölkədən gedəndə, gənclərin əslində bir yenilik nəfəsliyini itirdiyini anlayırdım, amma həm də Aynurun özünü xilas elədiyinə sevinirdim.

Bu mənada Aynurun yeni, müasir, düşünən gənclər tərbiyə etmək imkanı və istəyi var idi, çünki o özü həm gənc, həm də sənət adamı olaraq mədəni müxalifətdə idi. Buna görə o, ölkədən gedəndə, gənclərin əslində bir yenilik nəfəsliyini itirdiyini anlayırdım, amma həm də Aynurun özünü xilas elədiyinə sevinirdim. Səhv etmirəmsə, niyə sevindiyim barədə də yazmışdım o vaxtlarda.

Azərbaycan kimi istedadlar, yeni və maraqlı insanlar sarıdan boz ölkədə başqa bir internet fenomeni Hüseyn Əzizoğlu idi. Onun istedadı, işlərinin səviyyəsi barədə nəsə deməyə ehtiyac görmürəm. Birincisi ona görə ki, tirajı öz sözünü deyirdi. İkncisi də, gənc istedadlar haqda ancaq ən yaxşı şeyləri demək lazımdır ki, həvəslənsin, motivasiyası olsun, yoxsa qol-qanadı qırmağa nə var. Əsas odur ki, gəncdir və onun öz səhvlərini düzəltməyə, öz üstündə işləməyə, inkişaf etməyə zamanı var.

18-19 yaşında adam adətən qatı solçu, Çe Gevaraçı, Con Lennonçu, hippi, hipster, marixuanaçı, Kastanedaçı və s.olur ki, bunların hamısı çox normaldır və məsumdur.

Mənim şəxsi tanışlığım yoxdur, amma polislərlə bağlı çəkdiyi videolar, hərdənbir müraciət elədiyi sosial mövzular göstərirdi ki, o həm də vətəndaşdır, ölkədə nəyin necə olduğunu görür. Hələ bir dəfə də insanları Cəmil Həsənliyə səs verməyə səsləyərək, bu rejimin çökməyə məhkum olduğunu demişdi. Demokratik düşərgədən isə xeyli dostları vardı ki, onun qatı müxalifətçi olduğunu iddia edirdilər. Halbuki, 18-19 yaşlı gəncin qatı nəsə olmağı həm bir az gülməli, həm də təbiidir. 18-19 yaşında adam adətən qatı solçu, Çe Gevaraçı, Con Lennonçu, hippi, hipster, marixuanaçı, Kastanedaçı və s.olur ki, bunların hamısı çox normaldır və məsumdur. Zira gənc və saf qəlblər məfkurələrə açıqdır və hansı məfkurə zirək tərpənib, özünü qabağa versə, gənc qəlbə o hakim kəsilir. Odur ki, gənc bir aktyorun, videobloggerin qatı müxalifətçiliyi məsələsi məsumca gülməli məsələydi deyə, belə söhbətləri ciddiyə alan yox idi.

Bu gün o videobloggerin izləyiciləri 20 yaşlı gənci qəfil mövqe dəyişməkdə, müxalifətdən iqtidara, İsa Qəmbərdən İlham Əliyevə, demokratik düşərgədən sənət ağsaqqallarının yanına qəfil keçid etməkdə qınayır, söyürlər. Və qəribəsi budur ki, buna təəccüblənirlər. Təəccüblənirlər ki, dünən çılğın müxalifətçi bu gün iqtidar aşiqi olur, dünən aktivist gənclərlə oturub-duran bu gün təqaüdçü idmançıların qoltuğuna sığınır. Əslində, bir qədər anlamaq da olar, axı barışmaq, uduzmaq, yorulmaq bir az da yaşla bağlı bir şeydir. Bu baxımdan, hələ atasından çaypulu alan, pis yaşamayan, ailə saxlamayan, illərlə meydanlarda sürünüb yorulmayan bir gəncin belə tez-bazar mövqe dəyişməsi, hardan baxsan cırtqozluqdur, tələskənlikdir, pis mənada uzaqgörənlikdir. 20 yaşda sən nə yatdın ki, nə də yuxu görəsən, nə müxalifətçilik elədin ki, tez-bazar prezidentin daxili və xarici siyasətini tərifləyəsən. 20 il prinsiplərinin arxasınca gedən, işini itirən, ailəsi ac qalan, itkilər verən, yorulan adama haqq qazandırmaq mümkündür, amma 20 yaşlı gəncin bəri başdan belə zirək tərpənməyi heç də yaxşı şeylərdən xəbər vermir.

Amma bir tərəfdən də baxanda, düşünürsən ki, bəlkə elə belə yaxşıdır. Bəlkə Flora Kərimova kimi on beş il müxalifətin arxasınca sürünüb, yaşlı vaxtında gedib təslim olmaqdansa, Azər Zeynalov kimi od-alov püskürüb, sonra o yaşda beş dəfə fikir dəyişincə, bəlkə elə bəri başdan düz elədi seçimini.

Amma bir tərəfdən də baxanda, düşünürsən ki, bəlkə elə belə yaxşıdır. Bəlkə Flora Kərimova kimi on beş il müxalifətin arxasınca sürünüb, yaşlı vaxtında gedib təslim olmaqdansa, Azər Zeynalov kimi od-alov püskürüb, sonra o yaşda beş dəfə fikir dəyişincə, bəlkə elə bəri başdan düz elədi seçimini. Nə etsin, ölkədə vəziyyət elədir ki, tiraj azadlığın yanında olsa da, imkan konyukturun yanındadı. Azad kino yox, azad televiziya yox, azad biznes mühiti də yoxdur ki, bir iş adamı tapılsın, sənə dəstək versin.

Beləliklə, biz daha bir gəncin öz azadlığını imkanlara, pula dəyişməyinin şahidi olduqsa da, əminəm, bu imkanı, bu pulu heç kim ona nəinki verməyib, heç vəd etməyib də. Çünki pis zamanlardır, hər şeydə qənaət başlayıb, məddah, yaltaqların da xeylisi bu dəqiqə ixtisara düşüb, maaşları kəsilib, çoxu işlərini itirmək qorxusu ilə yaşayır. İndi elə zamandır ki, məddahlıq, yaltaqlıq, yarınmaq əsl masterlik tələb edir, sən bu sahədə uğur qazanmaq, qabağa getmək üçün gərək əvvəlkindən yüzqat daha ağır şəraitdə işləyəsən, yüzqat artıq tər tökəsən, əvvəl əl öpürdünsə, indi gərək ayaq öpəsən. Bir sözlə, çox çətindir, məddahlar, yaltaqlar da bərk əziyyət çəkirlər, narahatdırlar, işlərini itirmələri an məsələsidir. Belə bir zamanda bu siyahıya düşmək, belə adamların əlindən çörək qapmaq sizə asan gəlməsin. Bu işin 20, 30, 40 illik əjdahaları, kəlləri var, Hüseyin kimi gənc və naşı adamı onlar diri-diri yeyərlər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG