Keçid linkləri

Təcili xəbərlər

Hökumət kəskin qərarları niyə ləngidir?


İL “İSLAM HƏMRƏYLİYİ İLİ” ELAN OLUNSA DA...

2017-ci il ölkədə rəsmən “islam həmrəyliyi ili” elan edilsə də insanların bu ildən daha çox iqtisadi gözləntiləri var. Hamı düşünür ki, bu il hökumət böhran başlayandan bu günə qədər etmək istəmədiyi və təxirə saldığı sərt maliyyə qərarlarını nəhayət ki, elan etmək məcburiyyətində qalacaq...

Elə hökumət üzvləri özləri də ötən ilin sonlarında dedilər ki, hazırda makro-maliyyə stabilləşməsi konsepsiyası üzərində iş gedir. Hətta insanlar belə düşünürdü ki, yeni ilin ilk həftəsini yeni maliyyə qaydaları ilə qarşlayacaqlar.

Elə hökumət üzvləri özləri də ötən ilin sonlarında dedilər ki, hazırda makro-maliyyə stabilləşməsi konsepsiyası üzərində iş gedir. Hətta insanlar belə düşünürdü ki, yeni ilin ilk həftəsini yeni maliyyə qaydaları ilə qarşlayacaqlar. Amma hələ ki, bir şey yoxdur. Üstəlik, yeni ildə hökumətin ilk geniş iclasında bu xüsusda hər hansı bir anons verilmədi. Əksinə dövlət başçısı bu il üçün infliyasiyanı bir rəqəmli səviyyədə saxlamaq haqda göstəriş verdi. Nə baş verir? Hökumət nə düşünür? Bu il də kəskin maliyyə qərarları olmadan sovuşmaq mümkün olacaqmı?..

DİGƏR ÖLKƏLƏR BUNU EDƏ BİLDİSƏ...

Əslində “sərt maliyyə qərarları” deyəndə hamı ilk növbədə manatın tamam sərbəst “üzən məzənnə”yə keçməsini düşünür.

Maraqlıdır ki, ölkənin müstəqil iqtisadçıları bu xüsusda tərəddüdlü fikirlər deyir, hətta Azərbaycanın belə bir siyasətə keçməsinin mümkün olmadığını bildirirlər. Təbii ki, onlar bunu israr edirsə, görünür, hansısa ciddi arqumentlərə də söykənirlər.

Əgər Rusiya və Qazaxıstan tam sərbəst “üzən məzənnə”yə keçdisə, Azərbaycan niyə bunu edə bilməsin?

Amma bir məsələ vardır. Əgər Rusiya və Qazaxıstan tam sərbəst “üzən məzənnə”yə keçdisə, Azərbaycan niyə bunu edə bilməsin?

Təbii ki, vətəndaş olaraq biz də sərt maliyyə siyasətindən ehtiyat edirik. Amma indiki halda manatın kursunu müəyyən bir həddə saxlamaq üçün hökumət bazara valyuta emissiya etməli olur.

Bu isə əlavə məsrəflər və yaxud da dollar ehtiyatlarının səmərəsiz xərclənməsi deməkdir. Üstəlik, indi ölkədə bərqərar olmuş maliyyə siyasəti nəinki iş adamları üçün, hətta adi insanlar üçün belə müəyyən problemlər yaradır, “qara bazar”ın çiçəklənməsi üçün zəmin formalaşdırır. Hökumət “qara bazar”ı inzibati yollarla tənzimləməyə çalışsa da aydındır ki, buna tam nail olmaq qeyri-mümkün işdir. “Qara bazar” ona görə yarandı ki, ölkədə valyuta mübadiləsilə bağlı məhdudiyyətlər meydana çıxdı. Bazarın isə bir əsas qanunu vardır: tələb varsa, təklif də olacaq...

Düzdür, hökumət elə bu günlərdə valyuta mübadiləsilə bağlı siyasəti bir azacıq yumşaltmağa qərar verdi.

Banklar üçün nəzərdə tutulan “dörd fazizlik” məhdudiyyət aradan qaldırıldı. Bu isə öz növbəsində bir müddət idi ki, valyuta mübadiləsini dayandıran banklara yenidən valyuta satmaq və almaq imkanı yaratdı.

BƏLKƏ SOSİAL ETİRAZLARDAN EHTİYAT EDİRLƏR?

Güman edirəm ki, hökumət daha ciddi addımlar haqqında düşünür. Ola bilsin, onu mümkün sosial etirazlar çəkindirir. Ötən ilin sonlarında Tarif Şurasının son qərarına bəzi düzəlişlər edildi – qaz və elektrik üçün nəzərdə tutulan limitlər azacıq da olsa, artırıldı. Amma sözsüz ki, bütün bunlar ictimai ovqatı tamam sakitləşdirmək iqtidarında deyil. Təsadüfi deyil ki, artıq bəzi rayonlarda müəyyən sosial etirazlar nəzərə çarpır. Manatın məzənnəsinin tamam sərbəstləşəcəyi və qiymətlərin, necə deyərlər, kəllə-çarxa vuracağı halda bu etirazlar bir az da güclənə bilər, - xüsusən də nəzərə alanda ki, ölkədəki siyasi sabitlik daha çox güc amili əsasında və yaxud da ki, müəyyən siyasi məhdudiyyətlər sayəsində bərqərar olub...

DÜZGÜN “DİAQNOZ” OLMAYANDA

Amma başqa yol da yoxdur. Hökumətlə yalnız bir məsələdə razıyam ki, vəziyyətdən yalnız sərt və qəfil qərarlarla çıxmaq mümkün olacaq. Di gəl, təkcə sərtliklə də iş bitmir – kompleks itisadi və siyasi islahatlara ehtiyac duyulur. Hələ Adam Smit yazırdı ki, siz bazar formalaşdırın və bazarın “gizli əli” özü hər şeyi nizamlayacaq. Amma bir çox hallarda, xüsusən də məmur kapitalizminin hökm sürdüyü ölkələrdə ən çətin məsələ də elə bazarı formalaşdırmaq olur – məmurların iqtisadi maraqları buna imkan vermir.

...ölkədə çox ciddi struktur-institusional islahatlara ehtiyac var, bütövlükdə ölkədəki iqtisadi ideologiyanın yenilənməsinə zərurət var.

Ona görə də bir qədər pessimistəm. Hətta düşünürəm ki, sərt maliyyə qərarlarının qəbul edilməsi yolunda ən böyük problem heç də cəmiyyət tərəfindən bütün bunların etirazlarla qarşılanması deyil, problem daha çox məmurların özlərilə bağlıdır.

Bir daha deyirəm ki, ölkədə çox ciddi struktur-institusional islahatlara ehtiyac var, bütövlükdə ölkədəki iqtisadi ideologiyanın yenilənməsinə zərurət var. Bütün bunlarsa iqtisadi nəzəriyyələrdə islahatlar qarşısında ən böyük maneə kimi dəyərləndirilən “məmur limiti” deyilən fenomenə dirənir.

Bu haqda əvvəlki yazılarda ətraflı yazdığımdan bir daha ona toxunmuram. Amma xəstəlikdən danışırsansa, mütləq onun düzgün diaqnozunu qoymalısan...

QARA NEFT YENİDƏN “QARA QIZIL”A ÇEVRİLSƏ BELƏ...

Bəs perspektivdə nə gözlənir? Güman ki, kiçik addımlarla olsa da, manatın öz real kursuna doğru hərəkəti davam edəcək.

Böyük ehtimalla bu il neftin qiymətinin artımı davam edəcək, gəl, böyük “dollar yağışı” yenə də ehtimallı görünmür.

Stabilləşdirici amil kimi neftin qiymətinin artmasını fərz etmək olardı. Daha çox geosiyasi problem olan bu məsələ elə dünyadakı geosiyasi və geoiqtisadi düyünlərin açılması ilə çözülə bilər. İndiki artım bir o qədər də böyük dividend vəd etmir, çünki hasilatın azaldılması hesabına baş verir. Böyük ehtimalla bu il neftin qiymətinin artımı davam edəcək, gəl, böyük “dollar yağışı” yenə də ehtimallı görünmür.

Qeyri-neft sektoru isə bir günün, bir ilin, hətta beş ilin işi deyil. Bu yaxınlarda ölkədə iqtisadiyatın əsas inkişaf istiqamətərinin “yol xəritəsi” təsdiq edildi. Amma yenə də bütün məsələ monopoliyaya, qeyri-sağlam iqtisadi rəqabətə dirənir. Bu məsələ həll olunacaqsa, o halda, ən müxtəlif və irəlicədən proqnozlaşdırıla bilməyən sahələrdə belə sıçrayış müşahidə etmək mümkün olacaq. Olmayacağı təqdirdəsə hər şey nəinki olduğu kimi qalmayacaq, hətta böyük geriləmələr olacaq...

HÖKUMƏTİN MÜMKÜN “STRUKTUR İSLAHATLARI”...

Hökumətin bu il üçün işinin daha bir istiqaməti də stuktur islahatları ilə bağlı olacaq – ali icra hakimiyyəti Konstitusiyanın tələblərinə uyğunlaşdırılmalıdır. Söhbət vitse-prezidentlər institutunun yaranmasından gedir. Necə deyərlər, cin artıq şüşədən çıxıb və onu geri qovmaq mümkün deyil.

...düşünmürəm ki, vitse-prezidentlik institutu təsis edilərkən əsas məqsəd hökumətin işini gücləndirmək və onu daha çevik instituta çevirmək idi. Amma hansı məqsəddən törəməsindən asılı olmayaraq bu məsələ artıq “konstitusion məzmun” alıb və özünün real ifadəsini tapmalıdır.

İndi məsələnin Aprelə qədər həll ediləcəyi bildirilir. Ola bilsin ki, bu məsələdə də müəyyən qədər yubanmalar olsun, ən azı ona görə ki, bu ölkə Konstitusiyaya və qanunlara da xüsusi sayğısı ilə heç vaxt diqqət çəkməyib.

Üstəlik, düşünmürəm ki, vitse-prezidentlik institutu təsis edilərkən əsas məqsəd hökumətin işini gücləndirmək və onu daha çevik instituta çevirmək idi. Amma hansı məqsəddən törəməsindən asılı olmayaraq bu məsələ artıq “konstitusion məzmun” alıb və özünün real ifadəsini tapmalıdır.

Maraqlısı budur ki, hələ bir nəfər belə olsun müstəqil iqtisadçı vitse - prezidentlik institutunun yaradılması ilə ölkədə yaşanan böhrana qarşı daha çevik mübarizə aparılacağını dilə gətirməyib.

Amma hökumətin mümkün “institusional islahatlar”ı sırasında ən real olanı budur və bundan artığını gözləmək əbəsdir...

Qərəz, ciddi iqtisadi qərarlar üçün həlledici olmağı vəd edən il başlayıb. Hətta islam oyunları belə diqqəti ən əsas bir problemdən – böhrandan ayırmayacaq və hətta düşünürəm ku, islam oyunları ölkə üçün, xüsusən də iş adamları üçün izafi problemlər yaradacaq, çünki bu ölkədə böyük tədbirlərin necə keçirilməsi hamıya yaxşı bəllidir.

Hələ onu demirəm ki, bu günə qədər keçirilən böyük idman tədbirləri neftdən gələn böyük dollar axınına hesablanmışdı. Bu mənada islam oyunları da istisna deyil. Amma geriyə yol da yoxdur. Təskinlik verən budur ki, artıq ölkədə müəyyən idman infrastrukturu var. Bu isə zəruri xərclərin əvvəlki vaxtlardan az olacağına ümid etməyə əsas verir...

Amma bir daha deyirəm, əsas problem – böhran, öz böhranlığında qalır. Onun yükünü isə adi insanlar və bir də ki, iş adamları çəkirlər. Onlar buna nə qədər davam gətirəcəklər? Nə qədər dözə biləcəklər? Bütün bu sualların və eləcə də onlara yaxın sualların cavabını yalnız təxmin etmək qalır, çünki bu ölkədə sullara da cavab almaq olmur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG